qadin-kisi

İtirdiyimiz xüsusiyyətlər: qeyrət -XIV YAZI

Baxış sayı: 381

Dünyanın müxtəlif dillərində “qeyrət” anlayışını araşdırdım bir müddət əvvəl, əksəriyyətində bu söz cəhd etmək, səy göstərmək, nəyisə əldə etmək üçün motivasiya kimi anlaşılır. Bizdə də bu söz iki mənada işlədilib, həm səy-cəhd mənasında, həm də şərəf, ləyaqət, heysiyyətin qorunması mənasında. Amma biz daha çox ikinci mənada bilirik bu sözü.

Bu silsiləyə başlayanda qeyd dəftərimdə təxminən 10 mövzu yazmışdım, itirdiyimiz, unutduğumuz xüsusiyyətlər ilə bağlı. Amma artıq 14-cü məqaləni yazıram və yazdıqca itirdiklərimizin, əslində, nə qədər çox olduğunu, hələ çox yazacağımı anladım. Qeyrət mövzusunu da çoxdan yazmaq istəyirdim, lakin hər şeydən alovlanan, yazılan hər mövzuda bir alt məna axtaran cəmiyyətin reaksiyası məni bir az əl saxlamağa vadar etdi. Amma bir neçə gün öncə sosial şəbəkədə rastlaşdığım video görüntüdən sonra “yazacağam” dedim.

O görüntüdə əynində polis geyimi olan bir kişi və onu telefonun kamerası ilə çəkən bir başqa kişi vardı. O kişilər bir qadın haqqında danışırdılar. Birinin həyat yoldaşı, o birinin isə münasibətdə olduğu iddia edilən bir qadın idi ortaq mövzuları. Polis önündəki çörəyi qırıb tökür, duza, Çərəkəyə (!) and içirdi ki, onu video-qeydə alan kişinin arvadı ilə yataq münasibəti olmayıb. Onun bu andını rahatlıqla dinləyən kişi isə adi bir şey imiş kimi çəkiliş etdi. Nə məqsədlə çəkdi, niyə qeyd etdi, bilmirəm, amma onların havadan-sudan danışırmış kimi birinin arvadı, o birinin sevgilisi olduğu iddia edilən qadın haqqında belə rahatlıqla danışması məni dəhşətə saldı. Qeyrət o qədər qeyb olub ki, ər bunu sosial şəbəkədə də yayıb.

Nə vaxt qeyb etdik biz o qeyrəti? Var idi, itirdik, yoxsa elə bineyi-qədimdən qəhət olub, biz şişirdib böyütmüşük? Axı bütün bədii ədəbiyyat, folklorumuz, elə nənə-babalarımızın söz boğçası da həmişə qeyrət haqqında yazılanlarla, deyilənlərlə zəngin olub, bu qədər şişirtmə olar? Qız-gəlinin yanında düşmənçiliyi unudan, ayaqlar altına atılan örpəyə görə qan davasını bitirən, hamilə gəlinini düşməninə etibar edən kişilərdən törəyənlər 1 əsrin içində niyə bu qədər dəyişdi?

 

HAŞİYƏ:

Qaçaq Kərəm köhnə dostu, sonralar qan düşməni olduğu İsrafil ağa ilə haqq-hesabı çürütmək üçün onun yatdığı alaçığa girir. Bu, düşmənini öldürmək üçün əlinə düşən qiymətli fürsət idi. Amma Kərəm alaçıqdan onu öldürmədən çıxır. Səhər İsrafil ağa ayılan zaman əli soyuq bir şeyə toxunur. Hövlnak yerindən sıçrayır, yataqda iki ədəd güllə görür. O anlayır ki, gecə qan düşməni onu öldürə bilərdi, amma arvadının yanında yatdığı üçün canını bağışlayıb. Bu, bir kişinin başqa bir kişinin qeyrətinə – həyat yoldaşına etdiyi hörmət və kişilik xüsusiyyəti idi.

Kərəm bir dəfə də kazaklardan qaçmaq üçün şəhər pristavı Abbas bəyin evinə sığınır, o Abbas bəy ki, onu tutmaq üçün dəridən-qabıqdan çıxıb, dağda-bayırda onu qovalamaqla keçib ömrü. Amma evinə pənah gətirən Kərəmi kazaklara vermir, kişilik qeyrəti vəzifə borcunun, Kərəmin başına qoyulan mükafatın önünə keçir.

Əslində, bu kimi hadisələr çox olub bizim tariximizdə. “Kişi sözü” yazımda bunun bir nümunəsini də Kərbəlayı İsmayıl və Usuboğlunun timsalında vermişdim. Maraqlananlar o yazını da oxuya bilərlər. Kərəmlərdən, nəbilərdən, isgəndərlərdən, molla zallardan sonra o körpülərin altından çox su axdı, o süfrələrdə çox çörək kəsildi, o eşiklərdən çox kişi keçdi, amma kişilik məktəbində çox adam sinifdə qaldı. Sinifdə qalmış o kişilər indi televiziyalarda evdən qaçmış arvadını axtarır, verilişlərə çıxıb azyaşlı övladlarını, ərini atıb evli olduğu halda başqa kişi ilə qaçan arvadına yalvarır. Təsəvvür edirsiniz? O kişilər xəyanət üstündə yaxaladığı arvadının video-görüntülərini efirdə nümayiş etdirir, o kişilər sonra elə o qadınlar ilə ailə olur, qol-boyun gəzir. Qeyrət sözü sinifdə qalır, yerində sayır, sonra da itir, yox olur. Lüğətimizdən də çıxarılsa, təəccüblənmərik yəqin ki.

Qeyrət tək kişilərin alnına yapışmayıb, qadının qeyrətsizi də N qədərdir. Adını yenilik, müasirlik qoyduğumuz qeyrətsizlik bizdən nələri aldı, əvəzində nə verdi, bir düşünün. Sosial şəbəkələrdəki rüsvayçılığı bir düşünün, kamera qarşısında ombasını oynadıb müqabilində pul alanları, sinəsini açıb hədiyyə qazananları düşünün. Arxası ilə toy tutanları, qadına çevrilib fenomen olanları, cinsiyyəti şübhəli instaqram məşhurlarını düşünün. Vətənin qeyrətini çəkənlər cəbhədə şəhid olanda, para şaqqasını səngərdə qoyub qayıdanda buradakı qeyrətsizlər kişili-qadınlı hamısı pul qazanma hayında idi. Nə vətən təəssübü çəkirlər, nə ailə şərəfi düşünürlər, nə də heysiyyətini qoruyurlar, onlar üçün əhəmiyyətli deyil qeyrət.

Çox az müddət ərzində qeyri-normal olan bütün davranışlar adi hala çevrildi, fərqindəsinizmi? Yatdıq, oyandıq, dünya dəyişdi sanki. Baxın, elə bu yazını oxuyanlar arasında “işi-gücü qurtarıb, yazdığı mövzuya bax”, – deyə tənə edənlər, rişxənd edənlər olacaq. Bəziləri üçün qeyrət adicə 6 hərifli sözdür çünki. Bəziləri heç narahat da deyil bu vəziyyətdən, çünki yeri rahatdır, əyini qalın, altı isti, qarını toxdur. Necə deyir Qabil?

Ağ biləklər, gül əllər

Tarlada qabar.

Bir qeyrətsiz yekəpər

Qızılgül satar.

Qeyrətsiz oluruq biz,

Səhv düşəndə yerimiz.

Ürək ağrısı ilə müşahidə edirəm, başlar necə ayaq oldu, ayaqlar baş? Necə mahiyyətini itirdi hər şey? Zamanla ədəbsizlik müasirlik oldu, qeyrətsizlik yenilik oldu, sədaqətsizlik sərbəstlik oldu, fahişəlik azadlıq oldu. Biz hər şey olduq, hər yeniliyi qəbul etdik, hər bulaqdan su içdik, amma bir şeyi anlamadıq ki, qeyrətsizliklə müasirliyin arasındakı o divar yıxılanda altında qalan çox olacaq. Sizcə də ölkədəki mövcud vəziyyət bunu demirmi?

Bu qədər qeyrətsizin fonunda, bu qədər çətinliyə rəğmən qeyrət anlayışını həyatından silməyən, hər addımında vətənin, cəmiyyətin qeyrətini uca tutan bütün insanlara ehtiramla…

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir