biznes

Böhran dövründə biznesi uğurla idarə etməyin 5 əsas strategiyası

Baxış sayı: 427

Şirkətlər üçün böhran yalnız maliyyə rəqəmlərinin aşağı düşməsi demək deyil, o, həm də rəhbərliyin, komandanın və brendin möhkəmliyinin ən ciddi sınağıdır. Bəzən ən təcrübəli rəhbərlər belə gözlənilməz vəziyyətlərdə çaşqınlıq keçirir. Amma təcrübə göstərir ki, böhran qaçılmaz olsa da, onun nəticələrini idarə etmək və hətta ondan güclənərək çıxmaq mümkündür. Bunun açarı isə düzgün strategiya və möhkəm liderlikdir.

“Beach Front Property Management” şirkətinin marketinq direktoru Trevör Hensonun yazdığı məqalədə bildirilir ki, istər qlobal pandemiya, istər iqtisadi durğunluq, istər təbii fəlakət, istərsə də iri müştəri ilə yaşanan problem olsun, böhranlar biznesin ayrılmaz hissəsidir. Belə vəziyyətlərdə şirkətin uğuru birbaşa liderliyin düzgün qərarlarına bağlıdır.

Trevör Hensonun yazdığı böhran zamanı rəhbərlik üçün ən vacib beş strategiyanı təqdim edirik:

Sakit qalmaq – Qeyri-müəyyənlik dövründə rəhbərin təmkinli olması panikanın yayılmasının qarşısını alır. Gündəlik iş görüşlərinin davam etdirilməsi komandada sabitlik hissi yaradır.

Əsas dəyərlərə sadiq qalmaq – Qərarlar panika ilə deyil, şirkətin müəyyən olunmuş prinsipləri əsasında verilməlidir. Bu, xaos içində düzgün istiqaməti müəyyənləşdirir.

Aydın və vaxtında kommunikasiya – Məlumat boşluğu yaranarsa, insanlar fərziyyələr qurur. Rəhbər həqiqəti vaxtında və şəffaf şəkildə paylaşmalıdır ki, inam qorunsun.

Empatiya ilə idarəetmə – Komanda üzvlərinin və tərəfdaşların vəziyyətini anlamaya çalışmaq, onların ehtiyaclarını dinləmək və çevik dəstək göstərmək böhranda motivasiyanı artırır.

Yeni reallığı qəbul etmək – Böhran uzun sürməz, lakin onun gətirdiyi dəyişikliklər qalıcı ola bilər. Komandanın çevik və adaptiv olması, yeni həlləri sınaması böhrandan daha güclü çıxmağa imkan verir.

Henson vurğulayır ki, böhran bitdikdən sonra şirkətlər əsas dəyərlərinə qayıdaraq öyrəndikləri dərsləri tətbiq etməli, gələcəyi bu təməl üzərində qurmalıdırlar. PwC-nin 2023-cü il “Qlobal Böhran və Davamlılıq Araşdırması”na görə, son iki ildə şirkətlərin 96%-i hər hansı formada böhranla üzləşib. Buna görə də, qabaqcadan hazırlanmış böhran idarəetmə strategiyası həm sağ qalmaq, həm də inkişaf üçün həlledici amildir.

 

Sərvanə Rəmixanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir