internet

Söndürüb-yandırmaqla düzəlmir”-100 Mbit internet üçün əlavə 100 manat da xərcləməlisiz

Baxış sayı: 349

“Biz əvvəl internetə görə ayda 19 manat pul ödəyirdik. Bu aydan isə 26 manat ödəyirik. Amma internetin sürətində bir fərq yoxdur. Provayderə zəng etmişik, deyirlər mobil telefonlarda internetin sürətli olması üçün yeni cihaz almalısınız”.

Bu barədə Bakı sakini Aqil Məmmədov bildirir.

“Belə çıxır ki, 100 Mbit/saniyə interneti evdəki modem qəbul edə bilmir. Bu lap, at alıb sonra axur düzəltməyə oxşadı. Camaatı məcbur ediblər ki, hamı 26-27 manat ödəyib 100 Mbit/saniyə internet almalıdır. Sonra yadlarına düşüb ki, evə quraşdırdıqları modem zəifdir, bu sürətdə interneti qəbul edib paylaya bilmir. Bunun üçün də əlavə bir cihaz alınmalıdır, onu da qoyurlar abunəçinin boynuna” – Məmmədov deyir.

O qeyd edir ki, internetin qiyməti bahalaşandan modemi söndürüb-yandırmaq da sürətin artmasına kömək etmir:

“Yenə əvvəl sürət azalanda, zəng edirdik, deyirdilər “interneti söndürüb-yandırın düzələcək. İndi modemi söndürüb-yandırmaq da köməyimizə çatmır, gərək yeni cihaz alaq”.

wifi

Qiymət qalxıb, keyfiyyət isə yox!

Qeyd edək ki, bu aydan etibarən əhali internetin qiymətini yeni, artan tariflə ödəsə də, internetin minimal sürəti 100 Mbit/saniyəyə çatmayıb. Abunəçilər sosial şəbəkələrdə internetin qiyməti bahalaşandan sonra sürətinin nəinki artdığı, hətta aşağı düşdüyünə dair şikayət dolu statuslar paylaşırlar. Onlar iddia edirlər ki, internetin sürəti və qiyməti artmamış keyfiyyəti daha yaxşı idi. İnternetin sürəti ilə bağlı şikayətlərə isə provayderdən fərqli cavablar verilir. Əsasən səbəb cihazların 100 Mbit/s interneti dəstəkləmədiyi göstərilir.

 

Abunəçilər yeni cihaz almalıdır

Deyilən şikayətləri araşdırmaq üçün haqqında ən çox şikayət edilən provayderlərdən biri- “Azeurotel” MMC ilə əlaqə saxladıq. “Azeurotel” MMC-dən bildirdilər ki, bir neçə il öncə mənzillərə qoyulmuş modemlər 2,4 GHz dəstəkləyir. 100 Mbit/saniyə interneti isə hazırda mənzillərdəki modemlərlə Wi-Fi-ə qoşulmuş cihazlara ötürmək mümkün deyil.

“100 Mbit/saniyə interneti ancaq modemin 1-ci Portuna Lan kabel (kommutasiya şnuru) qoşaraq kompyuter vasitəsilə əldə etmək olar. Evdə Wi-Fi-ə qoşulmuş cihazların 100 Mbit/saniyə internetlə təmin olunması üçün mənzil sahibləri öz hesablarına ya 5 GHz dəstəkləyən modem almalı, yaxud da router adlı cihaz əldə etməlidir. Router cihazının qiyməti isə 100 manatdan başlayır və üzü yuxarı dəyişir”- “Aztelekom”MMC-dən bildiriblər.

eyyub huseynov

“Bu istehlakçı hüququnun pozulmasıdır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, internetin sürətini hamı üçün minimal etdikdən sonra abunəçini bu sürəti əldə etmək üçün yeni cihaz almağa məcbur etmək istehlakçı hüququnu kobud şəkildə pozmaqdır.

“Əvvala, hər bir vətəndaşın o sürətdə internetə ehtiyacı yox idi. İstehlakçıya seçim hüququ verilməli idi. İnternetin sürətini artıraraq qiyməti diktə etmək istehlakçı hüququnu kobud şəkildə pozmaqdır. Çünki, istehlakçıların beynəlxalq və yerli hüquqlarından biri onun seçim hüququdur. Amma Baktelekom minimal sürəti 100 Mbit/s etməklə hamıya bu qiyməti diktə etdi. Bu azmış kimi, bundan sonra həmin sürətdə interneti əldə etmək üçün vətəndaşın boynuna yeni cihaz almağı qoyur. Çox güman ki, burada aidiyyatı qurumlar karter sövdələşməsinə gediblər” – ekspert deyir.

Onun sözlərinə görə, provayderlər Baktelekoma əvvəldən bildirməli idilər ki, onların mənzillərə qoyduqları modem bu sürətdə interneti Wi-Fi-ə qoşulmuş cihazlara ötürə bilməyəcək:

“Xidməti göstərən qurumun borcudur ki, vətəndaşı əvvəlcə ölçü cihazı ilə təmin etsin. Baktelekom da provayderlərə göstəriş verməli idi ki, bütün abunəçilərini 100 Mbit/saniyə interneti dəstəkləyən modemlə təmin etsinlər. Bundan sonra əhalidən yeni sürətdə internetin ödənişini tələb edə bilərdilər. Amma hazırda əks vəziyyət müşahidə olunur. Sürət əvvəlki kimi qalıb, vətəndaşdan istifadə edə bilmədiyi internetin pulu alınır”.

 

“Aztelekom” dan şikayətlərə cavab

İnternetin sürətinin zəif olması barədə şikayətlərə gəlincə, “Aztelekom” bu iddialara belə cavab verib:

“Qeyd edək ki, internet xidmətinin təminatı istiqamətində tərəfimizdən hazırda kütləvi nasazlıq müşahidə olunmur. Fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi mümkündür. Belə hallarda abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır.

İnternetin sürətinin zəifliyi ilə bağlı müraciətlərin qeydiyyatı zamanı problemlərin əsas 3 səbəbdən qaynaqlandığı müşahidə olunur. Həmin səbəblər aşağıdakılardır:

Cihazların uyğunluğu. İnternet sürətinin 100 Mbit/s olması üçün abunəçinin istifadə etdiyi cihazlar (kompüter, notbuk, telefon və s.) bu sürəti dəstəkləməlidir. Əgər cihazın şəbəkə adapteri və ya Ethernet portu 100 Mbit/s və ya daha yüksək sürəti dəstəkləmirsə, real sürətin aşağı olması müşahidə olunur.

Modem və marşrutlaşdırıcının konfiqurasiyası. Modem və ya marşrutlaşdırıcının konfiqurasiyası düzgün aparılmadıqda internet sürəti məhdudlaşa bilər. Məsələn, modem köhnə versiyadadırsa və ya düzgün konfiqurasiya olunmayıbsa, yüksək sürətləri təmin edə bilməz. Həmçinin Wi-Fi marşrutlaşdırıcılarının bəzi parametrləri (kanal seçimi, bant genişliyi) düzgün qurulmadıqda Wi-Fi üzərindən internet sürətinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.

Dalğaların konfiqurasiya olunmaması. Wi-Fi dalğalarının yayılması ətraf mühitdən və istifadə olunan dalğa bantlarından asılıdır. Məsələn, 2.4 GHz bantı daha geniş əhatə dairəsini təmin etsə də, daha aşağı sürətlər təqdim edir və müdaxilələrə daha həssasdır. 5 GHz bantı isə daha yüksək sürətlər təmin etsə də, əhatə dairəsi məhduddur. Əgər bu dalğalar düzgün konfiqurasiya olunmayıbsa, internet sürəti azalacaq.

Yarana biləcək hər hansı texniki nasazlıqlarla qarşılaşdıqları halda “Aztelekom” abunəçilərindən “170”, “Baktelecom” abunəçilərindən isə “155” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur”.

Onu da xatırladaq ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb.

Hazırda 100 Mbit/saniyə optik internetin qiyməti 27 manatdır. Minimum sürət ölkə üzrə bütün abunəçilərə təqdim olunur. Amma abunəçilər 32 manat ödəməklə 150 Mbit/s -ə qədər, 38 manat ödəməklə isə 250 Mbit/s -ə qədər internet ala bilərlər.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir