qohum evliliyi

Qohum evliliyi: göz yaşı ilə ötən ömür…

Baxış sayı: 499

Ta keçmişdən bu günə kimi həmişə belə olub. Qohum evliliyi öz acı nəticələri ilə ailələrin göz yaşına, kədərinə çevrilib. Gözləri qarşısında qüsurlu, xəstə uşaqların min bir əziyyətlə qarşılaşdığını görməklə ötüb həyatları. Lakin çox təəssüf ki, bütün bunlardan əsla nəticə çıxarılmayıb, uşaqların nə səbəbdən sağlam doğulmadığının fərqinə varan olmayıb. Elə buna görə də qohum evliliyi də, xəstə uşaqların dünyaya gəlməsi də zaman-zaman davam edib.

 

Bir uşağın monoloqu

Mən kimin günahkar olduğunu anlayanda artıq çox gec olacaq. Elə sizin üçün də gec olacaq. Çünki o zaman illərlə xəstəxanalara aparıb-gətirdiyiniz və səhhətində heç bir müsbət nəticəni görmədiyiniz övladınız olan mən yetkinlik yaşımda olacağam. İllərlə mənim sağalmağım yolunda çəkdiyiniz əziyyətin, xərcin hədər olduğunu anlayacaqsınız. Mən uşaqkən sağalacağıma hər gün ümid etdiyiniz halda, yeniyetmə yaşıma çatanda qüsurlu halımdan utanıb, xəcalət çəkəcəksiniz.

Onda mənim işləməyən ayaqlarım, zəif görən gözlərim, yaxud normal olmayan beynim, qanımdakı müxtəlif problemlər “dil” açıb sizə deyəcək: niyə evləndiniz? Sizi evlənməyə kim təhrik etdi? Dünyanın müasirliyindən, səhiyyənin inkişafından, mətbuatın bu qədər maarifləndirməsindən bixəbər olan ata-analarınızmı? Onlar “biz kənara qız verməmişik, bu adət-ənənələrimizi də davam etdirməliyik”,- dedilərmi? Əmi-bibi qızının əmi, bibi oğluyla, dayı-xala qızının dayı, xala oğluyla evlənməsi heç məntiqlə düzgün deyil axı? Onlar bir-birinə bacı-qardaş sayılmırmı? Yaxşı, bunları bilməyənlər sizi evləndirərkən siz necə, heç bu izdivaca qarşı çıxdınızmı? Axı ana, ata, siz ikiniz də ali təhsillisiniz. Dünyagörüşü, ali təhsili olmayanlar bu izdivac üçün bir günah daşıyırlarsa, siz iki günah daşıyırsınız. Axı siz qan qohumluğunun mənfi nəticələri barədə bilməmiş olmazdınız. Nə üçün onlara qarşı çıxmadınız? Buna gücünüzmü çatmadı? Nənə-babanıza, valideynlərinizə qarşı çıxa bilmədinizmi? Düzdür, böyüklərə hörmət hər kəsin borcudur. Amma o böyüklər ki, sənə düzgün yol göstərmir, onların sözündən çıxmağınızı Allah sizə günah saymazdı. Elə “Qurani-Kərim” də qan qohumluğuna qarşı çıxıb.

Məni özünüzə yaraşdırmırsınız…

İndi heç mənim halımdan utanırsınızmı? Məni evdə qoyub qohumlarınızın, qonşularınızın toy ziyafətinə, ad gününə gedərkən nələr çəkdiyimi hiss edirsinizmi? Məni özünüzə yaraşdırmırsınız, hə? Axı məni dünyaya siz gətirmisiniz. Özü də bilərək ki, mən belə doğulacağam: qüsurlu. Sizi evlənməyə təhrik edən babam-nənəm haradadır? Onlar sizin üzünüzə baxa bilirlərmi? Mənim bu halımı hər dəfə görərkən hansı hissləri keçirirlər? Nə üçün məni gəzintiyə çıxaranda elə utanırlar. Nə üçün mənim gələcəyimdən söz düşəndə gizli-gizli ağlayırlar? Bunu əvvəldən düşünmək olmazdımı?

Nə üçün mən düzgün olmayan addımlarımla yaşıdlarım arasında xəcalət çəkməliydim? Nə üçün mənim qüsurlu gözlərim kiminsə mənə acımasına səbəb olmalıydı? Qanımdakı problemlərin ömrümə hansısa bir andaca son qoyacağını bilirsinizmi? Ölməsəm, qalsam, kimə lazımam? Məgər mən başqaları kimi məktəbdə müəllim dediklərini normal şəkildə anlayırammı? Məgər mənim əlaçı olmaq üçün yetərincə sağlam orqanizmim varmı?

Axı mən həkim olmaq istərdim. Sizin kimilərlə mübarizə aparıb gələcək nəslin sağlamlığının qeydinə qalmaq üçün. Mən müəllim olmaq istərdim. Gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün. Mən də sevib, sevilmək istərdim, ailə qurub, sağlam övladlar sahibi olmaq üçün. Amma bunların hamısı bir arada mümkünmü? Mən həkim, müəllim ola bilsəm belə, sağlam ola bilməyəcəyəm. Ailə qura bilsəm belə, ya övladım olmayacaq, ya da özüm kimi qüsurlu olacaq.

Siz heç övladınızın müvəffəqiyyəti barədə düşünmüsünüzmü? Onu məktəbə-birinci sinfə göndərərkən fərəh hissi keçirmisinizmi? Arxadan baxıb, boyuna qurban, demisinizmi? Yoxsa illərlə başınız xəstə övladınızın müalicəsinə qarışıb? Onun ali məktəbə daxil olmasını necə, təsəvvürünüzdə canlandırıb, bu sevinci xəyallarda da olsa, yaşamısınızmı? Övlad toyu-qız köçürmə, oğul evləndirmə, gəlin gətirmə barədə neçə, xəyal qurmusunuzmu? Bəs qucağınıza nəvə almaq barədə necə, heç fikirləşmisinizmi? Siz də mənim kimi başqalarından, görün, neçə seçilirsiniz. Bunların hər biri haqqında fikirləşdiyinizi bilirəm. Bütün bunlar sizin ən ümdə arzularınızdır. Lakin artıq gecdir. Baxın, siz səhv addımınızla nə qədər günahlara səbəbsiniz? Həm özünüzə, həm də mənə günah etmisiniz.

Kimdir günahkar?

Qan qohumlarının izdivacına razılıq verib, gəncləri buna təhrik edib, sonradan əzab, xəcalət çəkənlərdir günahkar. Gəlin onları ittiham edək. İttiham edək ki, başqalarına da dərs olsun. Qan qohumluğuna razılıq verənlər mənim kimiləri görüb utansınlar. Mənim kimilərin arzularını ürəklərində qoyduqları üçün xəcalət çəksinlər. Övladlarının qüsurlu övladlarını görəndə günahkar olduqlarını dərk etsinlər. Gözlərini açıb müasir dünyaya yaxşı-yaxşı baxıb, radio-televiziyanın, qəzet və jurnalların qan qohumluğu ilə bağlı “bar-bar bağıran” verilişlərini dinləsinlər, yazılarını oxusunlar. Qan qohumluğuna, yox, desinlər. Bunun gələcək nəsillərin inkişafına, sağlamlığına mənfi təsiri olduğunu dərk etsinlər.

 

Deyəsən, “yox” deyirik…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin insanların qohum evliliyinə münasibətini öyrənmək, belə nikahların təsirlərinin qiymətləndirməsi, fəsadların müəyyən edilməsi və onların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi məqsədilə 2021-ci ildə keçirdiyi sorğu nəticəsində məlum olub ki, Azərbaycanda qohum evliliyinin 36,4%-i nəsildən-nəslə keçən gərəksiz adətlər, stereotiplərlə bağlıdır.

Bakı, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Daşkəsən, Gəncə, İmişli, İsmayıllı, Lənkəran, Mingəçevir, Qazax, Qobustan, Salyan, Şamaxı, Şirvan, Tovuz, Xızı, Yevlax, Qəbələ və Ağdamda aparılan sorğuya 1354 respondent qatılıb. Onlardan 67,4%-i qadınlar, 32,6 %-i isə kişilər olub. Sorğu nəticəsində məlum olub ki, qohum evlilikləri arasında dayıoğlu-bibiqızı, bibioğlu-dayıqızı nikahlarının xüsusi çəkisi 37.4%, əmioğlu və əmiqızı evliliyi 22.1%, xalaoğlu və xalaqızı nikahı 23,2%, eləcə də qohum şəxslərin – əmi, bibi, dayı, xala nəvələri arasında olan nikahlar 17,3%-dir. Respondentlərin fikrincə, qohum evliliyinin bir sıra səbəbləri var. Onların 16,4%-i yaşlı nəslin təkidi, gənclərə seçim haqqının verilməməsi, 36,4%-i nəsildən-nəslə keçən gərəksiz adətlər, stereotiplər, 14,3%-i erkən nikah, 16,6%-i gənclərin təcrübəsizliyi, yetəri qədər əhatə dairəsinə sahib olmaması, sosiallaşma problemləri, 8,1%-i ailə quran insanların təhsilsizliyi, cahilliyi, 6,2%-i kifayət qədər məlumatın olmamasını göstəriblər.

Bu günlərdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən qanun layihəsi təqdim olunub. Ailə Məcəlləsində dəyişikliyin edilməsi ilə bağlı qanun layihəsində aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər yer alıb. Belə ki, Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı, qardaşların və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.

Beləliklə, deyəsən, axır ki, qohum evliliyinə “yox” deyirik. Bu, gələcəyimizin qədrini bilən hər kəs tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Ümidvarıq ki, təklif olunan məsələ yaxın gələcəkdə qəbul edilər və bununla da bir yerdə oynayıb böyüyən xala, bibi, dayı, əmi uşaqlarının evliliyinə də, belə izdivaclardan xəstə uşaqların doğulmasına da son qoyular. Bir də göz yaşı ilə ötən ömürlərə…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir