Suşinin hansı zərərləri ola bilər?

Baxış sayı: 2. 480

Suşi yapon mətbəxinə aid ən tanınmış yeməklərdən biridir. Bu yeməyin məşhurluğu italyan pizzasının məşhurluğu ilə müqayisə oluna bilər. Son zamanlar Azərbaycanda da bu yeməyə maraq artıb. Demək olar ki, şəhərin əksər məkanlarında suşi təklif olunur. Qiymət baxımından 2 kilo ətin məbləğində olan bu qidaya marağı əsasən cavanlar və uşaqlar göstərir.

Dönərin insan sağlamlığına nə qədər ziyanlı olması hər kəsə bəllidir. Suşinin ziyanından isə demək olar ki, xəbərsizik. Əslində suşi ziyan baxımından dönərdən qat-qat təhlükəlidir. Uşaqlarda isə olduqca böyük fəsadlar yaradan bu qida valideynlərin nəzarətində qəbul edilməlidir.

Suşi haqqında həkimlər həyəcan təbili çalır. Bu qidanın 90%-i çiy olduğundan onun hazırlanmasında da olduqca diqqətli olmaq lazımdır. Böyüklərdə zəhərlənmə, körpələrdə qurd xəstəliklərinin yaranması üçün ideal yemək olan suşini hardan və necə almaq da çox önəmlidir.

Aşpaz İrfan Əliyev artıq 9 ildir ki, yapon mətbəxindən yeməklər hazırlayaraq yapon restoranında qonaqlara təklif edilir. Dediyinə görə, suşi yaponların heç də ən məşhur yeməyi deyil. Sadəcə, kiçik qablaşdırılmalarda olduğu üçün, eləcə də hazırlanması tez olduğundan bəzi restoranlar bu yeməyə üstünlük verirlər. Əslində suşi bir növ qəlyanaltıdır və düzgün hazırlandıqda olduqca ləzzətlidir: “Suşi yapon dilindən turş düyü deməkdir. Suşinin vətəni kimi Cənubi Asiyanı qeyd etmək olar. Təmizlənmiş və doğranmış balıq əti lay-lay düzülür, daş duz səpilir və daşın altına qoyulurdu. Bir neçə həftədən sonra daş əvəzinə yüngül qapaq örtülürdü. Bir neçə ay ərzində balıq acıyırdı və yalnız bundan sonra yeyilirdi. Tokioda olan bir neçə restoran hələ də narezushi adlanan orijinal suşiləri təklif edir. Onlar şirin suda yaşayan karp balığından hazırlanır. Bu suşilər kəskin qoxuya malikdirlər. Lakin bu gün hazırlanan və çiy balıq adı verilən suşilərin heç biri orijinal deyil. Çünki heç bir müəssisə balığı o formada qıcqırdıb yeməyə hazır hala gətirmir. Buna yaxşı baxmaq lazımdır. Çünki o proses olduqca qəlizdir. Düzgün edilmədikdə balıq insanı ölümcül zəhərləyə bilər. Buna görə də Bakıda suşi məkanlarında 99% suşilər düyü, tərəvəzlər, konservlər vasitəsilə hazırlanır”.

Aşpaz deyir ki, yaponların suşisində düyü elə də önəmli sayılmır. Vacib olan onun içərisində olan bir tikə çiy balığın dadıdır. Bakıda isə əksinədir. Naşı aşpazlar suşi hazırlanmasında bol düyüdən istifadə edir. Bu isə suşidən çox aşa bənzəyir: “Əminliklə deyə bilərəm ki, Bakıdakı heç bir məkan suşini Yaponiyadakı suşi ləzzətində təqdim edə bilmir. Səbəb isə hazırlanma prosesinə laqeydlik və bu prosesdən xəbərsizlikdir”.

Yapon mətbəxi yeməkləri çiy ərzaqlardan hazırlandığı üçün tənqidlərə məruz qalır. Hər kəs düşünür ki, çiy ərzaqlar sağlamlıq üçün ziyandır, çoxlu infeksiyaların mənbəyi olur və orqanizmə mənfi təsir göstərir. Lakin Yaponiya sakinlərinə baxıb suşilərin ziyanı haqda fikirlərin səhv olduğunu anlamaq olar. Yapon milləti uzun ömürlüyü, möhkəm sağlamlığı ilə seçilir. Bu da təəcüblü deyil, çünki onlar çoxlu miqdarda düyü və dəniz məhsulları yeyirlər. Təbii ki, çiy qidaların hazırlanmasına olduqca diqqətli olan yaponlar bunu artıq vərdiş halına çeviriblər. Daimi olaraq bu formada qidalanan yapona naşı üsulla hazırlanmş balıq yedirtmək qeyri-mümkündür.

Terapevt Xatirə İsayevanın sözlərinə görə, çiy ət və balıqlar toksoplazmanın yaranması üçün idealdır. Bu qidaların qəbul edilməsi körpələrin qüsurlu doğulmasına, bədəndə qurdların yaranmasına, qanın zəhərlənməsinə səbəb ola bilir: “Keyfiyyətli olmayan bütün qidalar insan sağlamlığı üşün ziyanlıdır. Eləcə də suşinin tərkibi. Sadəcə, suşinin tərkibi daha çox çiy qaldığından bu qidanı yeyərkən diqqətli olmaq lazımdır. Mümkün qədər uşaqlara suşi yedizdirilməməlidir. Mağazalarda suşinin ayrı-ayrı komponentləri satılır. Valideynlər bunları alaraq evdə özləri də bişirə bilər. Nəzərə almaq lazımdır ki, suşi xüsusən yay aylarında olduqca təhlükəlidir və diqqətli olmaqda fayda var”.

Günay Ramizqızı




1 şərh “Suşinin hansı zərərləri ola bilər?

  1. Xalid Babazade

    Salam, məqalənizi oxudum. Bu yazını oxumamışdan öncə bir neçə oxşar məqalələr oxumuşam. Özümdə gələcəkdə suşi restoranı açmaq istəyirəm. Və işin alınacağına güvənirdim. Bunu oxuyana qədər.. ziyanlarından xəbərim yox idi. Bəs suşini tam dəqiqliklə, lazım olduğu kimi hazırlasa restoran maddi cəhətdən zərər görə bilər??

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir