Nuride Cavadova

Duyğuları necə idarə edək? - "NURlu bələdçi"

Baxış sayı: 412

Yaradılışdan insan duyğularla yaşayan varlıqdır. Duyğularımız dəcəl uşaq kimidir: Heç ağıla qulaq asmaz, dinləməz, tabe olmaz. Ancaq onların da öz dili var. Gərək onları özbaşına buraxmayasan.

Duyğularımızı idarə edə bilməsək, onlar bizi idarə edər. Bu isə hər zaman yaxşı nəticə verməyə bilər. Gəlin, bu dəfə də duyğularımızın idarə edilməsi haqqında danışaq.

 

Duyğuları necə idarə etməliyik?

Güclü emosiyalarla başa çıxmağın bir sıra praktik yolları var. Bu yollardan istifadə edərək duyğularınızı idarə edə bilərsiniz.

Hər bir insan həyatında qəzəb, qorxu və stress kimi güclü emosiyalar yaşayır. Ancaq bu duyğuları idarə edə bilməmək həm psixoloji, həm də fiziki sağlamlığa mənfi təsir göstərə bilər. Buna görə də onları düzgün istiqamətləndirmək və idarə etmək çox vacibdir. Aşağıda sizə güclü emosiyalarla effektiv mübarizə aparmaq üçün praktik tövsiyələr təqdim etmək istəyirəm.

 

1) Qəzəbi necə idarə etməli?

Qəzəb insani bir duyğudur, lakin onu nəzarətsiz buraxmaq insanı agresiv, gərgin və nəzarətsiz hala sala bilər. Onu düzgün idarə etmə yolları:

Qəzəbləndiyiniz an nəfəs məşqləri edin: Dərin nəfəs almaq (4 saniyə burundan nəfəs almaq, 6 saniyə saxlamaq və 8 saniyə ağızdan buraxmaq) sizi sakitləşdirəcək. Hətta hər gün səhər bu məşqləri etsəniz, nə olursa olsun qəzəb duyğunuz qırmızı xətti keçməyəcək.

Problemə dərhal reaksiya verməyin: Qəzəbli olanda düşünmədən danışmaq və ya hərəkət etmək sonradan peşmançılıq yarada bilər. Cavab vermədən öncə özünüzə bir neçə saniyə vaxt verin.

Qəzəbi fiziki fəaliyyətə yönəldin: Qaçış, idman və hətta gəzinti etmək bədəninizdə toplanmış gərginliyi azalda bilər.

Uzun sürən qəzəb zamanı duyğularınızı yazın: Duyğularınızı bir vərəqə yazmaq, onları daha yaxşı anlamağa və qəzəbinizi idarə etməyə kömək edəcək. Hətta yazarkən tamamilə sakitləşdiyinizi və verdiyiniz reaksiyanın mənasız olduğunu görə bilərsiniz.

Başqa bucaqdan baxın: Qarşınızdakı insanın niyyətini və davranışlarını anlamağa çalışın. Ola bilsin ki, sizə qəsdən pislik etmir.

 

2) Qorxu ilə necə başa çıxmalı?

Qorxu insan həyatı üçün ən vacib duyğudur. Qorxu duyğusu olmasa, biz həyatda qala bilmərik. Çünki o, bizi real təhlükələrdən qoruyur. Lakin bəzən əsassız qorxular həyatımıza nəzarət etməyə başlayır. Onun öhdəsindən gəlmək üçün:

Qorxularınızı adlandırın: Nədən və niyə qorxduğunuzu müəyyənləşdirin. Qorxunuz realdırmı, yoxsa beyniniz onu şişirdirmi?

Fikrinizi yayındırın: Qorxu hissi yarananda diqqətinizi başqa bir şeyə yönəldin – musiqi dinləmək, kitab oxumaq və ya dostla danışmaq kimi.

Ən pis ssenarini düşünün: Əgər qorxduğunuz şey baş versə, ən pis nə ola bilər? Çox vaxt beynimizdə qorxularımızı olduğundan daha böyük canlandırırıq. Təsəvvür edin ki, qorxu qapınızı döyür və siz qaçıb bir küncdə gizlənirsiniz. Ancaq qapını açıb onu qarşılasanız, düşündüyünüz qədər də qorxunc olmadığını görəcəksiniz. Bu üsulu istifadə edin.

Tədricən qorxularla üzləşin: Qorxduğunuz şeylərdən qaçmaq əvəzinə, onlarla üzləşərək beyninizi bu vəziyyətə öyrəşdirin.

Bədən reaksiyanızı idarə edin: Qorxduğunuzda ürək döyüntünüz sürətlənir və bədəniniz gərginləşir. Dərin nəfəs almaq və əzələləri rahatlaşdırmaq sizi sakitləşdirəcək. Və ya bədən duruşunuzu dəyişin. Dik və özgüvənli duruş daxili gərginliyi aradan qaldırmağa kömək edir. Çünki zehin və bədən birgə işləyir. Zehindən keçən düşüncə birbaşa bədənə, bədən duruşu isə zehinə təsir edir.

 

3) Stressi necə düzgün idarə etməli?

Stressin uzunmüddətli olması həm psixoloji, həm də fiziki sağlamlığa zərər verə bilər. Onun öhdəsindən gəlmək üçün:

Gündəlik plan tərtib edin: Həyatınızdakı xaos stressi artırır. Gününüzü və işlərinizi planlaşdıraraq idarəolunan hala gətirin.

Fiziki aktiv olun: İdman və ya sadəcə gəzmək stress hormonlarını azaldır və əhvalınızı yaxşılaşdırır. Hətta yaddaş və diqqəti də gücləndirir.

Rahatlaşdırıcı texnikalar tətbiq edin: Meditasiya, nəfəs məşqləri və yoga kimi texnikalar stressi azaltmağa kömək edir.

Ümumiyyətlə, çözümü olmayan şeyləri düşünməməyə çalışmaq, çözümü olanları isə həll yollarını axtarıb problemi çözmək stressiz həyat deməkdir.

Bəzi hallarda pozitiv düşünün: Bəzi şeyləri dəyişdirə bilmədiyiniz zaman, onlara münasibətinizi dəyişdirin. Hər zaman baş verən problemdə bir dərs və ya bir fürsət olduğunu bilin və bunu görməyə çalışın. Çünki, bir dərd hər zaman digərinin dərmanıdır. Sadəcə bunu görə bilmək lazımdır.

Özünüzə vaxt ayırın: Hobbilərinizə, sevdiyiniz işlərə vaxt ayırmaq sizi stresdən azad edəcək. Özünüzü unutmayın!

Sərhədlərinizi müəyyənləşdirin: Həddindən artıq məsuliyyət götürməyin, “yox” deməyi öyrənin və başqalarının sizdən istifadə etməsinə imkan verməyin!

Əziz oxucum, ümumiləşdirərək demək istərdim ki, duyğularınıza nəzarət edin, onlar sizə nəzarət etməsin! Duyğularımızı inkar edərək onlardan qaçmayaq.

Əsas məsələ onları tanımaq, başa düşmək və düzgün istiqamətləndirərək idarə etməyi öyrənməkdir. Güclü emosiyalar həyatımızın bir hissəsidir, biz onları idarə etdikdə, onlar bizə idarə etməyəcək.

Əgər qəzəb, qorxu və stress həyatınıza ciddi təsir edirsə və onları təkbaşına idarə edə bilmirsinizsə, bir psixoloq və ya psixoterapevtə müraciət etmək faydalı ola bilər. Unutmayın: Siz duyğularınızı idarə etdikcə, həyatınıza daha çox nəzarət edə biləcəksiniz!

 

Bu da sizi uğurlu, sağlam və xoşbəxt edəcək. Hər birinizə bu xoşbəxtliyi arzu edirəm.

 

Psixoloq Nuridə Cavadova

 

(Psixoloq Nuridə Cavadova ilə 051 234 19 00 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz)




4 şərh “Duyğuları necə idarə edək? – “NURlu bələdçi”

  1. Ruslan Salahov

    Qəzəbi idarə etmək üçün verilən nəfəs məşqləri məni çox maraqlandırdı. Mən də tez-tez qəzəblənirəm və bu cür sadə üsulların köməyi ilə daha sakit olmağı öyrənməyə çalışacam. Ümumiyyətlə, duyğuları necə idarə etmək barədə danışmanız çox vacibdir. Çox sağ olun!

    Cavabla
  2. Vahid Ə.

    Qorxu ilə necə başa çıxmaq barədə çox maraqlı fikirlər irəli sürmüsünüz. Lakin, qorxularımızın çoxu keçmiş təcrübələrdən yaranır. Belə halda, bu qorxuları tamamilə necə aradan qaldıra bilərik?

    Cavabla
  3. Taryel

    Stressin idarə edilməsi ilə bağlı verdiyiniz tövsiyələr çox faydalıdır. Ancaq bəzən insan özünü çox tələskən hiss edir və gündəlik planı reallaşdırmaq çətin olur. Bu halda, daha az stressli olmaq üçün nə etməliyik?

    Cavabla
  4. Arif Pənciyev

    Duyğularımızın idarə olunması haqqında yazı çox aktual bir mövzudur. Mənim də stresim çox olur və bu yazı stressi necə azaltmaq barədə çox faydalı oldu. Gündəlik plan qurmaq və özümə vaxt ayırmaq kimi tövsiyələri həyatımda tətbiq etməyi düşünürəm. Çox gözəl yazı, təşəkkürlər!

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir