Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma qaydasında dəyişiklik edilib. Bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən məişət zorakılığı ilə bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu Qanunun 6.3-cü maddəsinin (Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır) və 8-ci maddəsinin (Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri) tələbləri nəzərə alınmaqla 5 gün müddətində, bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan halda (müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən və qısamüddətli mühafizə orderinin verilməsindən məhkəməyə şikayət verilə bilər) müraciət edilən vaxtdan 24 saat keçənədək baxılacaq. Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə halları öyrənmək zərurəti yarandıqda, şikayətə baxılma müddəti 5 (beş) gündən çox olmayaraq (bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) uzadıla bilər. Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin ediləcək. Zərər çəkmiş şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunacaq. Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin olunacaq.
Məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunacaq:
– məişət zorakılığı törətmiş şəxsə qanunla müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;
– məişət zorakılığı törətmiş şəxsin qanunla müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;
– əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin qanunla müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;
– zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;
– zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.
Bunlar Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun yeni redaksiyada təklif edilən 9-cu maddəsində əksini tapıb. Xəbərdarlığın icrasına bu barədə qərar qəbul etmiş orqan tərəfindən zorakılığı törətmiş şəxsin hərəkətlərinə diqqət yetirilməsi, habelə onunla və zərər çəkmiş şəxslə söhbətlərin aparılması formasında nəzarət həyata keçiriləcək. Qeyd edilir ki, hazırda qüvvədə olan qanuna əsasən, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır.
“Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna edilən dəyişikliyi müsbət adlandıran “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, mövcud dəyişikliklər məişət zorakılığının qarşısının qısa müddətdə alınmasına hesablanıb:
– Məişət zorakılığı hallarının son zamanlar artmasını nəzərə alsaq, qanuna dəyişiklik müsbət xarakterlidir. Məişət zorakılığının qarşısının tez bir zamanda alınması vacibdir, çünki burada tərəflərdən birinə ciddi xəsarət yetirmə də ola bilir. Təhlükənin miqyasını minimuma endirmək üçün operativ reaksiya verilməsi zəruridir. Dəyişiklikdə əksini tapır ki, məişət zorakılığı ilə bağlı şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda qanunun tələbləri nəzərə alınmaqla 5 gün müddətində baxılmalıdır. Qanunda nəzərdə tutulan halda şikayət olduqda müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verilir. Biz mühafizə orderinin əhəmiyyətini daim vurğulamışıq. Mühafizə orderi zorakılığa məruz qalan şəxsin təhlükəsizliyinin təmini baxımından vacibdir. Həm də bunun qısa müddətdə həll edilməsi, şikayətə 5 gün müddətində baxılması, 24 saat ərzində xəbərdarlıq edilməsi təhlükənin miqyasını azaldır. Bu, şikayətlərə qısa müddətdə və operativ reaksiya verilməsi deməkdir və müsbət haldır. Həmçinin zorakılığa məruz qalmış şəxsin müvəqqəti sığınacağa yerləşdirilməsi də, yekun qərar qəbul edilənədək onu təhlükədən uzaqlaşdırır. Qanuna dəyişiklikdə məişət zorakılığı ilə bağlı şikayətə baxılma müddəti ilə yanaşı, şikayətə baxmalı olan orqan, şikayətə baxılan zaman dəvət olunmalı şəxslərin əhatə dairəsi, o cümlədən vəkil, psixoloq və tərcüməçilərin xidmətindən istifadə, həmçinin yetkinlik yaşına çatmayan və ya əlilliyi olan şəxslərin dindirilməsi zamanı psixoloq və pedaqoqların iştirakının təmin olunması, eyni zamanda məişət zorakılığı barədə şikayətlərə baxılmanın nəticələrinə dair yekunda qəbul olunan qərarlar da əksini tapıb. Çox yaxşı haldır ki, şikayətlərə baxılma zamanı hüquqşünaslar, vəkil, psixoloq, hətta pedaqoqların da iştirakı zəruri hesab edilir. Məişət zorakılığı daha çox ailə daxilində baş verdiyindən ailənin digər üzvləri də həm məsulyyət daşıyır, həm də zərərçəkən qismində olurlar. Ailənin böyükləri məsuliyyət daşıyır, kiçiklər isə psixoloji travma alır. Ona görə də şikayətlərə baxıldıqda, qərar qəbul edildikdə təkcə ailə başçıları deyil, uşaqlar da nəzərə alınmalıdır ki, qərar onlara necə təsir edəcək.
Məlahət Rzayeva