abort

Nə qədər ki, selektiv abortlar var…

Baxış sayı: 358

Bu gün həyəcan təbili çalmaq vaxtıdır. Ona görə ki, Azərbaycanda 2023-cü ildə 73816 abort qeydə alınıb: 5-17 yaş üzrə 68, 18-19 yaş üzrə 2528, 20-24 yaş üzrə 12315, 25-29 yaş üzrə 22140, 30-34 yaş üzrə 22306, 35-49 yaş üzrə 14376.

2021-ci ildə abortların ümumi sayı 46 877, 2022-ci ildə isə 58 min olub. Deməli, abort sayı böyük sürətlə irəliləməkdədir. Abortların müxtəlif səbəbləri var. Onların başlıcası isə selektiv abortlardır.

Belə bir atalar sözümüz var: Qız da, oğlan da övladdır, hər ikisi bir-birindən şirin. Lakin həmişə belə düşünürükmü? Onların hər ikisi əksəriyyətimiz üçün bal şirinliyindədirmi? Xeyr, belə deyil. Əsrlərdir ki, oğlanla qız övladı arasındakı ayrı-seçkilik cəmiyyətimizdə açıqca görünür. Bunun səbəbkarı, əslində isə günahkarı əsasən kişilərdir. Kişilərin həyatda ən böyük arzusu qadınlarının onlara oğlan doğması olur. Oğlan doğulmayanda isə ailədə söz-söhbət yaranır, kişinin dünənədək dərdindən öldüyü, sevdiyi qadın əksər halda onun gözündən düşür, hətta bu səbəbdən boşanmalar da baş verir. Bununla bağlı yüzlərlə fakt söyləmək olar. Nəticə isə göz qarşısındadır. Elə məni bu yazını yazmağa vadar edən də həmin nəticədir.

 

100 qıza 112 oğlan

Dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 102-106-dır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir. 2021-ci ilin statistikasına əsasən, Azərbaycanda 100 qıza 115 oğlan düşüb. Əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir. Belə ki, hazırda Çində bu göstərici 100-110,3 təşkil edir.

Azərbaycanda son onilliklər ərzində nəsilvermədə baş vermiş tənəzzül və dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinəsindən geniş istifadə nəticəsində ölkədə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur.

2022-ci il üzrə doğumu qeydə alınmış 122 846 nəfərdən 64 940-ı oğlan, 57 906-sı isə qızdır. Cinslər arasındakı fərq 7 034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir.

2023-cü ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 85352 doğulan körpə qeydə alınıb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub.

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir. Bu vəziyyətlə qarşılaşmaq istəmiriksə, qızlara dəyər vermək lazımdır. Ədalətli cəmiyyət naminə qızlar üçün bərabər imkanlar yaradılmalıdır”.

Qeyd edim ki, 2022-ci illə müqayisədə 2023-cü ildə cinslər arasındakı fərq azalıb, yəni, 7034 dən 7008 ə düşüb. Bu da azlıq təşkil etdiyindən nəticəyə bir o qədər təsir etmir.

 

“Bəsdi” hökmü

Cəmiyyətimizdə oğlan övladına üstünlüyün verilməsi, onun daha çox arzulanmasıdır. Bu arzunu da həyatımıza daxil olan müasir texnologiyalar “çin etdi”. USM-lər 90-cı illərədək ailələrimizdə doğulan, hətta “ta bəsti” deyilib Bəsti adı verilən qızlarımıza “bəsd i” hökmünü verməyə başladı. O Bəstilər ki, kişi qeyrəti, namusu, zəhmətkeşliyi, ata-ana qədri bilməsi ilə yaddaşlarımıza həkk olunublar. O Bəstilər ki, evlənib həyat yoldaşı ilə uzaq şəhərlərdə yaşamağı seçən oğulların evin altında qalan yaşlı ata-anasının baxıcılarına çevriliblər illərlə. Öz ailələrinin işini bitirib, axşamda-səhərdə ata evinə qaçıb onlara qulluq ediblər. O Bəstilər ki, oğullar ata-ananın cənazəsinə gəlib çıxanadək onların başının üstünü kəsiblər.

Bütün bunları hər birimiz yaşadığımız rayonlarda, şəhər və kəndlərdə qohumlarımız, qonşularımız arasında dəfələrlə müşahidə etmişik. Lakin bütün bunlar eyni zamanda oğlan övladına olan istəyimizi, onlarla qızlarımız arasına qoyduğumuz ayrı-seçkiliyi dəyişə bilməyib. Çünki bizim təfəkkürümüzdə problemlər var. Biz hər zaman düşünmüşük ki, oğul davamçıdır. Maraqlıdır, qız övladı bəs nədir, sonsuzluqdur. Belə çıxır ki, biz qızı övlad hesab etmirik ki, onun da övladını özümüzə davamçı hesab etmirik. Çox təəssüf ki, XXI əsrdə yaşasaq da, hələ də X-XI əsrlərin təfəkküründə qalmaqda, bunu eynilə qəbil etməkdəyik. Bu səbəbdən də hər bir kişi evində ən azından bir oğlan övladı olmasını istəyir, həm də şiddətli dərəcədə istəyir. Odur ki, buna nail olması üçün də bəzən şiddətli hərəkətlər törədir. Həyat yoldaşına qarşı zorakılıq edir, onunla nikaha son qoyur, yenidən ailə qurur. Lakin onu anlamır ki, övlad payını verən Yaradandır. Alın yazın deyilsə, istəyirsən 3 dəfə evlən-boşan. Bunun da dəfələrlə şahidi olmuşuq.

Bəli, elə ki, USM-lər uşaqların cinsini müəyyən etməyə başladı, bu, kişilərimiz və özünü oğlan doğa bilməməkdə günahkar hesab edən qadınlarımız üçün yaxşı bir fürsət oldu.

 

USM-lər həm də ailə planlaması işini görür

Statistikaya nəzər salsaq görərik ki, USM-lər ilk zamanlar ailədə 2-3 qız övladı olub oğlan dünyaya gətirmək istəyən qadınlara xidmət edirdi. Bu yolla minlərlə ailə öz oğlan övladı arzusuna çatırdı. Sonralar isə ultrasəs müayinəsi, sözün əsl mənasında, ailə planlamasına da çevrildi. Belə ki, bu gün Azərbaycanda selektiv abortların gətirdiyi nəticələr üçün tək kişilər deyil, həm də qadınlarımız təqsirkardır. Çünki qadınlar zaman-zaman ultrasəs müayinəsini ailə planlamasına da çevirdilər. Yəni ilk övladı qızdırsa, daha ikincinin qız olmasına yol vermədilər. İkincini oğlan istəməklə həm həyat yoldaşlarının arzularını gerçəkləşdirdilər, həm də artıq övlada gərək olmadığını düşündülər. Beləliklə, indi hamımız şahidik ki, əksər ailələrdə iki uşaq var: bir qız, bir oğlan. Bunun gələcəkdə bizi böyük problemlərlə üz-üzə qoyacağından hələlik xəbərimiz olmadığı üçün bu cür də davam etməkdəyik.

Yaşlı bir qadın tanıyırdım, mama-tibb bacısı idi. O deyirdi ki, ailədə iki uşaq tamamilə səhv fikirdir. Həmin ailə fikirləşməsin ki, biz dünyaya insan bəxş etdik. İki uşaqdan biri ata, biri anadır. Əgər ailədə üçüncü uşaq varsa, bu, artım sayıla bilər. Nə qədər doğru söylənmiş fikirdir. Dəfələrlə təsadüf etmişik ki, ailələrdə iki övladdan biri ya xəstəlikdən, ya da hansısa qəza nəticəsində dünyasını dəyişir, o biri uşaq evdə tək qalır, bundan böyük travma alır. Bu, həm də uşaqların psixoloji durumuna ciddi təsir göstərir. Öz qardaş və ya bacısını itirən uşaq əgər ailədə üçüncü uşaq olarsa, onunla təsəlli tapar, əks təqdirdə onun vəziyyətini düşünmək heç də çətin deyil. Belə uşaqlar üçün gələcək həyat daha dözülməz olur. Çünki onlar tamamilə tək qalırlar.

Məsələnin bu tərəfi üçün məhz qadınlar günahkardır. Çünki iki övladından birinin oğlan olması ilə kişi artıq ailə üzvlərinin daha da artmasına maraqlı olmur. Lakin qadın həm də anadır. Övladının bu gününü və gələcəyini düşünmək kişilərdən çox, qadınlara bəxş olunan hissdir. Lakin qadınların işlərinin yüngül olması, karyera dalınca getmək, daha çox əziyyət çəkməmək üçün USM-lərin köməkliyi ilə ailə planlaşdırmaları bu kimi problemlər yaradır. O problemlər ki, əhali sayının da, ailədə uşaq sayının da artımına və bunun yaratdığı problemlərə ciddi şəkildə təsir göstərir.

 

Oğlun yoxdu-sonun yoxdu, dedilər…

Bizdə oğlan övladına verilən üstünlüyün nəticəsidir ki, zaman-zaman dilimizdə hətta oğlanla bağlı deyimlər, atalar sözləri də yaranmışdır. Məsələn, oğul düşmən çəpəridir, oğul nəslin davamçısıdır, oğul evin dirəyidir, oğul ata-ananın baş tacıdır və sair belə onlarla deyimlər, atalar sözləri yaranmışdır. Ən dəhşətlisi isə budur ki, ailələrimizdə oğlan doğulmayanda sanki o nəslin, kökün davamının olmadığını düşünürük. Aşağıdakı misralar böyük şairimiz Məmməd Araza da vaxtilə oğlu olmadığı üçün sonsuz deyənlərə qarşı tək şairin düşüncələri deyil, bu düşüncə tərzində olan cəmiyyətə bir giley, bir təəssüf hissi idi.

Oğlun yoxdu – sonun yoxdu, dedilər,

Sağın yoxdu, solun yoxdu, dedilər,

Odun boyda suyun yoxdu, dedilər,

Bu da belə bir ömürdü, yaşadım.

Bir oğlu olmayan qadın və ya kişi rəhmətə gedəndə də yaxınları onu “oğulsuz canına mən qurban olaram” deyib ağlayırlar. Və yaxud da Yaradana asi düşərək, “Allah, nə deyim sənə, buna da bir şirin pay verərdin də”, – deyirlər.

Onu da çox böyük təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, bizdə oğlan uşağına, şirin pay, deyirlər. Mən bunu əvvəlki yazılarımda, hətta felyetonlarımda da dəfələrlə vurğulamışam. Bəs görəsən qızlar necə, acı paydırlar?

 

Nə qədər ki, selektiv abortlar var…

Selektiv abortlar insanlığa qarşı haqsızlıq, təhqirdir. Qadınla kişi arasında bərabərliyə zidd, ən təhlükəli vasitədir. Hansı ki, buz Gender bərabərliyindən danışırıq, lakin bu bərabərliyi pozan birinci amil selektiv abortlardır.

Selektiv abortların çoxalmasında, dünyada ölkəmizi birinci etməsində, oğlan və qız balansının pozulmasında, bunun gələcəkdə böyük problemlərə səbəb olmasında hər birimiz günahkarıq. Biz illər öncədən bu xalqa məxsus milli adət-ənənələrdən yola çıxmalıydıq. Bu yolda insanlığa balta çalan bu yeniliyi baltalamalı, onun inkişafının, yayılmasının qarşısını almalıydıq.

Bu gün son illərin statistikasına nəzər salanda bütün illərdə doğulan uşaqlar arasında oğlanların qızlardan artıq olmasını müşahidə edirik. Bunun yaratdığı problemlər isə artıq hiss olunmaqdadır. Yaxın gələcəkdə isə bu problemin ağırlığı çiyinlərimizi yara edəcək.

Bu gün Azərbaycanın selektiv abortlara görə dünyada irəlidə olması artıq səhiyyə sistemində təbilin çalınmasının vaxtının çatdığını göstərir. Selektiv abortlar indiyədək niyə qadağan olunmayıb? Görəsən bunun qarşısını nə kəsib? Kiminsə haqqı deyil dünyaya gətirəcəyi uşağın cinsini əvvəlcədən bilsin. Heç kimin də bunu bilməməklə hüququ pozulmur. Bəs belə isə bu növ abort nə üçün qadağan olunmur?

Oğlanların sayı artır, qızların sayı dəfələrlə azalır. Biz gələcəkdə ana olacaq qız tapa bilməyəcəyik. Düşünürəm ki, bütün həkimlər, mütəxəssislər bu çağırışımıza səs verər, selektiv abortlar qadağan edilər. Son olaraq onu demək istəyirəm ki, bizim Bəstilər, Yetərlər, Qızbəstilər başımızı heç vaxt aşağı etməyiblər. Qoy onların davamçıları olan qızlarımız doğulsun…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir