“Barmaqların gecə uyuşması müxtəlif səbəblərlə izah edilə bilər. Bu vəziyyət, əsasən sinir sisteminin fəaliyyətindəki dəyişikliklərdən irəli gəlir. Gecə saatlarında bədənin pozisiyasının dəyişməsi və yuxu zamanı qan dövranının azalması bu növ hissləri artıran amillərdən biridir”.
Bu sözləri MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir.
Həkimin sözlərinə görə, barmaqlarda uyuşma, bəzən sinir sıxılmasından və ya təzyiqdən qaynaqlanır. Məsələn, əgər bir şəxs yuxuda əllərini və ya barmaqlarını uzun müddət eyni vəziyyətdə saxlayırsa, bu zaman sinirlərə təzyiq tətbiq oluna bilər. Bu da, barmaqlarda qəfil hiss itkilərinə, yanma və ya uyuşma kimi hallara səbəb ola bilər.
Mütəxəssis deyir ki, bundan əlavə, bəzi xəstəliklər də barmaqlarda uyuşma hissinə səbəb ola bilər. Məsələn, əzələ və sinir problemləri, şəkər xəstəliyi və ya əzələ iltihabı kimi hallarda, bədənin periferik hissələrində, xüsusilə də barmaqlarda hiss itkiləri meydana gələ bilər.
Nərminə Abbasova bildirir ki, yuxu zamanı barmaqlarda hiss pozğunluqları daha çox müşahidə olunur, çünki bədənin hərəkətsizliyi və uzun müddət eyni pozisiyada qalması bu problemlərin yaranmasına şərait yaradır. Uyuşma hissi adətən qısa müddət ərzində keçsə də, davam edərsə və ya ağırlaşarsa, mütəxəssisə müraciət etmək faydalı ola bilər.
Ekspert son olaraq vurğuladı ki, yuxu keyfiyyəti və bədənin ümumi vəziyyəti də bu cür hissləri təsir edə bilər. Yaxşı yuxu və rahatlama sinir sisteminin düzgün işləməsini təmin edir, bu da barmaqlarda belə hisslərin qarşısını alır.