“Hazırda Azərbaycanın satışda olan kənd təsərrüfatı məhsullarında dəhşətli problemlər yaşanır. Belə ki, satılan pomidorların 80, qarpızların 70, kartofların 40, qırmızı bibərlərin isə 98 faizinin geni modifikasiya olunub”.
Bunu AzNews.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O bildirib ki, bu məhsullar uzun zamandır ki, xarici ölkələrdən gətirilərək Azərbaycanda yetişdirilir: “Onların da heç biri yoxlamadan keçmədən əkilib-biçilir. Ölkə prezidentinin bununla bağlı aydın şəkildə çıxışları və sərəncamları var. Hətta, qanunvericilikdə buna görə 7 ilə kimi həbs gözlənilir”.
E.Hüseynov vurğulayır ki, Azərbaycanda vaxtı ilə 10-a qədər pomidor növü olub: “İndi onlardan heç biri qalmayıb. Yerli pomidor növləri məhv olub. Hazırda qalan və satışda olan pomidorlar geni modifikasiya olunanlardır. Baxın, bunun göstəricilərindən biri toxumdan növbəti ilə əkdikdə bitkinin çıxmamasıdır. İstiyə-soyuğa davamlı, daş kimi pomidorlar, əlbəttə ki, gmo daşıyıcılarıdır”.
Sədr bildirir ki, kənd təsərrüfatı məhsullarının geninin analiz olunması üçün ölkədə iki laboratoriya fəaliyyət göstərir: “Çox təəssüf ki, o laboratoriyalar bir qərar verə bilmir. Azad İstehlakçılar Birliyi isə çalışır ki, müstəqil laboratoriya açsın və bu məsələni araşdırsın”.
E.Hüseynovun sözlərinə görə, geni modifikasiya olunmuş pomidorlar dəhşətli xəstəliklər yaradır: “İlk növbədə insanlar nəsil vermək qabiliyyətini itirir. Bu, artıq təcrübədən keçən sınaqdır. Pomidoru yeyənlər allergiya, xərçəng xəstəliklərinə də tutulur. Lakin bu da son deyil. Daha dəhşətlisi isə budur ki, bu məhsullardan qidalanan insanlardan yaxın illərdə palazqulaq uşaqlar doğulacaq. Deməli, insanların xarici görünüşündə qeyri-adi dəyişikliklər gözlənilir. Çünki həmin pomidorun tərkibində heyvan geni var. Bu gün satışda olan pomidor və xiyarlara balıq genləri vurulur. Yeyilən xiyarlardan balıq iyi gəlir. Görəsən, xiyarla balığın nə əlaqəsi var? Buna isə cavab verən yoxdur”.
Bahar RÜSTƏMLİ