Gürcüstandan Azərbaycana “donuz qripi”nə yoluxmuş şəxslər gəlibmi?

Baxış sayı: 2. 140

Səhiyyə Nazirliyi açıqlama yaydı

Azərbaycanda ötən qış mövsümünün müvafiq dövrü ilə müqayisədə bu qış mövsümündə kəskin respirator xəstəliklərə yoluxanların sayı azalıb. qrip_maska

Bunu Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyadan bildiriblər.

Stansiyadan bildirilib ki, ötən qış mövsümündə kəskin respirator infeksiyalara yoluxanların sayı artsa da, bu il yoluxmaların sayında azalma müşahidə edilir. Bunun əsas səbəbi isə builki mövsümdə hava şəraitinin nisbətən soyuq keçməsi ilə izah oluna bilər.

Taun Əleyhinə Stansiyadan deyilib ki, Gürcüstandan Azərbaycana “donuz qripi”nə yoluxmuş xəstə şəxslərin gəlməsi faktları hələ aşkarlanmayıb və bu məsələ ilə bağlı vəziyyət hazırda normaldır: “Bu günə olan məlumata görə, kəskin respirator infeksiyalara yoluxanların sayında artım yoxdur. Ona görə də əlavə tədbirlər keçirilmir. Ancaq biz öz tədbirlərimizi görürük. Şübhəli xəstələr nəzarətdə saxlanılır və onlar müayinələrdən keçirilir. Əgər xəstənin 2-3 gün davam edən qızdırması olarsa, biz ondan götürülmüş müayinə materiallarını laboratoriyalarda yoxlayırıq. Ancaq hələ ki, bizdə “donuz qripi” aşkarlanmayıb”.

Stansiyadan bildirilib ki, “donuz qripi” xəstəliyinin əlamətləri qripin əlamətləri ilə oxşardır və bu əlamətlər bir-birindən kəskin şəkildə fərqlənmir. Belə xəstələrdə, əsasən, yüksək temperatur, bəzi hallarda oynaq ağrıları olur. Xəstənin “donuz qripi”nə yoluxması laborator müayinələr nəticəsində təsdiqlənir.

Qeyd edək ki, ekspertlərin proqnozlarına görə, 2014-cü ilin yanvarından Gürcüstanda virus infeksiyalarına yoluxanların sayında artım olacaq. Ötən il Gürcüstanda “donuz qripi” xəstəliyinə yoluxmuş 300 nəfər insan dünyasını dəyişib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir