İnək südü körpələr üçün təhlükəlidir?

Baxış sayı: 1. 625

Yaşından asılı olmayaraq süd hər kəs üçün sağlamlıq baxımından vacibdir. Bu gün satışda müxtəlif firmaların müxtəlif südləri satılır. Süd tozu ilə hazırlanan südlər inək südündən azkeyfiyyətli olsa da sağlamlıq baxımından bəzən bu südlər daha etibarlı sayılır.

Bir sıra Avropa ölkələrində azyaşlıların təbii inək südü içməsi sağlamlıq baxımından məsləhət görülmür. Azərbaycanda isə bu yaş limiti 1 yaş hesab olunur. Bəzən valideynlər 1 yaşı tamam olmayan körpələrə belə inək südü verir. Üstəlik belə südlərin steril şəraitdə hazırlanıb-hazırlanmaması bəlli olmadığından daha da təhlükəli sayılır. Buna baxmayaraq qutu südün keyfiyyətinin inək südünə nisbətən az olması qənaətində olan valideynlər bəzən ana südü yerinə inək südü də verir. Bu isə sağlamlıq üçün olduqca təhlükəlidir.

Petiatr Xatirə İsayevanın sözlərinə görə, inək südünün tərkibindəki maddələri körpənin həzm sistemi qəbul edə bilmir. Həmçinin, uşaqların beyninin inkişafı üçün lazım olan dəmir inək südündə yetərli qədər deyil. Eləcə də, bu süddə kifayət qədər nişasta yoxdur. Buna görə də, 1 yaşından kiçik uşaqlara inək südü vermək olmaz: “Əvvəla, 1 yaşından kiçik uşaqlara ümumiyyətlə inək südü verilməməlidir. İkinci halda, əgər inək südü veriləcəksə, bu, etibarlı şəxsdən alınmalı, qaynadılmalı, xüsusi mühafizə olunmalıdır. Hətta qaynadılmadan sonra belə südün keyfiyyəti və tərkibinin təmizliyi şübhə altında qalır. Bu səbəbdən qutu südlərin alınaraq qida hazırlanması məsləhətlidir. Kənd südlərini aldıqdan sonra mütləq 90 və ya 95 dərəcədə 15 dəqiqə qaynatmaq lazımdır. Qaynamadan sonra südün tərkibindəki faydalı vitaminlər ölür və süd adi sudan da keyfiyyətsiz bir içkiyə çevrilir. Belə südün körpəyə verilməsindənsə verilməməsi yaxşıdır”.

Ölkəmizdə körpələrin 44%-i inək südüylə bəslənir. Ana südünün olmadığı, ya da qeyri-kafi olduğu vəziyyətlərdə 1 yaşından əvvəl körpələrə inək südü qətiliklə verilməməlidir. Belə hallarda körpənin ehtiyac duyduğu vitamin və minerallarla təmin edilmiş qidalardan istifadə edilməlidir. Körpələrin ehtiyacı olan bütün vitamin və mineralları qarşılaya bilmək üçün inkişaf etdirilən südləri körpələrin bəslənməsində əhəmiyyətli bir yerə malikdir. İnək südü ilə bəslənən körpələrdə gündəlik ehtiyacı olan əhəmiyyətli minerallar əskik qalır, böyümə və inkişaf geriliyinə səbəb olur.

Pediatrın dediyinə görə, ana südü, süd olmadığı halda körpə qidası ilə qidalandırılmayan, bunun yerinə inək südünü seçən valideynlər bilməlidir ki, qaynadılmış inək südü uşağa gündəlik norması olan vitamin və mineralları verə bilmir. Körpənin məsədi boş və keyfiyyətsiz maye ilə dolmuş olur. Bu səbəbdən onun sağlamlığı üçün də təhlükə yaranır: “1 yaşından əvvəl inək südü ilə qidalandırılan uşaqlarda qəbizlik, dəmir əskikliyi nəticəsində qansızlıq və inkişaf geriliyi yaranır. Araşdırmalar inkişaf etməkdə olan ölkələrdə 5 yaşdan aşağı uşaq ölümlərinin 60%-nin səbəbinin əskik bəslənmə olduğunu və bu ölümlərin çoxunun ilk 1 il içərisindəki əskik bəslənməklə əlaqəli olduğunu ortaya qoyur. Əmizdirmə müddəti 6 ayın altında olan körpələrdə dəmir əskikliyinin çox olduğu daima müşahidə edilir. Bunun qarşısını isə ana südünə bərabər olan hazır qidalarla almaq mümkündür”.

Körpələr südə qarşı allergik və ya dözümsüz ola bilərlər. Allergiya dözümsüzlükdən daha pisdir, lakin əlamətlərin bəziləri oxşardır, bu da onların təyin olunmasını çətinləşdirir. Südə qarşı allergiyaya immun sistemin süddəki bir və ya bir neçə proteinə qarşı reaksiyası daxildir. Halbuki, dözümsüzlüyə immun sistemi daxil deyil. Dözümsüzlük süddə müəyyən maddələrin həzm oluna bilməməsi səbəbindəndir. Ən çox rast gəlinən nümunələrdən biri isə laktozaya qarşı dözümsüzlükdür. Bu halda, bəzi uşaqlar kifayət qədər laktoz fermenti ifraz edə bilmirlər, bu da laktozun həzm olunmasını çətinləşdirir. Həzm olunmayan laktoz islah, köpmək və qaz kimi narahatlış yaradır. 1 yaşından aşağı uşaqların yalnız 2%-i inək südünə qarşı allergikdirlər. 3 yaşına çatanda, bir çox uşaqların inək südünə qarşı allergiyası ötüb keçəcək, lakin çox azında bu 6-8 yaşlarına kimi davam edə bilər. Bu, xüsusən əgər ailədə əvvəllər allergiya olubsa, yetkin yaşa qədər də qala bilər. Məhz bu səbəbdən 1 yaşına çatmayan uşaqlara inək südü verilməməli, açıqda satılan südlərin qaynadılma zamanı tərkib elementləri öldüyünən belə südləri almamaları, uşaqlar ana südü, olmadığı təqdirdə körpə qidaları ilə qidalandırılmalıdırlar.

 

Günay Ramizqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir