Nitşe deyir ki, insanlar bir-birini parçalamamaq üçün əxlaq anlayışını yaradıb, amma əslində, ən vəhşi canlı elə insandır. Doğrudur, biz danışırıq, düşünürük, heyvanlarla bizi fərqləndirən də məhz bu iki təməl özəlliyimizdir. Əslində, heyvanlar da düşünür, bəs onları insanlardan fərqləndirən nədir? Niyə onların haqqında danışanda vəhşi olduqlarını gözə soxuruq, insanların haqqında danışanda isə ən yaxşı cəhətlərini vurğulayırıq, öz etdiklərimizin qarşısından pərdə asırıq.
İnsan yeganə məxluqdur ki, öz növünə – başqa insanlara zərər yetirir. Bununla da kifayətlənmir, digər canlılara, dünyaya və kainata zərər verir. Biz ekoloji sistemə xeyirdən çox ziyan vururuq, başqalarının haqını, hüququnu pozur öz mənfəətimizi düşünürük. Bütün kainatın bizim üçün yaradıldığına əminik, özümüzü bütün canlılardan üstün sayırıq, dünyanın ağası kimi davranırıq. Biz insanlar, öz maraqlarımız naminə bütün canlıları görməzdən gələ bilirik. Doğrudur, biz yer üzündəki bütün canlılar arasında ən sistemli həyat forması yaşayırıq, amma bu o demək deyil ki digər canlılar ağılsızdır və yaşamaq haqları yoxdur. Biz zəkalıyıq, doğrudur, amma eyni zamanda yaşamaq üçün öldürən və daha çox öldürmək üçün yeni yollar axtaran vəhşi varlıqlara çevrilmişik.
Bir çoxumuzun içində sevgi olsa da, bəzilərimiz o sevgini boğub, qəzəbə, nifrətə çevirir. Kimimiz sevgi ilə hər şeyin öhdəsindən gələ biləcəyini düşünür, kimimiz bütün aqressiyamızı başqasına yönəldərək zorakılıq tətbiq edir. Biz məğlubiyyəti qəbul edən kimi görünürük, əslində içimizdə əks hücuma hazırlaşan canavar yatır.
Biz kürkü, dərisi, dişi, buynuzu üçün başqa canlıları qətl edə bilirik, marka bir ayaqqabı, yumşaq tükləri olan bir palto, bərq vuran bir çanta üçün günahsız canlıları qanına qəltan edirik. Bəlkə də kürkdən istifadə edən insanların çoxu xəz heyvanların məruz qaldığı şiddəti, ağlasığmaz işgəncələri və həyat şəraitini əvvəllər bilməyə bilərdi, lakin informasiya əsrində bunu bilməmək mümkün deyil. Amma fikirləşirəm, heyvanların kürkünü əlindən almaq üçün onlara yaşadılan qəddarlığı bilsə, kürkdən uzaq durmaq bir yana, bu biznesə nifrət edən nə qədər həqiqi insan var dünyada?
Buğa döyüşünü düşünün. Nə qədər qəddar görününr o meydanda buğalar, elə deyil? Amma onu o həddə gətirən insandır. Döyüşdən əvvəl öküzün qulaqlarına yaş qəzetlər doldurulur, görmə keyfiyyətini bulanıqlaşdırmaq üçün gözlərinə vazelin sürtülür, nəfəs almasını çətinləşdirmək üçün burun dəliyinə pambıq basılır və cinsiyyət orqanına iynə yerləşdirilir. Təsəvvür edirsiniz? Bədən tarazlığını itirməsi üçün ayaqlarına yandırıcı maddə sürtürlər. Döyüş günü çaşqınlıq yaşasın deyə bir neçə gün əvvəldən dar, qaranlıq yerdə saxlayırlar.
Döyüş günü o buğalar meydanda niyə elə sürətlə qaçır, bilirsiniz? Çünki həmin an dar və qaranlıq yerdən çıxarılıb, gözünə sürtülən vazelinə görə işığı bulanıq gördüyü üçün aydınlığa çatmaq üçün durmadan qaçır, bu yolda maneə olsa işığa çata bilmək üçün o maneəni əzməyə hazırdır. Ayaqlarındakı yanma hissi, cinsi orqanındakı iynə ona dəhşətli ağrı verir. Üstəlik, meydanda onu əsəbləşdirmək üçün insanlar əllərindən gələni edir, ona ağacla, dəyənəklə, qamçı ilə, qılınc ilə xətər yetirirlər. Hər zərbədə o daha da acıqlanır, daha çox hücum edir. Yaralanır, qanı azaldıqca qüvvəsi tükənir, ya elə meydanda ölür, ya da sonra öldürülür. Bütün bunlardan sonra o insanlar əyləncəli gün keçirmişcəsinə evlərinə dağılırlar. İndi kimdir vəhşi?
Ətrafımızdakı yaşıllığı qətl edib beton konstruksiyalar quraşdıranlar, insanlığı o daş divaralara həbs edənlər, heyvanlara işgəncə verənlər, gücünü zəifə göstərənlər, körpələrə təcavüz edənlər – hamısı insandır, hamısı bizdəndir. Heç bir vəhşi heyvan insan qədər qəddar deyil, elə deyilmi? Hər şeyə ayaq uyduran, hər yenilikdən nəsib alan insanlar niyə insanlığı dəb etmir, yaymır, təbliğ etmir? Axın dünyanın ehtiyacı olan ən böyük dəyişiklik, ən lazımlı yenilik insanlığın dəbə minməsidir.
Bəşəriyyətin, insanların və heyvanların rəhmə, insafa, mərhəmətə ehtiyacı var. Bəşəri mərhəmət, qlobal əxlaq bərpa edilmədikcə dünya çox müharibə görəcək, hələ çox qanlar töküləcək. İnsanlar arasında gedən müharibələrin kökündə dilsiz-ağızsız heyvanlara edilən işgənclər dayanır çünki. Dünyanın səması o heyvanların ah-naləsi ilə əks-səda verir.
Lalə Mehralı