DOSTLUQ

İtirdiyimiz xüsusiyyətlər: dostluq – XIII YAZI

Baxış sayı: 369

“Dost dar gündə tanınar” deyib atalar. “Dost dosta tən gərək, tən olmasa gen gərək” də deyiblər. “Dost min isə azdır, düşmən bir isə çoxdur”,- deyə öyüd verib böyüklər. Yaxşı dostluqlar qurmağın, etibarlı yoldaşlıqlar inşa etməyin vacibliyi ilə dolub-daşır xalq yaradıcılığımız, əfsanələr, nağıllar, dastanlar. Dost yolunda ölümə gedənlərin, dostluq üçün alova girənlərin rəvayətlərini dinləyə-dinləyə böyümüşük hamımız. Dost bildiklərinin xəyanətini görənləri, dostlarının düşmənə satdığı qəhrəmanların məşəqqətlərini də eşitmişik o rəvayətlərdə. Biz dostluq haqqında çox şey öyrənmişik zamanında.

Dostluq, bir-birinə hörmət edən, güvənən, etibar edən insanların aralarında qurduğu münasibətin adıdır. Bu, iki və ya daha çox insanın arasındakı sosial və emosional bağdır desək, yanılmarıq. Bu günədək bir çox sosiologiya, sosial psixologiya, antropologiya və fəlsəfə kimi akademik məqalələrin, araşdırmaların mövzusu olmuş, dəfələrlə tədqiq edilmiş bu bağ ən təməl ehtiyaclarımızdan biridir.

Yaxşı dostluqlar təmənnasız qurulur, tərkibində də təmənnasız ötülülən duyğular olur – sevgi, məhəbbət, ədalət, inam, güvən, mərhəmət, sədaqət, vicdan kimi duyğular. Əsl dostluqlar asanlıqla pozulmur, dağılmır, yaxşı dostlar çətinlik gördükcə daha da bağlanır bir-birinə. Amma bəzən olur ki, ən çətin qazanılan, amma ən asan itirilən dostluqlar da görürük. Yeni dostluqlar qazanmağın yollarını öyrədən çox kitab var, müəllifləri insanları necə təsir altına salıb dost qurmağın sirlərini yazır. Amma zənnimcə dostluqlar planlı deyil, bədahətən qurularsa zamanın sınağından keçə bilər.

Bəzən dostun, dostluqdan daha çox məna kəsb edir sənin üçün – yaxşı dost atan olur, anan olur, bacın-qardaşın olur, yoldaşın, sirdaşın olur. Mütləqdir ki, hər birimizin həyatında belə bir dostumuz olub, var. Zamanın sınağından keçən dostluqlar da var, həyatımızın hansısa bir mərhələsində o sınaqdan “2” qiyməti alıb keçmişdə qalan da. Bütün hallarda, yaxşı dostluqlar insana lütfdür.

İnsanlar sosiallaşma ehtiyaclarını və real həyatdakı ünsiyyətlərini rəqəmsal platformalara köçürdükdən sonra dostluq əlaqələri də müstəvi dəyişdi. Real həyatdakı münasibətlərimiz bir-bir sosial platformalara keçdi. Başqa sözlə desək sosiallaşmaq da zamana ayaq uyduraraq rəqəmsallaşdı. İndi insanlar dünyanın istənilən yerində istənilən şəxslə dostluq qura bilir. Xüsusilə məhdud fiziki imkanlara malik insanların özlərinə daha çox dostluqlar qura bilməsi üçün sosial şəbəkələrin əhəmiyyəti böyükdür. Lakin dostların ən təməl ehtiyacı olan sosiallaşma da virtuallaşandan sonra dostluq anlayışı cildini, donunu dəyişdirdi. Xüsusilə uşaqların sağlam dostluqlar qurmamaqlarında internetin çox təsiri var.

Ümumiyyətlə, son bir neçə ildir ki, aparılan bir çox araşdırma göstərir ki, dövrümüzün uşaqları sağlam dostluq qurulması barədə çox az məlumatlıdır və buna çox az həvəs göstərirlər. Çünki dövrün uşaqlarına daha çox “mən”ini sevməyi, xudbin olmaq, paylaşmamaq təbliğ edilir. Əksəriyyəti ən sadə sosial ünsiyyət qaydalarını bilmir, yoldaşlıqlar və dostluqların qurulmasına cəhd etmir. Onların əksəriyyəti qrup halında oynanan oyunlardan uzaq qaçır, sosiallaşmaq üçün cəhd göstərmir, daha çox smartfonu ilə vaxt keçirməyi seçir.

Təəssüflə qeyd edim ki, xüsusilə məktəb yaşlı uşaqlarda bullinqə meyillilik, zorakılıq göstərmək, qısnamaq onlarda sevgi, şəfqət, paylaşmaq, hörmət, xeyirxahlıq, yardımsevərlik, empatiya kimi bir çox hissin olmamasından irəli gəlir. Əgər bu hisslər uşaq yaşda ikən formalaşmırsa o zaman onlar qarşıdakı həyatlarında da bu hisslərdən məhrum bir ömür keçirəcəklər. Yaxşı dostluqların təməlində bu duyğular yoğrulur, o təməldə təmənna, zorakılıq, təhrik, məcburiyyət varsa o dostluğun ömrü də çox olmur.

Yaxşı dost sərvətdir, xəzinədir, ləl-cəvahirdir, onları toplayın ətrafınıza. Yaxşı dostluq sevgidir, empatiyadır, təmənnasız dəstəkdir, ən ulu tolerantlıqdır, paylaşmaqdır, etibardır, etimaddır, inamdır, güvəndir. Yaxşı dost sənsən, özünə güvəndiyin qədər güvənirsən ona. Dostluq ən çətin anlarında dincələ biləcəyin ən təhlükəsiz limandır, yorulanda başını qoya biləcəyin ən güvənli çiyindir. Yaxşı dostluqlar zəhmətdir, mahir ustası olan yıxılmaz qaladır.

Zamanın qəzəbinə uğrayan, itirdiyimiz bir çox xüsusiyyət kimi dostluqlar da silinir yaddaşımızdan. Hər şeydən şübhə edən, zəndlə baxan insanlara çevrilirik yavaş-yavaş. Təmənnasız edilən yaxşılıqlarda gizli məqsədlər axtarırıq, təmənnasız etdiyimiz yaxşılığa inanmırlar. Dostluqlar kökündən quruyur, su verilmədiyi üçün.

Yaxşı insanlarla yola çıxın, yaxşı insanlarla dostluqlar qurun. Bu çirkin dünyanın yaxşı dostluqlara, təmənnasız sevgilərə, qarşlıq güdülməyən münasibətlərə ehtiyacı var. Eqoist olmayan, xudbin olmayan, tolerant insanlarla paylaşın həyatınızı, yaşadıqlarınızı, sevincinizi, kədərinizi. Sizi olduğunuz kimi qəbul edən, onu olduğu kimi qəbul edəcəyiniz dostlar. Üzr istəməkdən utanmayacağınız, üsr istəməkdən utanmayan adamlarla dost olun. Yanında olduğunuz kimi davrandığınız, yanınızda maskalanmayan dostluqlar inşa edin. Necə deyib Siseron? “Dost insanın ikinci özüdür”. Həyatınızda özünüzü tapa bilməyiniz diləyi ilə…

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir