Metanet Memmedova

Qadınları xoşbəxt edə bilsəniz…

Baxış sayı: 353

Qadını xoşbəxt etmək hər kəsin işi deyil. Hər kəs bunun mahiyyətini belə anlamır. Anlamır ki, qadın xoşbəxtdirsə, o, işıq saçacaq. Bu işığın istisində bütün ailə isinəcək. Bu işığın nurunda bütün ailə üzvlərinin üzü güləcək.

Bəzilərinə görə qadının xoşbəxt olması nə deməkdir, bu barədə anlayışı belə yoxdur. Belələrinə görə qadın sadəcə həyat yoldaşıdır, anadır, evin qulluqçusudur. Belə insanlar hesab edir ki, işləyir, qazanır, evə çörək gətirirsə, qadını xoşbəxt edir. Vəssalam.

Lakin qadın xoşbəxtliyi tamamilə başqa bir məsələdir. Anlayanlar bilir ki, qadın bir çiçəkdir, o, özünü xoşbəxt hiss etmədiyi andan solmağa başlayır. Qadın bir işıqdır, o özünü xoşbəxt hiss etmədiyi an bu işıq nurunu itirib avazımağa başlayır. O, həyat yoldaşı, ana olaraq qalır, bəli, xoşbəxt olmayanda da qalır. Lakin qadın olaraq qala bilmir.

Çünki qadın bir həyatdır. O, sevildikcə, dəyərini hiss etdikcə, əzizləndikcə, bu həyat rəngarəng olur. O, özünü xoşbəxt hiss etmədisə, bu həyat sadəcə ağ və qara rənglərdən ibarət olur. Sönməyə, qaranlıqlaşmağa başlayır.

Elə buna görə də dünyada qadını xoşbəxt etməkdən məsuliyyətli iş yoxdur. Bu, bəziləri üçün çox çətin, bəziləri üçünsə asan bir məsələdir. Asandır, ona görə ki, qadını xoşbəxt etmək istəyən şəxs onun dəyərini bilir. Bilir ki, qadın xoşbəxtdirsə, o da, ailəsi də xoşbəxtdir. Çətindir, ona görə ki, çoxları bunu bacarmır. Öyrənmək də istəmir ki, qadını xoşbəxt edə bilmirsə, həyat onun üzünə gülməyəcək.

Bu dünya nə qəribədir, deyilmi? Maraqlı adamlarla doludur. Hər şeyi dərindən anlayan, anlamaq barədə kiçik bir istəyi olmayan adamlarla. Məsələn, qadınına bir dəfə ürəkdən “səni sevirəm” deməyənlərlə. Ömründə bir dəfə qadınının əməyinə dəyər verməyənlərlə, nə edirsə, “borcundur, vəzifəndir” deyənlərlə… Bu dünya qadınına həyatında bir çiçək almayan insanlarla doludur. Ona yalnız uşaqlarının anası kimi baxanlarla, evinin təmizliyini həyata keçirən kimi görənlərlə. Qadın nədir, öz fikrini bildirdi nədir, düşünənlərlə…

Belə olan halda qadın necə xoşbəxt ola bilər? Əsla ola bilməyəcək. Sadəcə uşaqlarının xətrinə yaşadığı həyata boyun əyəcək. O, qadın olmayacaq heç vaxt. Ana olacaq, həyat yoldaşı, hansısa bir peşə sahibi olacaq. Bəlkə də yüzlərlə qadın yetişdirəcək. Ana, həyat yoldaşı yetişdirəcək. Lakin özü qadınlığın gözəlliyini duya bilməyəcək.

Lakin bu maraqlı dünyamızda qadınların dəyərini bilənlər də az deyil. Bunu da etiraf edək ki, ədalət bizi qınamasın. Qadını tək ana, həyat yoldaşı kimi deyil, qadın kimi görənlər var. Onun analığına, həyat yoldaşı kimi vəzifəsinə, sənətinə, peşəsinə sayğı ilə yanaşan kişilər var. Onu əsla ev işlərini həyata keçirən varlıq kimi görməyib bütün bu işlərdə ona kömək edən kişilər var. Özü istəmədiyi təqdirdə işləməsini problem etməyən, hələ yeri gələndə ona işləməsi üçün yol açan, evdə darıxacağından, baxımsız olacağından narahat olan kişilər var.

Qadını bir gül bilib ona tez-tez özü kimi ətirli, zərif güllər hədiyyə edənlər var. Hər bir məsələdə qadını ilə məsləhətləşib ortaq qərara gələn kişilər var.

Bəli, bax, belə olanda, qadın xoşbəxt olur. Bu zaman analığın, həyat yoldaşı olmağın çətinliyi də ona asan gəlir. Çünki arada bir sevgi var. Bu sevgi o sevgidir ki, dünyanı xilas edib. Belə sevgilər təbii ki, minlərlə ailəni, qadını da xilas edir.

Bu yazını yazmaq ilhamını 18 oktyabrdan aldım. Axı həmin gün Ümumdünya qadın xoşbəxtliyi günüdür. Bu gün özündə çox mənaları ehtiva edir. Odur ki, bu günün mahiyyətini dərk edək. Qadınları sevgisiz, sayğısız buraxmayaq. Onlar sevilməyə, məhəbbətə, nəvazişə layiqdirlər.

Bir sözlə, o varlıq ki, evlərdə çıraq, isti nəfəs, təbəssümdürsə, onu xoşbəxt edin ki, dünyamız işıqlı, isti, üzümüz təbəssümlü olsun. Çünki dünyamız qadındır. Qadınları xoşbəxt edə bilsəniz, gör nələri əldə etmiş olarsınız…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir