benzin vur

“Texniki tələblərinə uyğun yanacaq istifadə edilmədikdə, avtomobilə zərər verir”

Baxış sayı: 426

İyulun 15-dən Azərbaycanda Aİ-95 oktan yanacağının qiyməti 2 manatdan 1.60 qəpiyə endirildi. İyul ayının birindən bildiyiniz kimi dizel və Aİ-92 oktan yanacağın qiyməti bahalaşıb. Bəzən sürücülər avtomobillərinə mühərrikləri Aİ-95 istifadə etməli olduğu halda, Aİ-92 oktanlı benzin vururlar. Bu seçim avtomobil üçün zərərlidirmi? Qiymət ucuzlaşdı, qiymət bahalaşdı. Keyfiyyətlə oynanılacaqmı?

Nəqliyyat məsələləri üzrə ekspert Elmədin Muradlı bildirir ki, Aİ-95 oktanlı yanacağın qiyməti 1.60 qəpiyə düşüb, Aİ-92 oktanlı benzin isə 1.10 qəpiyə satılır.

Elmeddin Muradli

Əvvəllər bu iki marka arasında qiymət fərqi 1 manat idi. Bu gündən bu fərq 50 qəpik olacaq. Mən əminəm ki, bir çoxları imkan daxilində premiuma daha çox üstünlük verəcəklər. Bəzi sürücülər deyir ki, yanacaq sərfiyyatı artıb. Bu da özlüyündə baş verə bilər. Bəziləri bunu kondisionerin işləməsi və s. məsələlərlə izah edir. Bəzi mütəxəssislər də belə düşünür ki, yanacağın keyfiyyəti yaxşılaşdıqca mühərrikdə onun yanması daha tezləşir və s. Əksini deyənlər də var, hər cür fikir irəli sürənlər var”-deyə ekspert bildirib.

Elməddin Muradlı hesab edir ki, premium yanacaqda ətraf mühitə atılan zəhərli maddələrin sayı aşağıdır.

“Keyfiyyətli benzin daha az ziyan vurur. Ancaq yenə də 1.60 qəpik heç də az rəqəm deyil. Ümumilikdə, nəzərə almaq lazımdır ki, bu növ benzindən istifadə etməli olanların sayı çoxdur. Sadəcə bəziləri qiymətə görə istifadə etmirdilər”-deyə Elməddin Muradlı bildirib.

Ekspert qeyd edir ki, son 10 ilin istehsalı olan avtomobillərin böyük əksəriyyətində texniki tələbləri ondan ibarətdir ki, premium Aİ-95 benzin istifadə edilməlidir. Adamlar maşını alırlar, qiymətə baxırlar yanacağın qiyməti bahadır və keçirlər Aİ-92 oktanlı yanacağa. Beləliklə, həm ətraf mühitə ziyan vururlar, həm də özlərinə.

“Özlərinə necə ziyan vururlar. Yəni uyğun gəlməyən mühərrikin tələb etmədiyi, işlədə bilmədiyi yanacaq növündən istifadə etdiyi zaman nə qədər ehtiyat hissələri, aqreqatlar sıradan çıxır. Beləliklə, sürücü Aİ-92 ilə Aİ-95 arasında qənaət edərək qabağa düşdüyünü düşünür. Sonra illərlə, aylarla yığdığı pulları bir gün top şəkildə aparır hansısa servisə ödəyir ki, “mənim maşınımı düzəldin, mühərrik dağılıb, ötürücü qutuda nəsə problem var” və s. Belə problemlər ortaya çıxır. Bu səbəbdən də, avtomobilin təyinatına uyğun olaraq premium Aİ-95 yanacağından istifadə edənlərin sayı artacaq. Hər halda, biz bunu zamanla görəcəyik”-deyə ekspert əlavə edir.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir