Əsasən oktyabrın 31-nə təsadüf edən və bizimlə heç bir əlaqəsi olmayan “Halloween” bayramını qeyd etməkdəyik. Bunu ötən bazar günü “Park Bulvar Mall”da qarşılaşdığım böyük təntənə əsasında söyləyirəm. Burada hər addımda bayramın ruhuna uyğun rəngbərəng paltarlar geyindirilən onlarla uşaqla qarşılaşmaq mümkün idi.
Maraqlıdır, görəsən, valideynlər bizə aidiyyatı olmayan bu bayram haqqında məlumat verməsələr, uşaqlar haradan öyrənmiş olarlar? Deyərsiniz ki, indi internet əsridir, uşaqların da ki, hər birinin əlində telefon var, oradan öyrənirlər. Yaxşı, lap telefon vasitəsilə öyrəndilər. Bəs valideynlərinə bu bayram haqqında danışanda valideynlər onlara nə deyir? Görəsən, “bala, bunun bizə aidiyyatı yoxdur axı”, yoxsa “hə, nə yaxşı, gərək bunu qeyd edək”, deyirlər?
Mən belə bir qənaətə gəlirəm ki, valideynlər uşaqların bu istəklərini cavabsız qoymur ki, dünən özləri də onlarla birlikdə bu bayramı qeyd etmək üçün evdən bayıra çıxmışdılar. Və “Halloween”in Bakıda hər il daha təntənəli qeyd olunması da dediklərimi təsdiqləyir.
“Park Bulvar Mall”da yerləşən “Zəfəran” adlı restoran var. Biz oraya tez-tez gedərik, bu dəfə də çay üçün getmişdik. Restoranın qarşısında həqiqətən milli kaloritə uyğun xoş ab-hava yaradılıb. Burada müxtəlif milli məişət əşyaları, aksesuarlar, milli geyimdə mankenlər yer alır. Və elə bu milliliyin qarşısında da “Halloween” bayramının ənənələrinə uyğun olaraq maket qoyulmuş, valideynlər uşaqların həmin maketlər arxasından fotolarını da çəkib bu “əlamətdar” günü əbədiləşdirirdi.
Bayram libası geyinmiş, üzlərini boyamış klounlar da burada uşaqlarla və onların valideynləri ilə birlikdə idilər. Hətta çay içmək üçün müraciət etdikdə restorandan bizə bildirdilər ki, bağlıdır, bugünkü bayram üçün “rezerv” olunub. Deməli, burada təntənəli şəkildə “Halloween” qeyd olunacaqdı.
Maraqlıdır, bizə məxsus olmayan belə bayramları uşaqlarımızın ağlına kim salır? Onlar nə üçün dəyərlərimizlə, adət-ənənələrimizlə heç bir bağlılığı olmayan bayramlarda iştirak etməli, onun mərasimlərini həyata keçirməlidirlər?
Görəsən onlardan elə bu milli əhval-ruhiyyəli restoranın qarşısında soruşsalar ki, Novruz bayramı, onun çərşənbələri, bu çərşənbələrdə ayrı-ayrılıqda həyata keçirilən mərasimlərdən biri haqqında nə bilirsən, cavab verə biləcəklərmi? Və yaxud da bizim onlarla irili-xırdalı bayramımız var, onlar haqqında necə, bu uşaqların məlumatı varmı?
Çox vaxt gənclikdən gileylənirik. Onların dilimizə, adətlərimizə qayğı ilə yanaşmadığından danışırıq. Lakin bizə sual verən lazımdır ki, bu kimi məsələlərdə gənclərin günahı varmı? Biz yəqin ki, bu sual qarşısında bir qədər düşünməli olacağıq. Lakin heç düşünmədən də demək olar ki, xeyr, onların əsla günahı yoxdur. Çünki onlar bizim əsərimizdir. Necə yetişdirmişiksə, elə də yetişiblər. Bax, “Halloween” bayramındakı uşaqlar kimi…
İllər ötəcək, bu gün əlindən tutub “Halloween”ə apardığımız uşaqlar gənc olacaqlar. Bu zaman onlar milli bayramlarımızla bağlı nəyi isə bilmədikdə, biz onları qınayacağıq. Lakin əsla düşünməyəcəyik ki, axı onları bu günə biz gətirmişik.
Nə üçün biz Avropa ölkələrinin bir neçəsinə məxsus bayramı ölkəmizdə təntənəli şəkildə keçirməliyik? Buna vəsait ayırmalı, uşaqlar üçün paltar almalı, hətta həmin gün restoran da bağlatmalıyıq?
Axı həmin vəsaitin az bir hissəsini çox vaxt uşaqların sağlamliği, təhsili, gələcəyi üçün xərcləmirik. Biz “Halloween”ə ayırdığımız vaxtın yarısını ayırıb onlarla dilimizlə, tariximizlə, milli kinomuzla, bayramlarımızla bağlı söhbət etmirik. Sonra da deyirik ki, bu uşaqlar bizə oxşamır, bunlar kimə oxşayır belə? Kimə oxşayacaq? “Halloween”lərə. Qapılarımızı taybatay açıb yuxarı başa keçirdiyimiz bizə yad olanlara oxşayacaqlar.
Təəssüf ki, biz beləyik. Beləliklə hansı gələcəyə gedirik, bu da məlumdur. Yazıq uşaqlar: yazıq ki, biz onlara düzgün yolu göstərə bilmirik.
Mətanət Məmmədova