Son dövrlər vətəndaşlar arasında mövcud borcu bağlamaq məqsədilə yenidən borc götürmək tendensiyası geniş yayılıb. Bir çox hallarda bu addım aylıq ödəniş yükünü azaltmaq və ya gecikmələrin qarşısını almaq üçün atılır.
Lakin sual yaranır: borcu bağlamaq üçün borc götürmək maliyyə baxımından rasional həll sayılırmı, yoxsa uzunmüddətli perspektivdə borc yükünü daha da artırır?
Maliyyə eksperti İsmayıl Məmmədov bildirir ki, borcu bağlamaq üçün yenidən borc götürmək (kredit konsolidasiyası) maliyyə aləti kimi nə avtomatik düzgün, nə də avtomatik səhv qərardır. Onun rasional olub-olmaması konkret rəqəmlər, faiz dərəcələri, müddət və borcalanın davranışı ilə müəyyən olunur.

“Avropa Bank Assosiasiyasının 2025-ci il hesabatına görə, yüksək faizli pərakəndə kreditləri (kredit kartı, mikro-kredit, sürətli istehlak krediti) aşağı faizli uzunmüddətli kreditlə birləşdirən borcalanların:
62%-də aylıq gecikmə halları azalıb
48%-də kredit tarixçəsi 12 ay ərzində yaxşılaşıb
27%-də isə ümumi borc yükü 3 il sonra əvvəlkindən daha yüksək olub (yenidən borclanma səbəbindən).
Bu o deməkdir ki, konsolidasiya intizamlı borcalan üçün müsbət, davranışını dəyişməyən borcalan üçün isə risklidir. Bank üçün əsas məqsəd sürətli qazanc deyil, davamlı və riski idarə olunan bir kredit portfeli yaratmaqdır.
Bank sektorunda aparılan daxili müşahidələrə görə (2022–2024):
Konsolidasiya edən müştərilərin təxminən 40%-i, 6–12 ay ərzində yenidən kredit kartı açır, əvvəlki borc səviyyəsinin 20–30%-i həcmində yeni borc yaradır.
Digər 60% isə yeni borc götürmür, aylıq ödənişlərini vaxtında edir, 3 il ərzində borc/gəlir nisbətini orta hesabla 45%-dən 28%-ə endirir.
Borcu bağlamaq üçün borc götürmək yalnız bu üç şərt eyni anda ödənildikdə rasional sayılır:
Faiz real olaraq aşağıdır (ən azı 10–15 faiz bəndi fərq)
Ümumi ödəniş məbləği azalır (yalnız aylıq yox, ümumi məbləğ müqayisə olunur)
Yeni borclanma dayanır (kredit kartları bağlanır, limitlər azaldılır)
Bir sözlə:
Düzgün qurulduqda: maliyyə reabilitasiyasıdır.
Səhv qurulduqda: borc spiralının dərinləşməsidir”.
Tənzilə Ağabalayeva










































































































































































