“Yıxılma, əzilmə, zərbə nəticəsində əl sümükərində sınıqlar yaranır. Bu sınıqlar açıq və qapalı ola bilər. Qapalı sınıq olduğu zaman ağrı, göyərmə, şişkinlik, hərəkət məhdudluğu və görüntüdə dəyişikliklər kimi şikayətlər ortaya çıxır. Açıq sınıqlarda sümüklər xaricdən görünür. Müalicədə sınığın növünə görə titan lövhə, vintlər və ya millər vasitəsi ilə sınıq fraqmentləri fiksasiya edildikdən sonra langet sarğısı qoyulur. Sarğı 6 həftə saxlanılır, sonra fizioterapiya məsləhət görülür”.
Bu sözləri MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyib. Ailə həkimi əlavə edib ki, sümük sınıqlarından sonra fizioterapiya və reablitasiya prosedurları qalıqsız sağalmada böyük rol oynayır.
Sınıqların sümüyün və ətrafındakı toxumaların, bağların əzələlərin tamlığının pozulması vəziyyəti olduğunu qeyd edən həkim bildirdi ki, sınıqlar zamanı birinci tapşırıq sınan sümüklərin anatomik qaydada düzgün bərpasına təminat yaratmaqdır. Ailə həkiminin sözlərinə görə, bunun üçün xüsusi gips sarğılarından və ya hərəkətsizliyi təmin edən sarğılardan istifadə olunur:
“Bu halda qırılan sümük nahiyyəsində hərəkət məhdudluğu, diskomfort, ağrı və şişkinlik olur. Fizioterapiyanın burada məqsədi travma almış sümüyün və ətrafındakı toxumanın bərpasını, sağalmasını tezləşdirmək, reablitasiya müddətini azaltmaqdır. Sınıqlardan 3-4 gün sonra fizioterapevtik proseduralar seçici olaraq tətbiq oluna bilər”.
Nərminə xanım fizioterapiyanın nəyə qadir olmasından da bəhs edib. Bildirib ki, fizioterapiya sınmış sümüyün ətrafındakı əzələdə atrofiyanın inkişafının qarşısını alır:
“Ətrafda qan dövranını aktivləşdirir, məhdudlaşmış oynaqda kontrakturanı, yəni oynaq hərəkət məhdudiyyətini aradan qaldırır, toxumaları, əzələləri və bağları bərpa edir. Beləliklə, zədələnmiş sümük toxumasının yenidən bərpa olunmasını sürətləndirir. Bununla yanaşı şişkinliyi aradan qaldırır, ağrını aradan götürür. Sübut olunub ki, fizioterapiya müdaxiləsi olan sınıqlarda sağalma fizioterapiya tətbiq olunmayan sınıqlardan üç dəfə tez və qalıqsız sağalır”.
Nərminə xanım deyir ki, ümumiyyətlə, müasir fizioterapiya metodları yalnız reabilitasiyanı deyil, həm də xəstəliklərin qarşısını almağı və həyat keyfiyyətini artırmağı hədəfləyir. Onun sözlərinə görə, bu səbəbdən, həm idmançılar, həm də gündəlik həyatında hərəkət məhdudiyyəti ilə üzləşən insanlar üçün mühüm bir tibbi yanaşmadır:
“Fizioterapiyanın sağlamlıq üzərində çoxsaylı müsbət təsirləri mövcuddur. Bu müalicə metodu yalnız bərpa prosesini sürətləndirməklə qalmır, həm də xəstəliklərin təkrarlanmasının qarşısını alır və ümumi sağlamlığı gücləndirir.
Fizioterapiya, əzələ və oynaq problemlərindən qaynaqlanan ağrıları azaltmaq üçün müxtəlif texnikalardan istifadə edir. Məsələn, manual terapiya və masaj kimi üsullar qan dövranını yaxşılaşdıraraq toxumaların bərpasını sürətləndirir. Bu üsullar, əzələ spazmlarını azaldır və oynaqların hərəkət qabiliyyətini artırır. Eyni zamanda, xüsusi fiziki məşqlər və hərəkət terapiyası vasitəsilə pasiyentlər əzələ gücünü və elastikliyini artıraraq ağrıları minimuma endirə bilərlər. Bu yanaşma, xüsusilə bel, boyun və oynaq ağrılarının idarə edilməsində effektivdir. Fizioterapiya, pasiyentin hərəkət qabiliyyətini bərpa edərək gündəlik həyat fəaliyyətlərini asanlaşdırır”.
Həkim vurğuladı ki, xroniki xəstəliklər, məsələn, artrit, osteoporoz və nevroloji pozğunluqlar fizioterapiyanın əsas hədəf sahələrindəndir. Terapevtin deməsinə görə, mütəmadi fizioterapiya seansları xəstələrin həyat keyfiyyətini artırır, hərəkət məhdudiyyətlərini azaldır və gündəlik fəaliyyətləri daha asan yerinə yetirmələrinə şərait yaradır:
“Artrit zamanı fizioterapiya, oynaqlarda yaranan ağrı və iltihabı azaldır. Osteoporozda isə əzələlərin gücləndirilməsi və sümük sıxlığının artırılması üçün xüsusi məşqlər tətbiq edilir. Nevroloji xəstəliklərdə isə hərəkət qabiliyyətinin bərpası və əzələ tonusunun normallaşdırılması üçün fizioterapiya geniş tətbiq olunur”.
Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.