menzil

Evlər ucuzlaşmağa başlayıb?

Baxış sayı: 438

Bir neçə ildir ki, daşınmaz əmlak bazarında davam edən bahalaşma durğunluğa gətirib çıxarıb.

Bu barədə daşınmaz əmlakın alqı-satqısında vasitəçilik edən şəxslər bildiriblər. Onların sözlərinə görə, əmlak almaq istəyənlər olsa da, qiymətlərin yüksəkliyi alqı-satqıların sayının azalmasına səbəb olub.

Söhbət ondan gedir ki, 2020-ci ildən bina tikintisi fəaliyyətinin əlavə dəyər vergisinə cəlb edilməsi, tikinti materialları bazarındakı bahalaşma ötən dövrdə yeni tikililərin qiymətinin əhəmiyyətli dərəcədə artması ilə nəticələnib. Bahalaşmadan sui-istifadə edən köhnə mənzil sahibləri satışa çıxardıqları əmlakların qiymətlərini yüksəldiblər. Müşahidələr onu göstərir ki, hətta müəyyən hallarda köhnə binalardan satışa çıxarılan mənzillərin qiyməti yeniləri ilə müqayisədə yüksəkdir. Məsələn, Nizami rayonunda satışa çıxarılmış yeni tikili mənzilin bir kvadratmetrinin qiyməti 1 880 manat, eyni ərazidəki köhnə tikilidəki mənzildə isə 2 330 manatdır.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev isə deyir ki, bazarda durğunluq 2023-cü ilin oktyabr ayından başlayıb: “2024-cü ilin fevral-mart aylarında ipoteka kreditlərinin verilməsi səbəbindən bazarda canlanma baş versə də, hazırda Bakı, Sumqayıt və digər iri şəhərlərdə yenidən müştəri qıtlığı hiss edilir”.

Ekspert bildirir ki, qarşıdakı aylarda müştəri qıtlığı səbəbindən süni formada artırılmış qiymətlərin enməsi qaçılmaz ola bilər.

Vasitəçilər isə deyirlər ki, uzun müddət alıcı tapa bilməyən ev sahibləri qiymətləri endirməli olurlar. Müsahibimiz olan rieltorların sözlərinə görə, hazırda müştəri olmadığından qiyməti 10 min manat endirən mülk sahibləri var. Belə endirimlər daha çox köhnə tikililərdəki mənzillər üzrə olur.

Rəsmi statistika isə bunun əksini göstərir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mənzil bazarında bahalaşma davam edir. 2024-cü ilin birinci rübündə ölkədə mənzillərin qiyməti 2023-cü ilin sonuncu rübü ilə müqayisədə 2,2 faiz artıb. Yeni evlərin qiymətləri daha çox qalxıb – 3,1 faiz. Köhnə mənzillərdə isə 2,2 faiz bahalaşma qeydə alınıb.

İllik müqayisədə isə cari ilin birinci rübündə evlər 8,1 faiz bahalaşıb. Yeni mənzillərin qiyməti 2024-cü ilin birinci rübündə bir il əvvəllə müqayisədə 7,5 faiz, köhnələrdə isə 8,1 faiz artıb.  

Ümumi vəziyyət də onu deməyə əsas verir ki, yeni tikilən binalarda qiymət artımı davam edəcək. Belə ki, əvvəldə qeyd etdiyimiz amillərlə yanaşı, tikintiyə yararlı olan torpaq sahələrinin getdikcə azalması qiyməti artıran əsas faktor olaraq qalacaq. Həmçinin köhnə binaların yerində yenilərinin inşası da qiymətləri artırmış olur.

Bundan başqa, növbəti il istifadəyə verilməsi nəzərdə tutulan “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin mənzil bazarına gətirəcəyi yeniliklərlə bərabər, qiymətlərə təsir edəcəyi də gözlənilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir