0ac964f4b97cf99426557c097f582239

17 yaşlı ailə başçıları: yeniyetmə qızlar niyə qaçır? – ARAŞDIRMA

Baxış sayı: 360

Ucarda həddi-buluğa çatmayan 16 yaşlı qız qaçırılıb. Bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə özünün Facebook hesabında paylaşım edib. Bildirilib ki, Ucar rayonunun Bərgüşad kəndində 17 yaşlı yeniyetmə 16 yaşlı qızı qaçırıb.

Məlumdur ki, az öncə qəbul edilən yeni qanunda belə hallara görə cəzalar sərtləşdirilib. Ancaq yenə bu cür hadisələr davam efir. Görəsən niyə? Qanunun çəkindirici qüvvəsi niyə zəifdir? Təqsirkarı – 17 yaşlı yeniyetməni hansı cəza gözləyir? Ümumiyyətlə, bu yaşda hansı ailə qurmaqdan söhbət gedə bilər? Günahkar kimdir – ailə, cəmiyyət, yoxsa məktəb?

İlk olaraq qaçırılan qızın taleyi ilə maraqlandıq. Bildirildi ki, qız zorla deyil, öz istəyi ilə oğlanla gedib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Ucar RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

“O,  anasının yanına qayıtmaq istəmir. Həmin oğlanla xoşbəxtdir. Deyir ki, anası onu başqasına ərə vermək istəyir. Ona görə də bu addımı atıb. 10 gün sonra qızın 17 yaşı tamam olacaq”, – deyə Şirvan regional qrupunun məlumatında deyilib.

Psixoloq Günel İsmayıllı bildirir ki, bu situasiyada ən birinci faktor qızın ailədə güvən hissini görə bilməməsidir. Və bu, böhran dönəminə təsadüf edir: “Böhran dönəmində biopsixi sosial tərəfdə hər istiqamətdə böhran gedir. Bioloji olaraq hormonların həddindən artıq çoxluğu cinsi ehtiyacların daha aşırı, duyğusal olaraq bədəndə hissiyyatı artır.

420061540_710550157885546_1748135924364902390_n.jpg (377 KB)

Yeniyetmələr sosial medianın, internetə çıxışın azadlığından istifadə edib yanlış məlumatlar qəbul edə bilirlər. Beynin həzm edə bilmədiyi porno səhnələrlə tanış olurlar. Bu, onlarda bəzi hormonları daha da artırır. Nəticədə beyin azyaşlını cinsəl istəyə, həzzə sövq edir. Belə halda isə qız və ya oğlan ailəsi ilə açıq danışa bilmir. Güvənə biləcəyi kiməsə əlçatanlığı olmur. Bütün bunlar qızı dediyiniz işlərə sövq edir.

Düşünürlər ki, oğlanla qaçıb gedəndə həyatları dəyişəcək. Daha azad və sərbəst olacaqlar. İnternetdən gördükləri əsasında özlərini yalançı inanclar əsasında hərəkət etməyə məcbur edirlər.

Təhsilimizdə də böhran dönəmi yaşanır. Müəllimlərimiz proqramdakı yüklənməyə, dərs vəsaitlərinin tez-tez dəyişməsinə və çoxluğuna görə tükəniblər, stress səviyyələri artıb. Belə vəziyyətdə isə şagirdlərə doğru nümunə ola bilmirlər. Onlarda təhsilə istək, motivasiya yarada bilmirlər. Sosial faktor da öz sözünü deyir”.

1684484643_veil-sadiq-f.jpg (206 KB)

Hüquqşünas Sadiq Əfəndiyev deyir ki, qızın iradəsinin əleyhinə olaraq zorla qaçırılması adam oğurluğu kimi qiymətləndirilir. Burada bir neçə hallar var. Bəzən təcrübə göstərir ki, qaçırma hadisəsində oğlan və dostları da iştirak edir.  Bu, artıq cinayətin bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilir: “2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əvvəlki Cinayət Məcəlləsindən fərqli olaraq qadının evlənmək məqsədilə oğurlanmsını ayrıca maddədə deyil, adam oğurluğuna görə məsuliyyətin müəyyən edildiyi 144-cü maddəsinin tərkibində nəzərdə tutub. Ümumiyyətlə, adam oğurluğu cinayəti müxtəlif motivlərlə törədilə bilər. Bunlardan biri də evlənmək məqsədilə qadının oğurlanmasıdır. “Tamah” motivindən başqa digər motivlər, o cümlədən “evlənmək məqsədi” hər hansı hüquqi əhəmiyyət kəsb etmir və təqsirkar şəxs adam oğurluğu cinayətinə görə məsuliyyətə cəlb edilir.

Cinayət Məcəlləsinin 144.2-ci və 144.3-cü maddəsində cinayətin ağırlaşdırıcı (tövsifedici) əlamətləri nəzərdə tutulub. Cinayətin iki və ya daha çox şəxs barəsində törədilməsi, təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətdə olan qadına qarşı törədilməsi, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədilməsi, silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədilməsi, tamah məqsədi ilə və ya sifarişlə törədilməsi 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə, cinayətin yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.

Eyni zamanda maddənin sonunda cinayət törətmiş şəxsin davranışının istiqamətləndirilməsinə yönəlmiş stimullaşdırıcı qeyd nəzərdə tutulub. Maddənin qeydinə görə əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad edilir”.

Hüquqşünasın sözlərinə görə, hazırkı situasiyada isə qız könüllü olaraq evlənmək məqsədilə oğlana qoşulub gedib. Burada hər hansı məsuliyyətdən söhbət gedə bilməz:  “Onlar arasında cinsi əlaqə olubsa və qızın 16 yaşı tamamdırsa, yenə də məsuliyyət yaranmır. Çünki Cinayət Məcəlləsində məsuliyyət 16 yaşına çatmamış qızla əlaqə zamanı yaranır. Burada söhbət könüllü əlaqədən gedir.  Həmin məsuliyyətin yaranması üçün oğlanla qız arasında 2 yaş fərq olmalıdır.

Təbii ki, hər hansı bir cinayətin qarşısının alınmasında tək qanunvericiliyin sərtləşdirilməsi əsas deyil. Burada kompleks və maarifləndirici tədbirlərin keçirilməsi ən vacibidir.

Bəzən qadının oğurlanması başqa cinayətlərlə də müşayiət olunur. Bunlardan ən geniş yayılmışı oğurlanmış qadının onunla evlənmək istəyən və bu məqsədlə onu oğurlayan şəxs tərəfindən zorlanması, yəni qadının öz iradəsi əleyhinə cinsi əlaqəyə məruz qoyulmasıdır. Bu cür şəraitdə zorlamanın motivi çox hallarda zorlama cinayətinin real motivindən fərqli olur. Bu cür zorlama əksər hallarda cinsi ehtirasın təmin edilməsinə deyil, oğurlanmış qadının gələcəkdə şikayət etməsinin qarşısını almağa yönəlir. Təcrübədə tez-tez rast gəlinmiş bir haldır ki, oğurlanaraq zorlanmış qadınlar bəzən cəmiyyətdə hökmran olan milli görüşlərdən çıxış edərək düşünür ki, onun şikayəti və ittihamedici ifadələri əsasında cinayət törədən şəxs uzunmüddətli azadlıqdan məhrum etmə cəzasına məhkum olunacaq, zorlandığı üçün isə başqa kişilər onunla evlənmək istəməyəcəklər. Ağrılı haldır ki, bəzən bu cür cinayət törətmiş şəxslər bu üsuldan istifadə etməklə oğurladıqları qadının şikayətdən imtina etmələrinə, öz xeyirlərinə bəraətverici izahat və ifadələr verməsinə, nəticədə cinayət məsuliyyətindən kənarda qalmağa nail olurlar. Cinayət təqibini həyata keçirən orqanlar isə müəyyən obyektiv səbəblərdən, yəni bəzi hallarda mötəbər sübutların əldə olunmasının mürəkkəbliyi, təqsirsizlik prezumpsiyası və s. səbəblərdən əsl həqiqəti ortaya çıxara bilmirlər”.

 

Şahanə RƏHİMLİ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir