Nermine Abbasova

Boyun ağrıları: gündəlik həyat tərzimizin gizli nəticəsi

Baxış sayı: 437

“Boyun ağrıları bu gün çox geniş yayılmış şikayətlərdən biridir və bunun əsas səbəblərindən biri uzunmüddətli eyni vəziyyətdə qalmaq, xüsusilə kompüter və telefon qarşısında çox vaxt keçirməkdir,” – deyir MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova.

Onun sözlərinə görə, müasir həyat tərzi bədən duruşunda balanssızlığa gətirib çıxarır və bu da boyun əzələlərinin həddindən artıq gərginləşməsinə səbəb olur.

“Əgər baş uzun müddət irəli əyilmiş vəziyyətdə qalırsa, boyun və çiyin əzələləri daimi gərginlik altında olur. Bu vəziyyət zamanla əzələ spazmlarına, baş ağrılarına, hətta qollarda keylik və ağrı hissinə gətirib çıxara bilər,” – deyə mütəxəssis izah edir.

boyun

Boyun ağrısının səbəbləri

Nərminə Abbasovanın sözlərinə görə, boyun ağrılarının yaranmasında yalnız duruş pozğunluğu deyil, həm də stress, yuxu pozğunluğu, fiziki aktivliyin azlığı və soyuq hava təsiri kimi amillər də rol oynayır.

“Stress zamanı bədən avtomatik olaraq əzələləri sıxır, bu isə boyun və çiyin nahiyəsində gərginlik yaradır. Eyni zamanda, yetərincə hərəkət etməmək və yuxuda düzgün yastıq seçməmək də ağrıları artırır,” – deyə o əlavə edir.

boyun

Nə etmək lazımdır?

Ekspert bildirir ki, profilaktik tədbirlər çox sadə, lakin təsirlidir:

Hər 40–50 dəqiqədən bir oturma vəziyyətini dəyişmək;

Boyun və çiyin əzələləri üçün yüngül gərmə hərəkətləri etmək;

Telefon və kompüter ekranını göz səviyyəsinə gətirmək;

Rahat yastıq və düzgün yuxu pozisiyası seçmək.

“Əgər ağrılar uzun müddət davam edirsə və ya qollarda keylik, başgicəllənmə kimi əlamətlərlə müşayiət olunursa, mütləq həkimə müraciət etmək lazımdır. Vaxtında qoyulmuş diaqnoz və düzgün fizioterapiya müalicəsi problemi kökündən aradan qaldıra bilər,” – deyə Nərminə Abbasova vurğulayır.

BOYUN AGRISI

Mütəxəssisin fikrincə, sağlam boyun üçün hər gün edilən kiçik diqqət və düzgün duruş böyük fərq yaradır:

“Boyun, bədənin tarazlıq mərkəzidir. Ona düzgün qulluq etmək ümumi sağlamlığın əsas şərtlərindən biridir.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir