saxta evlilik

İnsanlar niyə saxta evliliyə gedirlər? - VƏKİL DANIŞIR

Baxış sayı: 322

“Bəzi insanlar öz cinsi kimliklərini və ya həyat tərzlərini ailə və ya cəmiyyətlə paylaşa bilmədikləri üçün saxta evliliyə yönələ bilər. İnsanlar ailənin və ya cəmiyyətin gözündə “normal” görünmək və ya təzyiqdən qurtulmaq üçün saxta ailə həyatı qururlar”.

Bu sözləri vəkil Turan Abdullazadə deyir.

Ailə qurmaq, insanların həyatında mühüm bir mərhələdir. Bu, yalnız bir-birini sevən iki insanın bir araya gəlməsi deyil, həm də bir çox emosional, sosial və iqtisadi üstünlükləri olan bir prosesdir. Ailə qurmaq, yalnız şəxsi bir qərar deyil, eyni zamanda cəmiyyətin inkişafı üçün də mühüm bir addımdır. Lakin bəzi insanlar şəxsi mənfəətlərini ön planda tutaraq ailə dəyərlərimizə ləkə vurur. Söhbət saxta evlilik edənlərdən gedir. Bəs hansı evliliklər saxta hesab olunur? İnsanlar nə üçün bu yola əl atırlar?

Turan Abdullazadə saxta evliliklərin yaratdığı hüquqi məsuliyyət barədə öz fikirlərini bölüşdü:

“Ailə Məcəlləsinə əsasən, nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.  Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyil. Yəni, Azərbaycan Respublikasında yalnız müvafiq icra hakimiyəti orqanında bağlanılmış nikah rəsmi hesab olunur.

Şəxslər rəsmi nikaha girəndən sonra faktiki olaraq ailə qurublarsa və ailə kimi yaşayırlarsa məhkəmə nikahı saxta hesab edə bilməz.

Saxta nikah bağlandığı halda nikahın qanunsuz olmasını bilməyən ər (arvad) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər”.

Onun sözlərinə görə, Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən,  bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

Hüquqşünas kimlərin nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olduğunu sadaladı:

1) yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı
2)  nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad);
3) nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu;
4) pozulmamış əvvəlki nikah üzrə ər (arvad);
5) müvafiq icra hakimiyyəti orqanı;
6) saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad);
7)  bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad).
“Ailə Məcəlləsinin 27.3-cü maddəsinə əsasən, saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz.

Bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır”, – deyə vəkil əlavə edib.

Sonda Turan Abdullazadə saxta evliliklərin səbəblərini qeyd etdi:

O bildirir ki, ən geniş yayılmış səbəblərdən biri vətəndaşlıq və ya yaşama icazəsi əldə etməkdir:

“Bir çox insan xarici ölkələrdə qalıcı yaşamaq, işləmək və ya təhsil almaq üçün bu yola baş vurur. Saxta evlilik, başqa cür əldə edilməsi çətin olan bir hüququ qazanmaq üçün vasitə olaraq görülə bilir.

Maliyyə məsələləri də bu səbəblər arasındadır. Bəzi insanlar üçün saxta evlilik maliyyə qazancları ilə əlaqədardır. Bu prosesdə iştirak edənlər bir-birinə ödənişlər edə bilər və ya birgə yaşayaraq maliyyə yardımı ala bilərlər. Bu, xüsusilə iqtisadi çətinlik çəkən və ya sosial yardımlardan faydalanmaq istəyən insanlar üçün cazibədar görünə bilər.

Digər bir səbəb isə ailə və cəmiyyət təzyiqidir. Cəmiyyət və ailə tərəfindən evlilik təzyiqi hiss edən insanlar da saxta evliliyə üz tuta bilir. Xüsusilə müəyyən yaşa gəldikdə və ailə tərəfindən “evlənmək məcburiyyəti” hiss edən insanlar üçün saxta evlilik, yalnız təzyiqləri aradan qaldırmaq məqsədi daşıya bilər”.

Bəzi hallarda saxta evliliklər sosial statusu qorumaq və ya xüsusi bir imic yaratmaq məqsədi ilə edilir. Məsələn, işgüzar dairələrdə “evli” statusu bəzi insanlar üçün daha ciddi qəbul edilmək və ya güvən qazanmaq anlamına gələ bilir.

Elə ölkələr var ki, orada evli insanlara müəyyən imtiyazlar və ya hüquqlar verilir. Bu, vergi güzəştləri, sığorta, sosial yardımlar və hətta müəyyən iş imkanlarını əhatə edə bilər. Bəzi insanlar bu üstünlüklərdən faydalanmaq üçün saxta evliliyə əl ata bilir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir