İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi mexanizmi təkmilləşdirilir.
Bu məsələ Milli Məclisin iclasında müzakirə edilən “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunda bu hüququn ipoteka saxlayanlar arasında müqavilə əsasında dəyişdirilə bilməsi nəzərdə tutulub. Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur.
Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq. Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan tərəfindən ödəniləcək.
Vurğulanıb ki, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsinin dövlət qeydiyyatı bu mexanizmin daha işlək olmasına və üstünlük hüququ olan ipoteka saxlayanın hüquqlarının daha səmərəli həyata keçirilməsinə xidmət edəcək. Qeyd edilib ki, qanun layihəsinin qəbul edilməsi nəticəsində ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yolu ilə bu hüquqların dövlət reyestrində tanınması və təsdiq edilməsi təmin ediləcək. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunudşa qəbul edilib.
“İpoteka haqqında” Qanuna dəyişikliklərin mahiyyətini şərh edən hüquqşünas Əkrəm Həsənov bu dəyişikliklərin elə də ciddi məsələ olmadığını deyir. Onun sözlərinə görə, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi mexanizminin təkmilləşdirilməsi əslində banklararası münasibətlərin daha şəffaf və hüquqi baxımdan tənzimlənmiş şəkildə qurulmasına xidmət edir:
“Məsələn, mənim daşınmaz əmlakım var və bu əmlakı banka girov qoyaraq kredit götürürəm. Əgər sabah başqa bir bankdan da kredit götürüb eyni əmlakı girov kimi təqdim etsəm, bu zaman artıq birinci bankın razılığı vacibdir. Çünki birinci ipoteka saxlayan kimi onun həmin əmlak üzərində üstünlük hüququ yaranır. Mən kreditlərimi ödəyə bilməsəm, əmlak satıldıqda əldə olunan vəsait əvvəlcə birinci banka yönəldilir. Yalnız artıq qalan hissə digər kreditorların tələblərinə yönəldilə bilər”.
Hüquqşünas qeyd edir ki, yeni qanun layihəsi bu prosesi daha dəqiq formaya salır: “Mövcud qanunda banklar arasında üstünlük hüququnun dəyişdirilməsi yalnız müqavilə əsasında mümkün idi. Lakin indi təklif edilən dəyişikliklərə əsasən, bu müqavilə notariat qaydasında təsdiqlənməli və Dövlət Reyestrində qeydiyyata alınmalıdır. Bu isə həm tərəflərin hüquqlarını qoruyur, həm də hər hansı mübahisə zamanı sübut bazasını asanlaşdırır. Əgər birinci bank öz üstünlük hüququndan imtina edib həmin hüququ ikinci banka vermək istəyirsə, bu, artıq sadəcə razılıqla deyil, notarial qaydada rəsmiləşdirilmiş və reyestrdə qeydiyyata alınmış şəkildə həyata keçiriləcək. Bu, həm şəffaflığı, həm də hüquqi müəyyənliyi artırır”.
Şeymən Bayramova











































































































































































