saxtababa

Yeni ili harada qeyd etməli?

Baxış sayı: 513

2026-cı il artıq qapıdadır. Bəziləri Yeni ili qeyri-adi bir yerdə qarşılamaq və tətilini unudulmaz keçirmək üçün səyahət etməyi sevir. Səyahət baxımından Yeni il tətili bayram təqviminin ən güclü hərəkətverici qüvvələrindən birinə çevrilib. “Hansı ölkəyə gedək?”, “2025-lə hansı qitədə vidalaşaq?”, “Yeni ili harada qarşılayaq?” kimi sualların cavabında isə tərəddüd edənlər çoxdur.

Əlbəttə, Yeni il gecəsi üçün ikonik atəşfəşanlıq, canlı əyləncələr və unikal ənənələri özündə birləşdirən ölkələr də, şəhərlər də kifayət qədərdir. Hər il şəhərlər daha möhtəşəm, mədəni cəhətdən fərqli təqdimatlar üçün yarışırlar.

BƏƏ, Tailand, Bali, Sinqapur, İsrail, Misir, Yaponiya, Avropa ölkələri, ABŞ, Kanada… Bu ölkələrdən hansını seçmək – dəniz və günəş, çimərlik, yoxsa şaxta arasında seçim həm büdcə, həm zövq, həm də tətilin müddəti ilə bağlı olur. Nağıl kimi, mədəni və ya macəra dolu şənliklər üçün Vyana və Reykyavik, əyləncələr üçün Las Veqas və Mayamini, lüks üçün Saint-Barthelemy adalarını, rəngli atəşfəşanlıq üçün Sidney kimi seçimlər edənlər var.

Təbii ki, tətilini mənalı keçirmək, bayramı yaddaqalan etmək üçün həm də ilk sual budur: dünyanın narahat vaxtında Yeni ili xaricdə əlverişli, maraqlı və təhlükəsiz hansı ölkədə qeyd etmək lazımdır?

 

Unudulmaz tətil arzusu

Dünyanın ən böyük səyahət bələdçisi nəşriyyatı olan “Lonely Planet” Yeni il bayramı üçün ideal olan doqquz Avropa şəhərinin siyahısını tərtib edib. Buradakı tətil, şübhəsiz ki, büdcəsi imkan verən və zövqlü səyahətsevərlər üçün unudulmaz olacaq.

“Parisin işıqlarına baxın”, “Londondakı bir baxış platformasından atəşfəşanlığı izləyin”, “Lissabonda gecə yarısı kişmiş yeyin”, “Berlində bütün gecə konsertlərdə əylənin”, “Dublində Yeni il gecəsi festivalına qoşulun”, “Edinburqda Hogmanay-ı qaçırmayın”, “Yeni ili Stokholmda şeirlə qeyd edin”, “Madriddə bütün gecəni rəqs edin”, “Norveçin Tromsö şəhərində şimal işıqları əyləncəsindən zövq alın”, – deyə nəşr yazır.

“Azərbaycan daxilində qiymətlər bahadır”

Son illər bizim insanlarımız da bayram tətillərini evdən kənarda keçirməyə ənənəyə çevirməyə başlayıb.
Turizmçi Əfsun Əhmədov bildirir ki, Yeni il bayramı ərəfəsində müxtəlif turpaketlər hazırlanır: “Bu paketlər daxili turizmlə bərabər xarici ölkələrin turizmini də əhatə edir. Xarici ölkələrə maraq çox böyükdür. İnsanlar iki kateqoriyaya bölünüb: qış mövsümünü yaşamaq istəyənlər Avropa istiqamətinə – Fransa, Almaniya, İspaniya, İtaliya və s. kimi ölkələrə gedirlər. Gürcüstana maraq göstərənlər daha çoxdur. Orada şənliklər gözəl təşkil olunduğuna və qiymətlər münasib olduğuna görə bu ölkəni daha çox seçirlər. Həmçinin siyahıda ekzotik ölkələr də var. Hazırda insanlarımız Tailand, Yaponiya, Vyetnama səfər edirlər. Çinlə viza rejimi ləğv olunandan sonra bu ölkələrə də maraq çoxalıb. Dubay həmişəki kimi ilk onluqda olan yerlərdəndir”. Turizmçinin sözlərinə görə tətil ərəfəsində bir çox aviaşirkətlər endirim kampaniyaları edirlər: “Hətta Dubaya yanvar ayının ortalarına 71 manata aviabilet almaq mümkündür. Burada aviaşirkətlərin, hotel şəbəkələrinin və digər xidmət sektorlarının təklif etdiyi endirim kampaniyalarından da çox şey asılıdır. Səyahət edənlər büdcəyə qənaət baxımından bu məqamlara daha çox fikir verirlər. Avropaya insan ən azı 6 günlük səfər edir. Məsələn, Yeni il bayramı ərəfəsi üçün aviabilet daxil olmaqla İtaliyaya səfər aşağı seqmentdə 3 min dollara qədər çıxır. Bu qiymət seçimdən asılı olaraq – aşağı, orta və ya yuxarı büdcəli hotelləri əhatə edir. Ümumiyyətlə, qiymətlər paketlərdən və təklif edilən məhsuldan asılıdır. Qiymətdə aviabilet, hotelin seçimi, gün sayı rol oynayır”. Bayram tətilini ölkə daxilində qeyd etməyə gəlincə, turizmçinin sözlərinə görə, bir sıra hotellər var ki, artıq Yeni il şənliyi ilə bağlı reklamlarını yerləşdiriblər: “Kiçik bir ailə üçün təkcə hotelin qiyməti 600-700 manatdır. Ümumi qiymət isə təxminən 1500-2000 manat civarında dəyişir. Seçim hotelin otaq kateqoriyasına, restoran xərclərinə görə dəyişir. Nəqliyyat və digər xərclər əlavə ödənişlədir. Azərbaycan daxilində qiymətlər həddindən artıq bahadır. Bununla belə, bir çox turistik yerlər var ki, tam dolub”.

Əsas seçim Türkiyə və Gürcüstandır

Turizmçi Rəhman Quliyevin sözlərinə görə, Azərbaycanda nəinki Yeni ildə, il boyu Türkiyə və Gürcüstan bayram tətilləri üçün çox populyardır: “Xaricə tətilə çıxan azərbaycanlıların böyük hissəsi Türkiyəyə gedir (təxminən 40-42% ). Türkiyə həm alış-veriş, həm turizm, həm ailəvi səfərlər üçün çox populyardır. Gürcüstan da Azərbaycanın qonşusu olaraq çox tez-tez seçilir (təxminən 10-11% səviyyəsində). Bu ölkədə qiymətlər digərlərinə baxanda daha münasibdir”.

Turizmçinin sözlərinə görə, təxminən 14-20% Azərbaycan vətəndaşı Rusiyaya səfər edir. Həmçinin Dubay şəhəri – tez-tez səfər edilənlər siyahısındadır (təxminən 9-10%). Qalan səfərlər Avropa, Orta Asiya  və digər ölkələr (təxminən 20-23%) arasında bölüşdürülür.

“İnsanlarımız daha çox xarici ölkələrə üz tuturlar” 

Turizmçi Anar Həsənov da bizim ölkəmizdə bayram ərəfəsində turpaketlərin qiymətlərinin fantastik həddə olduğunu deyir: “Buna görə insanlarımız daha çox xarici ölkələrə üz tuturlar. Hazırda azərbaycanlıların bayram tətilini qeyd etmək üçün seçdiyi ölkələr sırasında Şri Lanka, Tailand, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Maldiv adaları və Avropa ölkələri üstünlük təşkil edir”.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir