Elil

Cəmiyyətin əlillərə yanaşması: Stereotiplər və onların qırılması

Baxış sayı: 511

Son illərdə cəmiyyətdə inklüzivliyinə və əhəmiyyətinə daha çox diqqət yetirilsə də, əlillərlə bağlı köklü stereotiplər hələ də qalmaqdadır. Bu yanlış yanaşmalar əlillərin cəmiyyətdə tam iştirakına mane olur və onların sosial həyatda inteqrasiyasını çətinləşdirir. Bir çox hallarda əlillər yanlış olaraq zəif, köməyə möhtac və ya sosial həyatdan uzaq fərdlər kimi qəbul edilir. Halbuki hər bir insanın özünəməxsus bacarıqları və cəmiyyətə töhfə vermək potensialı vardır. Bu məqalədə cəmiyyətdə mövcud olan stereotipləri araşdıracaq, onların əlillərin həyatına təsirlərini müzakirə edəcək və bu stereotiplərin dəyişdirilməsi yollarını təklif edəcəyik. Məqsədimiz cəmiyyətdə inklüziv düşüncəni təşviq edərək, hər kəs üçün bərabər hüquqların və imkanların olduğu bir mühitin vacibliyini vurğulamaqdır.

 

Cəmiyyətdə mövcud stereotiplər

Əlillərlə bağlı stereotiplər uzun illər ərzində cəmiyyətdə müxtəlif mədəni, sosial və iqtisadi faktorların təsiri ilə formalaşıb. Bu yanaşmalar çox vaxt əlilləri zəif və asılı vəziyyətdə təsvir edir və onların cəmiyyətin tam hüquqlu üzvü kimi qəbul edilməsini çətinləşdirir. Cəmiyyətdə ən çox yayılan yanlış düşüncələrdən biri əlillərin müstəqil yaşaya bilməməsi ilə bağlıdır. Bu yanaşma onların gündəlik həyatlarında qarşılaşdığı əsas çətinliklərdən biridir. Halbuki müasir texnologiyalar, uyğunlaşdırılmış mühit və cəmiyyətin dəstəyi ilə əlillər tam müstəqil və aktiv həyat yaşaya bilərlər. Əlillərlə bağlı bəzi işə götürənlər və təhsil müəssisələri arasında belə bir fikir formalaşır ki, onlar digərləri ilə müqayisədə daha az səmərəlidirlər və məhsuldardırlar. Bu düşüncə onların iş tapmasını və təhsildə irələməsini məhdudlaşdırır. Halbuki onların potensialı çox vaxt düzgün qiymətləndirilmədiyi üçün bu nəticəyə gəlinir. Mediada əlillər çox vaxt iki fərqli obrazda təqdim olunur: ya “qəhrəman”, ya da “məzlum”. Bu yanaşma da stereotiplərin möhkəmlənməsinə səbəb olur, çünki əlilləri ya qeyri-adi gücə malik insanlar, ya da yalnız köməyə möhtac şəxslər kimi görməyə alışdırır. Halbuki onların həyatı da digərləri kimi müxtəlif və rəngarəngdir.

 

Stereotiplərin fəsadları

Cəmiyyətdə mövcud olan stereotiplər əlillərin həyatına birbaşa mənfi təsir göstərir. Bu təsirlər təkcə sosial münasibətlərlə məhdudlaşmır, eyni zamanda onların psixoloji vəziyyətinə, təhsil və məşğulluq imkanlarına da ciddi zərbə vurur. Stereotiplər sosial inteqrasiyaya ciddi mane olur. Əlillər bəzən yalnız fiziki maneələrlə deyil, həm də cəmiyyətin mənəvi baryerləri ilə qarşılaşırlar. Bu vəziyyət onların ictimai fəaliyyətlərdə iştirakını azaldır, tənhalıq və sosial təcrid hissini gücləndirir. Stereotiplər əlillərin özünə inamını zəiflədə bilər. Bu cür yanaşmalar nəticəsində onlar cəmiyyətdə layiqli yer tuta bilməyəcəklərini düşünür və potensiallarını tam üzə çıxara bilmirlər. Uzun müddətli dövrdə bu, psixoloji narahatlıqlara, motivasiya itirilməsinə və depressiyaya səbəb ola bilər. Əlillərlə bağlı stereotiplər onların təhsil və iş imkanlarını da məhdudlaşdırır. İşə götürənlərin və təhsil müəssisələrinin qərəzli yanaşması səbəbindən çoxlu istedadlı və bacarıqlı insanlar öz potensiallarını göstərə bilmirlər. Halbuki müasir cəmiyyətin inkişafı üçün müxtəlif bacarıqlara malik fərdlərin iştirakına ehtiyac vardır.

 elillik

Stereotipləri qırmaq üçün təkliflər

Cəmiyyətdə stereotipləri qırmaq və inklüzivliyi artırmaq üçün müxtəlif yanaşmalar həyata keçirilməlidir. Bu yanaşmaların məqsədi əlillərə fərqli və qeyri-real obrazlar yükləmədən, onları cəmiyyətin bərabər hüquqlu üzvü kimi qəbul etməkdir. Cəmiyyəti məlumatlandırmaq və stereotipləri dəyişdirmək üçün maarifləndirmə kampaniyaları mühüm əhəmiyyət daşıyır. Bu kampaniyalar vasitəsilə əlillərin real həyatdakı təcrübələri və bacarıqları barədə doğru məlumatlar yaymaq mümkündür. Məktəblər, iş yerləri və ictimai platformalar bu cür təşəbbüslər üçün ideal məkanlardır. Mediada əlillərin uğurlarını qeyri-adi qəhrəmanlıq hekayəsi kimi deyil, həyatın müxtəlif sahələrində qazandıqları normal nailiyyətlər kimi təqdim etmək vacibdir. Onların təhsil, iş və sosial həyatdaki uğurları adi inkişaf prosesinin bir hissəsi kimi göstərilməlidir. Bu yanaşma cəmiyyətin onların potensialını daha obyektiv qiymətləndirməsinə kömək edəcək və reallığı əks etdirən nümunələr yaradacaq. İnklüziv təhsil stereotipləri aradan qaldırmaq üçün ən güclü vasitələrdən biridir. Məktəblərdə fərqli imkanlara malik uşaqların birlikdə təhsil alması, onların bir-birini daha yaxşı tanımasına və sosial münasibətlərin inkişafına səbəb olur. Bu yanaşma gələcəkdə daha açıq fikirli və anlayışlı cəmiyyətin formalaşmasına yol açır. İşə götürənlərin əlillərin bacarıqlarını düzgün qiymətləndirməsi və onlara bərabər imkanlar yaratması vacibdir. İnklüziv iş mühiti həm işçilərin, həm də təşkilatların inkişafına müsbət təsir göstərir. Müxtəliflik və inklüzivlik təşkilatlara daha geniş perspektivlər qazandırır.

 

Nəticə

Əlillərə qarşı mövcud stereotiplərin dəyişdirilməsi cəmiyyətin daha ədalətli və inklüziv olması üçün zəruridir. Stereotiplərin yaratdığı maneələr yalnız əlillərin həyatını çətinləşdirmir, eyni zamanda cəmiyyətin inkişafına da əngəl olur. Hər bir fərdin bərabər hüquqlara və imkanlara malik olduğu cəmiyyət qurmaq üçün ilk növbədə bu yanlış yanaşmaları aradan qaldırmaq lazımdır. Maarifləndirmə, inklüziv təhsil, obyektiv uğur hekayələrinin təbliği və bərabər iş imkanları stereotiplərin qırılmasında əsas rol oynayır. Əlilləri cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul etmək və onların potensialına inanmaq cəmiyyətin ümumi rifahına töhfə verəcəkdir. Unutmayaq ki, fərqlilik zəiflik deyil, əksinə cəmiyyətin güc mənbəyidir. Bərabər yanaşmanın olduğu inklüziv bir cəmiyyət qurmaq hər birimizin məsuliyyətidir.

 

Fidan Hacıyeva Ağazadə

Orvita Psixoloji Reabilitasiya Mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir