“Slater and Gordon” hüquq firması “Facebook”, “Twitter” və digər sosial şəbəkələrin boşanma hallarının artmasına təsirini öyrənmək məqsədilə araşdırma aparıb.
Nəticə isə xeyli təəccüblüdür. Belə ki, firma müəyyən edib ki, dünyada hər 7-ci nikah sosial şəbəkələr ucbatından pozulur. Cütlüklər boşanma istəmələrinə səbəb kimi daha çox həyat yoldaşlarının sosial şəbəkələrdə paylaşdıqları fotoları, statusları və s.-ni göstəriblər.
“Sosial şəbəkələr nikahlar üçün yeni mina sahəsidir”
Adıçəkilən hüquq firması eyni zamanda müəyyən edib ki, dünyadakı hər 5-ci cütlük sosial şəbəkələrdə həyat yoldaşının ona xəyanət edib-etmədiyini araşdırır. Hər 4-cü cütlük isə həftədə azı bir dəfə öz tərəf-müqabili ilə internetdən istifadəyə görə mübahisə edir. “Slater and Gordon” şirkətinin rəsmisi Endryu Nyuberi boşanmalarda sosial şəbəkələrin rolunun ilbəil artdığını bildirib: “Hər il daha çox müştərimiz boşanmasında “Facebook”, “Skype”, “Snapchat”, “Twitter”, “What’sApp” və s. sosial şəbəkələrin rol oynadığını deyir. Sosial şəbəkələr nikahlar üçün yeni mina sahəsidir. Boşanma proseslərində vəkillər sosial şəbəkələrdəki xəyanətə əsas arqument kimi fotoları, video və yazışmaları göstərirlər”. Yuxarıda qeyd olunan məsələlərlə bağlı ölkəmizdə vəziyyətin nə yerdə olmasını öyrənməyə çalışdıq.
“Sosial şəbəkələr tərəflər arasında emosional bağı qırdı”
Mövzu ilə bağlı “Zaman-Azərbaycan”ın suallarını cavablandıran Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov bunları dedi: “Bu gün heç kimə sirr deyildir ki, Azərbaycanda ailələrin dağılması səbəblərindən biri də sosial şəbəkələrdir. Bu, artıq sosial-psixoloji problemə çevrilib. Boşanma ilə bağlı verilən ərizələrə baxsaq görərik ki, boşanmaya səbəb kimi tərəflər arasında fikir ayrılığı göstərilir. Fikir ayrılığına səbəb olan amillərdən ən başlıcası isə mobil telefon və sosial şəbəkələrdir”.
Müsahibimizin sözlərinə görə, boşanmaların səbəbləri çoxdur: “Misal üçün, tərəflərdən birinin pis vərdişlərə meyilli olması, qayınana-gəlin münasibətlərinin düzgün qurulmaması və s. əsas göstərilir. Amma bu ənənəvi problemlər ailə üçün əksər hallarda ciddi təhlükəyə çevrilmirdi. Son illər mobil telefonların sürətli inkişafı, sosial şəbəkələrin populyarlaşması boşanmaların sayının artmasına, tərəflər arasında münasibətlərin korlanmasına çox böyük mənfi təsir göstərir”.
E. Rüstəmov vurğuladı ki, sosial şəbəkələr tərəflər arasında emosional bağı qırdı: “Hansı ki, emosional bağ tərəflərin bir-birinə bağlanmasında çox böyük rol oynayır. Belə ki, dünənə qədər tərəflər boş vaxtları olan kimi bir-biriləri ilə söhbət edirdilər. İndi isə bu amil aradan qalxıb. Tərəflər bir yerdə olmalarına rəğmən, sosial şəbəkələrə qoşulmağı bir-biriləri ilə ünsiyyət qurmaqdan üstün tuturlar. Nəticədə də bir insanın varlığı ilə yoxluğu hiss olunmur. Hazırda bu işi sürətləndirən amillərdən biri də mobil telefonların danışıq vasitəsi olmaqdan daha çox, sosial şəbəkə cihazına çevrilməsidir. Misal üçün, əvvəllər kişi evə gec gələndə qadının gözü qapıda qalırdısa, indi onun gecikməsi əksər hallarda qadının ürəyincədir. O, telefonu ilə sosial şəbəkələrdə rəfiqələri, qohumları və s. ilə yazışır. Beləliklə də, həmin boşluq başqa formada dolmağa başlayır. “Tərəflər onsuz da yaşaya bilirəm” deyə fikirləşirlər. Nəticədə də problem yaşandığı təqdirdə, çox rahat şəkildə ayrılmağa qərar verirlər”.
“Boşananların 70%-inin ailəsi sosial şəbəkələr ucbatından dağılıb”
“Sosial şəbəkələr ən böyük zərbəni ailə dəyərlərinə vurdular”, – deyən E. Rüstəmov bunları söylədi: “İnsanlarımız ifrat dərəcədə sosial şəbəkələrə meyilləniblər. Mənə müraciət edənlərə əsasən statistik təhlil aparası olsaq, görərik ki, bu gün boşananların 70%-nin ailəsi sosial şəbəkələr ucbatından dağılıb. Bütün bu və ya digər səbəblərə görə boşanma az qala bir normaya çevrilib. Hesab edirəm ki, bir müddətdən sonra vətəndaşlarımızın sosial şəbəkələrə marağı azalacaqdır. Çünki hər bir insanın doyum nöqtəsi var. Müşahidələr göstərir ki, son vaxtlar ölkəmizdə “Facebook” istifadəçilərinin sayı azalıb”.
“İnsanlarımız sosial şəbəkələrdən təyinatına görə istifadə etmirlər”
Sosioloq Əhməd Qəşəmoğlu da bildirdi ki, sosial şəbəkələr ailələr üçün real təhlükəyə çevrilib: “Sosial şəbəkələr ilan zəhəri kimidir. Ondan doğru istifadə etdikdə, dərdlərə dərmandır, yanlış istifadə etdikdə isə öldürücü mayedir. İnsanlarımız sosial şəbəkələrdən təyinatına görə istifadə etmirlər. Sosial şəbəkələr insanlara əlahiddə imkanlar verirlər. Ondan imtina etmək doğru deyil. Sadəcə olaraq, sosial şəbəkələr, onların faydaları, təhlükələri barədə ciddi maariflənmə işlərinin aparılmasına, izahatların verilməsinə ehtiyac var”. Müsahibimiz sosial şəbəkələrin nikahların pozulmasına təsirləri barədə bunları dedi: “Sosial şəbəkələr xəyanət riskini çoxaldır. Bundan başqa, sosial şəbəkələrə ifrat həvəs, tərəflərin bir-birinə marağının, qayğısının azalmasına gətirib çıxarır. Biz müəyyənləşdirmişdik ki, gənc analardan bəzilərinin başı sosial şəbəkələrə o qədər qarışır ki, yemək hazırlamağa, övladlarının dərsləri ilə maraqlanmağa vaxtları qalmır. Bu da ailədaxili ziddiyyətlərin başlanmasına təkan verir”.
Çox təhlükəli tendensiya…
“Sosial şəbəkələrdən istifadə edən adam gərək təcrübəli olsun”, – deyən Ə. Qəşəmoğlu fikirlərini belə əsaslandırdı: “Azərbaycanda işləməyən həyat yoldaşı üçün başını qatsın deyə evə internet çəkdirmək kimi çox təhlükəli tendensiya hökm sürür. Hansı ki, internetin təhlükələrindən, tələlərindən xəbəri olmayanlar çox rahat şəkildə hansısa mənfi maraqlar güdən cinayətkarların qurbanlarına çevrilə bilirlər”.
“Zaman Azərbaycan”