sosial sebeke

Sosial şəbəkələr: müasirliyin “təntənəsi”

Baxış sayı: 398

Sosial şəbəkələr həyatımıza daxil oldu-olmadı, dəyişdik, “müasirləşdik”, “yeniliklərə” boyun əyməli olduq, keçmişi unutmağa başladıq, hətta bəyənmədik. Boş vaxtımız qəhət oldu, çünki kompüterlərin qabağından ta durmadıq. Telefonları əlimizdən yerə qoymadıq. Kitab oxumaq unuduldu, yerini sosial şəbəkələrdə lazımlı-lazımsız əyləncələr aldı. Qohum-qardaşa qonaq getmək unuduldu. Çünki sosial şəbəkələr bizi özünə elə bağladı ki, bütün bunları həyatımızın ikinci planına çevirdik. Xəstələrimizi telefonda soruşduq. Yaşlılarımızdan telefonda xəbər bildik. Ölənlərimiz üçün telefonda başsağlığı verdik. Bayramlaşmaları telefonla etdik. Sosial şəbəkələr bizi bir-birimizə göstərdi, görüntülü danışdıq. Ta kiminsə evinə getməyə lüzum qalmadı. Bu məsələlərin hər birini “Votsap”, “İnstagram” həll etməyə başladı.

Günlər ömrümüzdən ayları bir-bir qoparıb il edib arxivə verdikcə, sosial şəbəkələr daha da müasirləşdi, onlarla yenisi yarandı və yarandıqca da biz bizlikdən daha çox çıxdıq. Olduq özgəsi. Günlərin bir günü həyatımıza “Tiktok” daxil olanda isə bütün sosial şəbəkələr kimi, ona da sevindik. Üstünlüklərini vurğuladıq, həvəsləndirmələrinə boyun əydik, əyləncələrinə aludə olduq. Ümumilikdə isə “Tiktok”a vaxtımızı verdik. Bir də baxdıq ki, nə? Biz haradayıq? Biz nə edirik? Biz nələri paylaşırıq? Biz nələri müzakirə edirik?

Baxdıq ki, biz utanmağın daşını çoxdan atmışıq. Burada elə şeylər paylaşırıq ki, İlahi-pərvərdigara, gözlülər olsun, görməsin. Ta bunlar haqqında danışmaq olmaz. Çünki hələ də utanan adamlar mövcuddur. Buna da minlərcə dəfə şükürlər olsun.

Baxdıq ki, cavan-cavan oğlanlar, həm də ki, boy-buxunlu, yaraşıqlı, küçənin, məhəllənin ortasında rəqs edirlər, utanmadan, qısılmadan. Dedik görən bunlar niyə belə edirlər, dedilər ki, məşhur olmaq istəyirlər. Xəyalımızda igidlərimiz, şəhidlərimiz, qazilərimiz canlandı. Düşündük ki, belə oğullarımız da var, belələri də.

Baxdıq ki, nəvə nənəsini söhbətə tutub onun şirin, yeri gələndə zarafatyana söhbətlərini çəkib burada paylaşır, bütün dünya da tamaşa edir. Sanki nəvə nənəsini lağa qoyduğunu bütün dünyaya reklam edir.

Ana övladını çəkir, paylaşır, onu söhbətə tutur, uşaq isə yaşına uyğun olmayan tərzdə danışaraq uşaqlığı təhqir edir. Valideyn isə bunu inkişafın, müasirliyin təntənəsi kimi paylaşır…

Baxdıq ki, həyat yoldaşından ayrılan, qayınanası ilə yola getməyən, ailə problemləri ilə qarşılaşan, ərinin qazancına qane olmayan qadınlarımız “Tiktok qəhrəmanına” çevriliblər. Şəxsi problemlərini, söz-sirrini açıb dünyaya bəyan edirlər. Hər kəs də bir cür münasibətlə onlara rəy yazır. Mini qızışdırır, biri “ar olsun”,- deyir. Lakin minlər birlərdən çox olduğu üçün adam daha da qızışır, qızışdıqca da həddini aşır. Başlayır çoxseriyalı filmlər kimi növbəti hissələri çəkib, danışıb paylaşmağa.

Bu “Tiktok” yarandı-yaranmadı, bizdən çox şeylər aldı. Fərqində olanlar yəqin ki var. Bir də ki, “Tiktok, Tiktok” da deyirik. “Tiktok” nə etsin axı. O, bir sosial şəbəkədir. Dayanıb yerində. Dil açıb danışmır, camaata “gəl, burada özünü biabır elə” demir, “söz-söhbətini aç burada danış” demir, “video paylaşıb özünü biabır elə” demir. “Tiktok”da çox yaxşı mənada paylaşmalar var ki, informasiyanı artırır, öyrədir, xəbərdar edir, arxivləşir.

“Tiktok” dayanıb yerində, nə edir insanlar edir. Ümumilikdə həm yaxşıları, həm yaxşı olmayanları fonunda “Tiktok”un bu gün bizdən aldıqları verdiklərindən dəfələrlə çoxdur. Bu gün nə qədər yalan, qeyri-rəsmi xəbərlər varsa, hamısı “Tiktok”dan ətrafa yayılır. Nə qədər lazımsız-lüzumsuz söhbətlər, videolar var, hamısı “Tiktok”da edilir, göstərilir. Biz nə edirik, hələ üstəlik götürüb həmin yalanları və lüzumsuzları digər sosial şəbəkələrdə də paylaşırıq. İnsanların beynini zəhərləyirik, yetişməkdə olan nəslin tərbiyə istiqamətini dəyişdiririk.

Elə bu səbəbdən də gəlin, barı, övladlarımızı “Tiktok”dan qoruyaq. Ağlımız nə kəsir, onu etməyək. Bir düşünək ki, bu yalan xəbər, lüzumsuz söhbət, əxlaqasığmayan videolar bizim hansı dəyərlərimizi əlimizdən alır. Gəlin özümüzə bir az yazığımız gəlsin. “Tiktok”un bizdən aldıqlarının yerini verdiklərinin doldura bilməyəcəyini bir an da unutmayaq, gec olsa da. Bəlkə nələri isə qaytara bilərik…

Sosial şəbəkələr olub müasirliyin təntənəsi, “Tiktok” da bu təntənənin zirvəsi. Bu “təntənənin” altında nə qurbanlar var, onu görə bilək kaş ki…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir