Orta statistik Azərbaycanlı ailəsinin büdcəsi uşaqların oyun və oyuncaq üçün xərclərini qarşılamaqda çətinlik çəkir. Günümüzdə sürətlə inkişaf edən oyuncaq sənayesi, hər yeni çıxan cizgi filmi və oyun personajlarını qısa müddətdə oyuncaq bazarına təqdim edə bilir. Bundan əlavə, qlobal dünyada uşaqların hələ kiçik yaşlarından internetə çıxışı olduğu üçün dərhal həmin oyun və oyuncaqları istəməyə başlayırlar. Bu prosesi maddi və fiziki cəhətdən tənzimləmək çox çətin olur. Çətinliklə yanaşı, bu, təlim-tərbiyə prosesinə də mənfi təsir göstərir. Bunun üçün ailələr, uşaqların oyun və oyuncaq, eləcə də əyləncə büdcəsini planlaşdırarkən bir neçə nüansa diqqət etməklə məsələni həm maddi, həm fiziki, həm də mənəvi cəhətdən müsbətə doğru dəyişə bilərlər.
Belə ki, uşaqların əyləncə, oyun və oyuncaq xərcləri hesablanarkən, ilk növbədə onların asudə vaxtı düzgün bölüşdürülməli, yuxu rejimləri, fiziki və zehni inkişafları ilk sırada durmalıdır. Əyləncə və istirahətləri isə faydalı və öyrədici idman və oyun növləri daha məqsədə uyğundur. Müxtəlif idman növləri var ki, məsələn şahmat, dama, oxatma, üzgüçülük, tennis və s. – həm fiziki, həm də beynin müxtəlif bölgələrini inkişaf etdirərək uşaqların sağlam böyüməsində önəmli rol oynayır.
Bundan əlavə, aqressiv və qeyri-real kompüter oyunlarının əvəzinə rəngləmə, puzzle yığma, lego və konstruktiv oyunların oynanması daha üstün olardı. Rəngləmə zamanı diqqət dağınıqlığı, əl və barmaqların inkişafı, kreativ düşünmə bacarığı inkişaf edir, eyni zamanda rəng psixologiyası da insan həyatına təsir edir. Puzzle və konstruktiv oyunları yığarkən beyin inkişaf edir, məntiqi təfəkkür formalaşır. Nəzərə alsaq ki, uşaqların öyrənmə qabiliyyəti yüksəkdir, bu zamanlarda onların bu cür öyrədici fəaliyyətləri gələcəkləri üçün çox faydalıdır. İşin əyləncə hissəsinə gəldikdə isə uşaqlar üçün daha önəmli olan valideynlərinin onlarla birlikdə vaxt keçirməsidir. Bu zaman rəqs, master-klaslar və ya ev şəraitində hər hansısa oyunların oynanması və ya kiçik həcmli ev əşyalarının təmiri, nəzarətdə saxlanılmaqla onlarla birlikdə yemək və ya şirniyyat hazırlamaq da mümkündür.
Ruzanna Bəşirova
Xərclər üzrə konsultant