saç

Saç düzümünə görə qadınları tanımaq olar

Baxış sayı: 2. 258

Hər qadının saç düzümü fərqlidir və onun daxili aləmini büruzə verir. Bəzi qadınlar saçlarını çiyninə tökür, bəziləri aşağıdan yığır, “at quyruğu” və ya hündür toppuz edir, qısa simmetrik və ya assimetrik saç düzümləri edir. Alnını açır və ya saçlarını üzünə tökür. Bu xüsusiyyətlər qadının xasiyyətinin gizli məqamlarından xəbər verir.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, klassik hörük qədim saç düzümlərindən olsa da, bu gün də saçını hörən xanımlar var: “Düzdür, qadınlar nadir hallarda saçlarını hörürlər. Əsasən məktəbli və gənc qızlar arasında saçını hörənlərin çox olduğunu görmək olar. Lakin toylarda, ad günündə hörüklər vasitəsilə saç düzümü edən orta və yaşlı xanımları da görmək olar. Klassik hörgüyə üstünlük verən qadınlar məqsədlərinə çata bilmir. Onlar tənhalığı xoşlayır və təklikdə darıxmırlar. Boş vaxtlarını əyləncəli keçirmək üçün mütləq bir məşğuliyyət tapa bilir və ya romantik düşüncələrə qapılırlar. Hörüyünü sıx hörənlər qapalılığı ilə seçilir. Hörgülərə qeyri-adi düzən verən xanımlarsa, daha ünsiyyətcil və şən olur”.

A.Qurbanova bildirib ki, tez-tez saçını kəsdirən xanımlar enerjili və müstəqil olurlar. Onlar istədikləri kimi yaşamağa öyrəşib. Başqalarının fikrinə əhəmiyyət vermir. Zarafatcıl və ağıllı olurlar.

Saçların assimetrik düzümü sahibinin enerjili olduğunu, hərəkət etməyi sevdiyini göstərir. Belə qadınlar öz görünüşünə çox diqqət yetirir. Əks cinsin nümayəndələri ilə ünsiyyətdə olmağı sevirlər.

“At quyruğu” saç düzümünü edənlər ambissiyalı və sözü üzə deyəndir. Onlar seçdikləri hədəfə doğru düz hərəkət etməyi sevir. Belə qadınlar münasibətlərdə güzəştə getməyi bacarır. Onlar üçün ailə müqəddəsdir. Ailə münasibətlərində mehribanlıq və harmoniya yaradırlar. Onlar qayğıkeş və səbirli valideyn olur.

“Uzun açıq qoyulmuş saçların sahibləri həssas insanlardır. Onlar üzlərinə düşən telləri ətrafdan qorunmaq üçün istifadə edirlər. Bu saç düzümünə üstünlük verən qadınlar ciddi qaydalarla yaşayan ailələrdə böyüyür” deyən müsahibimizin sözlərinə görə, əgər qadın saçlarını burub açıq qoyursa, onlar adrenalin yaradan hadisələri, əylənməyi, macəraları, risk etməyi sevir. Əgər belə saç düzümü edən qadın xarici görünüşdən soyuq və qapalı qadın təəssüratı yaradırsa, bu, aldadıcıdır.

Psixoloqun dediyinə görə, toppuz saç düzümünü sevənlər toppuzun ölçüsündən asılı olmayaraq temperamentli və parlaq qadınlardır: “Onlar ünsiyyətcildir və şənlənməyi xoşlayır. Çoxlu tanışları olsa da, rəfiqələri ilə yaxın münasibət qurmur. Toppuz saç düzümünə üstünlük verən qadınlar həm də, kütlədən seçilməyə can atır. Onlar arasında qeyri-adi davranış və geyimləri sərgiləyənlər də xeylidir. Təpəsində toppuz edənlər yaradıcılığı ilə fərqlənir. Lakin onların özgüvəni aşağı olduğu üçün fantaziya və arzularını gerçəkləşdirə bilmir. Onlar utancaq və ya təvazökar olur. Toppuzu təpədən aşağı hissədə edənlər əsəbi olur və çoxlu komplekslərdən əziyyət çəkir”.

Qurbanova vurğulayıb ki, əgər qadın saçlarını düzəldərkən alnını açıq saxlamağı sevirsə, risklidir: “Belə qadınların ticarətdən başı çıxır, hər şeylə maraqlanır və həyatı sevirlər. Bununla yanaşı həyat eşqi belə insanları bəzən yersiz hərəkətlər etməyə təhrik edir”.

Saçlarını ortadan ayıran qadınlar hər şeydə tarazlığı qoruyub saxlamaq istəyir. Onlar etibarlı olur, ona tanış olmayan hadisələrdə risk etmir. Ətraflarında səs-küy olanda, çox adam yığışanda xoşlamırlar. Onlar sakit, lakin ehtiraslı həyatı yaşamağı arzulayır. Ortadan tağ həm də ətrafdakılara sahibinin sadə insan olduğunu göstərir. Yandan ayrılan tağ sahibinin həqiqət axtarışında olduğunu göstərir. Onlar istənilən hadisəni dərindən təhlil edir. Hadisələrin baş vermə səbəbini araşdırır. Hər şeyi dərindən düşünür. Bununla da çox vaxt özlərini yorur və depressiyaya salırlar.

Onlarda intuisiya güclü inkişaf edir. Dost-tanış onunla vaxt keçirməyi xoşlayır.

Qadınlar arasında saçını üzünə tökənlər də olur. Onlar bir növ saçdan zireh kimi istifadə edir. Lakin alında yalnız bir neçə teldirsə, sahibinin həssas olduğuna işarə edir. Belə insanların müdafiə və qayğıya ehtiyacları olur.

Elə də qadınlar var ki, saç düzümünü tez-tez dəyişdirir. Həmsöhbətimiz bildirir ki, belə qadınların xasiyyətini hansısa saç düzümünə görə təhlil etmək olmur. “Hər gün saçlarını dəyişik şəkildə yığır, saçın rəngini belə tez-tez dəyişdirirlər. Belə qadınlar etibarlı olmur. Dəyişkən xasiyyətlidirlər”.

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir