Qalxanabənzər vəz (tiroid vəzi) boynun ön hissəsində yerləşən kiçik, amma olduqca mühüm bir orqandır. Onun ifraz etdiyi hormonlar bədənin maddələr mübadiləsinə, enerji səviyyəsinə, ürək ritminə, hətta psixoloji vəziyyətə təsir edir. Buna baxmayaraq, tiroid pozğunluqları çox zaman fərq edilmədən inkişaf edir və insan uzun müddət problemin fərqinə varmır.
Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bildirir ki, tiroid vəzi pozğunluqları olduqca yayğındır və xüsusilə qadınlarda daha çox rast gəlinir:
“Qalxanabənzər vəzin az və ya çox işləməsi orqanizmdə ciddi dəyişikliklərə səbəb olur. Hipotireoz zamanı — yəni vəz zəif işlədikdə — insan tez yorulur, üşüyür, çəki alır, dəridə quruluq, yuxululuq və depressiyaya meyillilik yaranır. Hipertireozda isə əksinə — arıqlama, tərləmə, əsəbilik, yuxusuzluq və ürəkdöyünmə müşahidə olunur.”
Həkim qeyd edir ki, tiroid problemi bəzən digər xəstəliklərlə qarışdırılır və bu, diaqnozun gec qoyulmasına səbəb olur:
“Xüsusilə qadınlarda yorğunluq, əhval-ruhiyyə pozğunluğu və çəki dəyişiklikləri hormonal pozğunluq kimi qiymətləndirilir. Amma bu simptomlar arxasında qalxanabənzər vəzin fəaliyyətsizliyi dayanırsa, sadə bir qan analizi ilə vəziyyət aydınlaşa bilər.”
Nərminə Abbasovanın sözlərinə görə, düzgün müalicə və həyat tərzi dəyişiklikləri ilə tiroid funksiyasını nəzarətdə saxlamaq mümkündür:
“Düzgün qidalanma, yodla zəngin məhsulların qəbulu (dəniz məhsulları, yumurta, süd), stressdən uzaq durmaq və dərman müalicəsini həkim nəzarətində aparmaq əsas şərtlərdir. Bəzən fizioterapiya və stressi azaldan üsullar da müalicəyə dəstək olur.”
O bildirir ki, tiroid problemi zamanı qadınlarda menstrual dövr pozğunluqları, sonsuzluq və hamiləliklə bağlı çətinliklər də müşahidə oluna bilər.
“Ona görə bu cür şikayətləri olan pasiyentlərdə qalxanabənzər vəz mütləq araşdırılmalıdır. Erkən diaqnoz, sadə müalicə ilə çox ciddi fəsadların qarşısını almaq mümkündür.”