Astma – nəfəs yollarının xroniki iltihablı xəstəliyidir. Bu xəstəlik nəfəs yollarının daralması, öskürək, təngnəfəslik və hırıltılı nəfəsalma ilə müşayiət olunur. Dünyada milyonlarla insan astmadan əziyyət çəkir və bu problem həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilər. Lakin düzgün diaqnoz, nəzarət və müalicə ilə astmanı effektiv şəkildə idarə etmək mümkündür.
Astmanın əlamətləri
Astmanın əsas əlamətləri aşağıdakılardır:
Gecə və ya səhər saatlarında öskürək
Təngnəfəslik (xüsusilə fiziki fəaliyyət zamanı)
Sinə gərginliyi və ya ağrı
Xırıltılı nəfəsalma
Dönə-dönə baş verən nəfəs problemləri
Bu əlamətlər allergenlərə (toz, polen, heyvan tükü və s.), soyuq havaya, stressə və ya fiziki aktivliyə cavab olaraq artış göstərə bilər.
Astmanın müalicə yolları
Astmanın müalicəsi əsasən iki istiqamətdə aparılır: nəzarətedici müalicə və təcili yardım müalicəsi.
1) İnqalyasiya qərmanları
Astmanın əsas müalicə üsulu inqalyasiya dərmanlarıdır. Bu dərmanlar birbaşa nəfəs yollarına təsir göstərir və yan təsirləri minimal olur.
Bronx genişləndiricilər (qısa təsirli beta-agonistlər): Astma tutmaları zamanı istifadə olunur (məsələn, salbutamol).
İltihabəleyhinə dərmanlar (kortikosteroid inhalyatorları): Astmanın gündəlik nəzarətində əsas rol oynayır. (məsələn, beklometazon, flutikazon).
2) Allergenlərdən uzaq durmaq
Astmanın pisləşməsinin qarşısını almaq üçün xəstənin allergik reaksiya verə biləcəyi maddələrdən uzaq qalması vacibdir:
Ev tozunu azaldın.
Ev heyvanlarından uzaq olun və ya onları tez-tez yuyun.
Siqaret tüstüsündən uzaq durun.
Havanın keyfiyyətinə diqqət yetirin (tozlu, rütubətli mühitlərdən çəkinin).
3) İmmunoterapiya (Allergenə qarşı peyvəndlər)
Əgər astma müəyyən allergenlərə qarşı inkişaf edibsə və bu allergenlər müəyyən edilə bilirsə, immunoterapiya tətbiq edilə bilər. Bu müalicə bədənin allergenə qarşı həssaslığını azaldır.
4) Fiziki aktivlik və sağlam yaşam tərzi
Düzgün nəfəs texnikaları və müntəzəm idman nəfəs alma qabiliyyətini yaxşılaşdırır.
Artıq çəkidən azad olmaq astma simptomlarını azalda bilər.
Düzgün qidalanma və stressin idarə olunması da mühüm rol oynayır.
5) Təcili yardım planı
Astmalı xəstələrin şəxsi “təcili yardım planı” olmalıdır. Bu plan:
Hansı dərmanların gündəlik istifadə olunacağını,
Hansı vəziyyətlərdə həkimə müraciət edilməli olduğunu,
Astma tutması zamanı nə etməli olduğunuzu izah etməlidir.
Astma tam sağalan xəstəlik olmasa da, düzgün müalicə və nəzarət ilə xəstəlik simptomlarını minimuma endirmək mümkündür. Hər bir astma xəstəsi fərdi olaraq müalicə planına ehtiyac duyur. Bu səbəbdən, mütləq həkimlə məsləhətləşmək və təyin olunmuş müalicə rejiminə ciddi şəkildə riayət etmək vacibdir.
Nərminə Abbasova
MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)