internet

Yüksək sürətlər və yüksək qiymətlər

Baxış sayı: 435

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz internetin bahalaşmasını şərh edib. O.Gündüz açıqlamasında bildirib ki, provayderlər, o cümlədən dövlət provayderləri internet tariflərini 40% qaldırmaq istəyir.

“Görünən odur ki, dövlət və özəl provayderlər sanki bir yarışa girməklə, internetin sürətini və qiymətini gələn aydan birdən-birə 40% qaldırmaq istəyirlər. Hazırda minimal qiymət 18 manat müəyyən olunub və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilir. İndi təklif olunan minimal 100 Mb/s üçün 25 manat olacaq. Görünür, provayderlər, o cümlədən dövlət provayderləri də bir anda varlanmaq xətti götürüblər. Baxıblar hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki onlar niyə etməməlidirlər. Bütün bunlar doğru yanaşma deyil, yəni “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil. Xüsusən də regionlar üçün” – Osman Gündüz bildirib.

O, deyib ki, hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansısa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir:

“Azərbaycanda rəsmi rəqəmlərə görə əhalinin yarısı kənd əhalisidir. Bu, birmənalıdır. Belə olan halda hamı üçün minimal sürəti 100Mbit/s etmək görəsən kimin ağlına gəlib. Hansı təfəkkürün məhsuludur bu? İndi mən sual edirəm hökumətə, kənddə yaşayan, sahibkarlıqla məşğul olmayan, VÖEN-ni olmayan, min cür əziyyətlə çörəkpulu – gündəlik ruzisini qazanan, yalnız övladı ilə internet üzərindən əlaqə saxlayan, yalnız hansısa bir onlayn xidmətlərdən yararlanan, hansısa bir təhsil və ya digər dövlət xidməti alan vətəndaşımızın 100 Mbit/s sürətə ehtiyacı varmı? Vətəndaşlarımız bu sürəti hara sərf edəcək?! Nə üçün biz zorla ona zəruri olmayan bu sürəti verib min əziyyətlə qazandığına şərik olmalıyıq? Qiymət siyasəti elə qurulmalıdır ki, hamının ehtiyacına uyğun əlçatan olsun”.

Gündüz qeyd edib ki, dövlət provayderlərinin bu tip addımları ümumiyyətlə ağlasığmazdır:

“Provayder ona görə hələlik dövlət provayderidir ki, məhz vətəndaşın tələbatına və gələcək inkişafına zəruri olan internetə əlçatanlığı olsun. Bir yandan rəqəmsal transformasiya deyirik, rəqəmsal xidmətlər yaradırıq, rəqəmsal savadlılığı artırırıq, digər tərəfdən də bunun üçün əsas ola biləcək vasitənin əlçatanlığını məhdudlaşdırırıq”.

O.Gündüz qeyd edib ki, son 3 ildə RİNN bütün ölkə boyu ildırım sürətli internetləşmə siyasəti apara bilib. Ölkədə nəhəng bir internet şəbəkəsi, həm də dövlətə məxsus olan bir şəbəkə formalaşıb.

“Bütün ölkə boyu keyfiyyətli internetə əlçatanlıq 92% -ə çatıb. Bu, çox böyük uğurdur. Amma buna kölgə sala biləcək addımlara yol vermək doğru olmazdı. İndi dövlətə məxsus olan internet şəbəkəsinin sahibi elə siyasət qurmalıdır ki, istifadə və qiymətlər hamı üçün əlçatan olsun. Ümid edirəm, RİNN, İKTA baş verənlərin fərqindədir” – Osman Gündüz bildirib.

O, məsələnin antiinhisar siyasəti baxımından da yolverilməz olduğunu söyləyib.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir