ayaqagrisi

Ayaqlarınız yorulursa… Rahat yerimək üçün nə etməli?

Baxış sayı: 1. 692

Günümüzdə müasir qadınların əksəriyyəti, hətta cavan yaşda olan qadınlar da ayaqlarının yorulmasından şikayətçidirlər.

Buna müxtəlif amillər səbəb ola bilər. Dəbə uyğun hündür topuqlu ayaqqabılar,  fiziki aktivliyin azalması, müxtəlif zərərli vərdişlərdən və qeyri-sağlam qidalardan istifadə bu amillər sırasındadır. Bəs ayaqlara əvvəlki yüngüllüyünü və buna bağlı olaraq da özümüzə yaxşı əhval-ruhiyyəni necə qaytara bilərik?

Ayaqlar niyə yorulur?

Ayaqlarınızın yorulmasının səbəbləri çox ola bilər. Günümüzdə tez-tez və ya periodik olaraq ayaq ağrısından şikayət etməyən qadına rastlamaq çox çətindir. Bu, ilk növbədə düzgün seçilməmiş ayaqqabı ilə əlaqədardır. Təəssüf ki, hazırda əsasən aşağı və orta keyfiyyətli müasir ayaqqabı istehsalçılarının böyük əksəriyyəti istehsal etdikləri ayaqqabının yeriş üçün rahat olub-olmadığı haqda düşünmürlər. Əksər hallarda müasir qadınlar da ayaqqabı seçərkən “Gözəllik qurban tələb edir” şüarını əsas tutaraq onun rahatlığına deyil, gözəlliyinə diqqət edirlər. Ancaq düşünmürlər ki, bu şübhəli gözəllik üçün sağlamlığı qurban verməyə dəyərmi? Əgər yeriyən zaman ayaqlarınızın yorulmağını və bu yorğunluğun nəticədə aşağı ətrafların varikozuna gətirib çıxarmağını istəmirsinizsə, ayaqqabı seçərkən onun dəbə uyğun olması ilə yanaşı rahat olmasına da diqqət edin. Ayaqqabını geyinib yoxladığınız zaman ayağınızın tam və sıx şəkildə ayaqqabı astarına oturmasına fikir verin, əsasən orta hissəsinin. “Geyindikcə açılar” düşüncəsi ilə bir ölçü kiçik ayaqqabı almayın, keyfiyyətli ayaqqabı bir ölçü böyüklüyündə genişlənərək ölçüsünü dəyişə bilməz. Nəhayət, gündəlik istifadə üçün topuğu 4-5 sm-dən hündür olan ayaqqabı almayın, “şpilka” və hündürdaban ayaqqabıları isə xüsusi gecələr və ictimai tədbirlər üçün saxlayın.

Ayaqlarınızın yorulmasının səbəbi həyat tərziniz də ola bilər. Məsələn, oturaq iş və ya çox gəzmənizi, ayaqüstə dayanmanızı tələb edən işlər bu yorğunluğun qaynağı ola bilər. Belə halda sizə profilaktik gimnastika, həmçinin qaçış, hovuzda üzmə kimi idman növləri ilə məşğul olmaq kömək edər. Axşam ayaqlar üçün profilaktik sərin vannalar qəbul edin, ayaqlarda yorğunluğu aradan qaldıran kremlərdən istifadə edin və s. Unutmayın ki, bu qəbildən olan ağrılar yeni yaranmağa başlayan varikoz xəstəliyinin xəbərçisi ola bilər. Buna görə də profilaktik tədbirlər sizə ancaq xeyir gətirər.

Ayaqlarınız yorulursa, nə etməli?

Bəzi sınaqdan keçmiş üsullar və prosedurlar var ki, onların tətbiqi ayaqlarınızın yorğunluğunu aradan qaldırmaqda sizə yardımçı ola bilər:

– gimnastika – barmaq uclarında gəzmək, ayaqyalın şəkildə dabandan barmaq uclarına təzyiq verərək gəzmək, barmaqların uclarını özünüzə doğru və əks istiqamətdə dartmaq, həmçinin ayaqlarınızı bir tərəfdən digərinə doğru döndərmək kimi primitiv hərəkətlər qan dövranını yaxşılaşdırır və gərilmiş əzələləri rahatladır;

– müalicəvi vannalar – ayaqlardakı yorğunluq, zoqquldama və ağırlığın aradan qaldırılmasında cökə çiçəyi, çobanyastığı cövhərindən hazırlanmış və ya dəniz duzu qatqılı rahatladıcı vannalar da effektiv təsir göstərir;

– massaj və ya özünümassaj — ayaqları yorulan hər bir qadın massajın necə rahatladıcı və xoş təsir bağışlaya biləcəyini gözəl bilir. Təəssüf ki, hər kəsin şəxsi massajisti yoxdur. Buna görə də özünümassajın bəzi incəliklərini öyrənmək heç də pis olmazdı. Bunun üçün ilk əvvəl ayaqlarınızı, sonra hər barmağınızı bir-bir gərmək lazımdır. Massajı rahatladıcı vannadan sonra etmək daha xeyirli olar, massajdan sonra isə ayaqları yuxarı qaldırmaq və bu halda 10-15 dəqiqə uzanmaq məsləhətdir.

Əgər ayaqlarınız yorulursa, ayaqqabınızı dəyişin, idmanla məşğul olun, həmçinin sadə və effektiv prosedurları tətbiq etməkdən də çəkinməyin. Daha yaxşısı isə ortopedə və fleboloqa müraciət edin, ola bilər ki, sizdə problem ayağınızın quruluşundadır və ya ayaqlarınızdakı yorğunluq inkişaf etməkdə olan varikozdan xəbər verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir