Vaxtilə hələ tək-tək Pos-terminallar qoyulanda və maarifləndirmə işləri aparılanda ki, ay insanlar, nağdsiz ödənişə keçin, bu sizin, həm də dövlətin xeyrinədir, vergidən yayınma hallarının qarşısını alır, sözün həqiqi mənasında, “Pos-terminal nədir axı?”,- deyirdik. Lakin zamanla bu formada ödənişin həqiqətən də çox sərfəli olduğunu, satıcı ilə alıcı arasında aldatma hallarına son qoyulduğunu görüncə, hər kəs Pos-terminalları təqdir etdi və ödəniş üçün onu seçdi.
Lakin hazırda bəzi mağaza, klinika, şirniyyat evləri və sair obyektlərdə özü olub, funksiyası olmayan Pos-terminallarla da qarşılaşmaq olur. Düşünürsən ki, bunlara nəzarət yoxdur, yoxsa?..
Gedirsən mağazaya, ödəniş zamanı Pos-terminalla ödəniş edəcəiyini deyirsən, həm də onun masanın üzərində dayandığını görürsən, lakin satıcı onda problem olduğunu deyir. Dəfələrdə yolun həmin mağazaya düşür, hər dəfə də eyni cavabı alırsan və məsələ sənin üçün tamamilə aydın olur.
Mağazalar var ki, ödəniş zamanı Pos-terminalı soruşanda, xanım, siz bilmirsiniz, biz Pos-terminaldan istifadə etmirik, deyirlər. Sən də, axı xatırlayıram, edirdiniz, hətta mən ödənişi onun vasitəsilə etmişəm də deyəndə, cavab belə olur: yox, siz xatırlamırsınız, bizdə əvvəldən Pos-terminal olmayıb. Bu zaman isə sən yaddaşınla satıcının cavabı qarşısında tərəddüd içərisində qalırsan.
Elə şirniyyat evləri var ki, bəli, orada da əvvəlcə Pos-terminal vasitəsilə ödəniş edirdik. Lakin günlərin bir günü yığışdırıldı. Nə üçün?..
Eləcə də bəzi klinikalar və sair obyektlər… Bütün bunları görəndə isə adamın ağlına min bir fikir gəlir. Öz-özünə sual verirsən ki, nə üçün bu satıcı və kassirlər aldatmaqla məşğuldurlar? Məqsədləri nədir, kimlər onların arxasında dayanır. Axı nəzarət olsan yerdə belə halların baş verməsi imkansızdır.
Bir də indi hər kəs pulunu kartda saxlayır. Bəzən elə olur ki, pul qabında bir manat olmur. Belə olan təqdirdə isə vacib olanı ala bilmirsən. Nədir, nədir ki, bu bəylər və xanımlar Pos-terminalı gizlədir, dövləti və onun vətəndaşını aldadır.
Lakin Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarına uyğun olaraq POS terminallar quraşdırılacaq obyektlər aşağıdakı kimi müəyyənləşdirilmişdir: dövriyyəsindən və ərazisindən asılı olmayaraq Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən), avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən) və ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri, vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.
Göründüyü kimi, yuxarıda qeyd olunan meyarlar üzrə fəaliyyət göstərən vergi ödəyicilərinin təsərrüfat subyektlərində (obyektlərində) Pos-terminalların quraşdırılması bir mənalı olaraq məcburi xarakter daşıyır. Bununla belə, qeyd olunan meyarlara cavab verməyən müəssisələrin POS-terminalların quraşdırılmasına qanunvericiliklə məhdudiyyət qoyulmamışdır.
Qoy bilməyənlər də bilsin, bilsin ki, istənilən obyektdə qanun çərçivəsində Pos-terminal tələb etmək haqqımızdır. Bundan boyun qaçıran satıcılara isə çatdırmaq lazımdır ki, haqqında şikayət olunacaq. Bəlkə bundan çəkinə və özü olub, funksiyası olmayan Pos-terminalları işə salarlar.
Vergidən qaçmaq, eyni zamanda vətəndaşı aldatmaq məsuliyyət tələb edir. Bir malın dəyərini üç dəfə artırıb insanlara satanlar bilməlidir ki, heç olmasa, dövlətin müəyyən etdiyi vergidən yayınmağa və insanları hüquqları olan Pos-terminaldan məhrum etməyə ixtiyarları yoxdur.
Ümidvaram ki, məsələ tezliklə həllini tapar!
Mətanət Məmmədova