Gimarayeş

“Portuqaliyanın beşiyi” hesab edilən şəhər - BƏLƏDÇİ

Baxış sayı: 496

Portuqaliyada tətil planlaşdırarkən səyahətçilər tez-tez Lissabon, Porto şəhərlərini, Alqarve və Azor adaları kimi tanınmış yerləri seçirlər. Təbii, bu yerlərin hər biri zəngin əyləncəyə, maraqlı tarixi yerlərə, dadlı yeməklərə və zəngin mədəniyyətə malikdir. Lakin turizimçilər “səyahət təcrübənizi bu yerlərlə məhdudlaşdırmaqla, Portuqaliya tarixinin, mədəniyyətinin və yerinin əhəmiyyətli bir hissəsini əldən vermiş olursunuz”, – deyə əminliklə bildirirlər. Çünki ölkənin şimal hissəsinə səfər etmədən bütünlüklə bu coğrafiyaya bələd olmaq mümkün deyil. Portuqaliyanın ilk paytaxtı olmuş Gimarayeş isə bu siyahıda öndə durur. “Portuqaliyanın beşiyi” adlanan bu şəhərin mərkəzinin istehkam divarında məşhur “Aqui nasceu Portugal” yazısı var. Bu, “Portuqaliya burada anadan olub” deməkdir.

Gimarayeş Portuqaliyanın ən böyük şəhərləri arasında 13-cü yerdədir. Şəhər 2012-ci ildə Avropanın mədəniyyət paytaxtı olub. 2026-cı ildə isə Avropanın yaşıl paytaxtı elan olunmağa hazırlaşır.

Beynəlxalq Turizm Filmləri Festivalı Komitəsinin (CİFFT) dünya turizm filmlərini mükafatlandırma mərasimini bu şəhərdə keçirməsi də təsadüfi deyildi. Festivalın münsiflər heyətinin üzvü kimi iştirak etdiyim mərasim Gimarayeş şəhəri ilə yanaşı ölkənin Porto, Braqa, Barseluş kimi turistik şəhərlərini də yaxından tanımağım üçün əla fürsət oldu.

İlk kralın doğulduğu yer

Gimarayeş Portuqaliyanın ölkə kimi formalaşmasında mühüm rol oynayıb. Portuqaliyanın ilk kralı Afonso Henriques məhz burada anadan olub.

İndi bu şəhərdə gəzərkən onun tarixinə qərq olmamaq mümkün deyil. Zəngin tarixi irs – qayğı ilə qorunub saxlanılan orta əsr tikililəri, çoxsaylı kilsələr, hazırkı ölkə prezidentinin iqamətgahı olan 14-cü əsr Braganza Hersoqlarının Sarayı, şəhərin ən hündür nöqtəsi sayılan Penha dağının təbii mənzərəsi, tarixi binalar… Bunları görəndə düşünürsən ki, Gimarayeş haqlı olaraq UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Penha dağına qalxan kanat yolu da şəhəri turistlər üçün cəlbedici edir.

Şəhərin mərkəzində ölkənin ən yaxşı qorunub saxlanılan orta əsr tikililərindən olan Gimarayeş qəsri (Castelo de Guimaraes) yerləşir. X əsrdə tikilmiş qala 1110-cu ildə Kral Afonso Henriquesin doğulduğu yer hesab olunur. Gələcək kral qalanın qərb hissəsində yerləşən Sao Miguel do Castelo (Sao Miguel) kilsəsində vəftiz olunub.

 

Burada özünü orta əsr şəhərində hiss edə bilərsən

Gimarayeşin tarixi mərkəzi şəhər divarları içərisində yerləşir. Bu gün şəhər zərif dəmir verandalar, qranit eyvanlar, dar küçələri tağlarla birləşdirən malikanələr, hamar daş səkilər, qüllələr və monastır həyətləri ilə diqqətəlayiq dərəcədə qorunub saxlanılan memarlıq ansamblına malikdir. İstənilən turist burada özünü orta əsr şəhərində hiss edə bilər.

Bələdçinin müşayiəti ilə qala divarları boyunca gəzir və Penha dağının inanılmaz mənzərələrindən zövq almaq üçün qala qülləsinin zirvəsinə qalxırıq. Buradan şəhərə füsunkar mənzərə açılır. Bu şəhərdə Lissabon və ya Portonun izdihamı yoxdur.
Gimarayeşdə yaşamaq tarix, mədəniyyət və qədim adət-ənənələrlə əhatə olunmaq deməkdir.

Burada həyat daha yavaş axır və küçələr yalnız məşhur orta əsrlər festivalı da daxil olmaqla böyük şənliklər zamanı adamla dolur. Bu, Gimarayeşi təqaüdçülər, uşaqlı ailələr və böyük şəhərlərin tempi və səs-küyündən bezən insanlar üçün ideal hala gətirir. İnsanlar bu kiçik orta əsr şəhərini təbiətdən, tarixi irsdən və ləzzətli yerli mətbəxdən zövq almaq, dinc və asudə bir həyat sürmək üçün seçirlər.

Portuqaliyanın ən yaxşı universitetlərindən biri də buradadır

Gimarayeş həm də gənclər üçün əlverişli yerdir. Çünki şəhərdə Minho Universitetinin iki kampusundan biri yerləşir. Bu, Portuqaliyanın ən yaxşı universitetlərindən biridir. 2013-cü ildə Minho Universiteti “Times Higher Edication” reytinqində dünyanın ən yaxşı 100 universiteti sırasına daxil olub. “Gimarayeşin üstünlükləri arasında təkcə sakit və rahat həyat tempi deyil, həm də ölkənin ən yaxşı universitetlərindən birində ali təhsilin əlçatanlığı var. Bu, şəhəri həqiqətən çoxyönlü və hər yaşdan olan insan üçün uyğun edir.

Ətraf şəhərlərdən, hətta Portodan bura işləmək üçün gələnlər var” deyə bələdçi bildirir. Əlavə edir ki, çox kiçik bir şəhər olmasına baxmayaraq, Gimarayeş ölkənin sənaye cəhətdən inkişaf etmiş bölgələrindəndir. Bələdiyyə xüsusilə yaxşı inkişaf etmiş tekstil sənayesi ilə Portuqaliya iqtisadiyyatında mühüm rol oynayır:

“Gimarayeşin iqtisadiyyatı xidmət sektoruna əsaslanır. Onun aparıcı sektorları ticarət, turizm, nəqliyyat, kommunal xidmətlərdir. Tekstil fabrikləri və tikinti materialları istehsalı ölkə iqtisadiyyatında mühüm yer tutur. Gimarayeşdə çox sayda sənaye şirkəti, fabrik və digər təşkilatlar var ki, bu, şəhəri yaşamaq üçün olduqca cəlbedici bir yerə çevirir. Gimarayeş ayaqqabı sənayesi ilə də məşhurdur. Keçən il Portuqaliyada ümumilikdə 600 milyon cüt ayaqqabı istehsal olunub. Onun çox hissəsi Gimarayeşin payına düşüb. Gimarayeş həm də turizm şəhəridir. Hər il şəhərə milyonlarla turist gəlir. Braqanza Hersoqalarının sarayı bütün ölkə üzrə ən çox ziyarət olunan yerdir. Gimarayeş hotel infrastrukturunun əsas xüsusiyyətlərindən biri tarixi olmalarıdır. Bu da qonaqlamada vacib amildir”.

Yol boyunca üzüm tənəkləri, zeytun ağacları

Gimarayeş bələdiyyəsi hektarlarla ölçülən təsərrüfat torpaqları ilə diqqət çəkir. Yol boyunca üzüm tənəkləri, zeytun ağacları sıralanır. Yerli insanlar bu təsərrüfatlarda yetişdirilən orqanik meyvə-tərəvəzdən alırlar. Bələdiyyə ərazisində istehsal olunan şərab növlərinin sayı isə 50-dən çoxdur.

Gimarayeşdə futbolu da çox sevirlər. Yerli “Vitoria Gimarayeş” komandasının oyunu zamanı 30 min nəfərlik Afonso Henriques stadionuna bilet tapmaq çətindir. Komanda 2013-cü ildə Portuqaliya kubokunun qalibi olub. Bələdiyyənin “Moreirense” komandası isə iki dəfə Portuqaliya Liqa Kubokunun qalibi kimi sevilir.

Təranə Məhərrəmova
Gimarayeş-Bakı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir