Azərbaycanda indiyədək cəmi 25 nəfərin atalıq məzuniyyətindən yararlanması bir rəqəm kimi kiçik görünə bilər. Amma bu rəqəm böyük bir düşüncə tərzinin dəyişməyə başladığını göstərir. Çünki uzun illərdir cəmiyyətimizdə atanın övladına baxması “ana üçün kömək” kimi qiymətləndirilib. Sanki uşaq yalnız ananın məsuliyyətidir, ata isə yalnız işdən vaxt tapanda “yardımçı” rolunu oynayır. Halbuki bu yanaşma nə ədalətlidir, nə də reallığı əks etdirir.
Uşaq iki valideynin övladıdır. Onun qayğısı, tərbiyəsi, gecə yuxusuzluqları, ilk günlərin çətinliyi yalnız ananın üzərinə yüklənə bilməz. Atanın övladına baxması fədakarlıq deyil, qəhrəmanlıq deyil, “kömək” də deyil. Bu, onun valideynlik borcudur.
Atalıq məzuniyyəti məhz bu borcun hüquqi və institusional tanınmasıdır. Ata körpəsinin doğulduğu ilk günlərdə ailəsinin yanında olur, ananın fiziki və psixoloji yükünü bölüşür, uşağı ilə bağ qurur. Bu bağ isə sonradan “ata haradaydı?” sualının yaranmaması üçün ən sağlam təməldir.
Amma cəmi 25 nəfər… Bu fakt bir daha göstərir ki, problem təkcə qanunlarda deyil. Problem düşüncələrdədir. Bir çox kişi atalıq məzuniyyəti götürməyi zəiflik, “kişi işinə yaraşmayan” addım kimi görür. Bəzi işəgötürənlər isə bunu hələ də qeyri-ciddi, əlavə yük hesab edir. Halbuki ata məzuniyyəti nə ailəni dağıdır, nə işi yarımçıq qoyur. Əksinə, daha balanslı ailə, daha məsuliyyətli ata, daha sağlam uşaq formalaşdırır.

Bu gün “ata uşağa baxır” cümləsi hələ də bəzən təəccüb doğurursa, deməli yolun başlanğıcındayıq. Amma həmin 25 nəfər artıq bir presedentdir. Onlar göstərir ki, ata olmaq təkcə maddi təminat demək deyil. Ata olmaq, altını dəyişməkdir, gecə oyanmaqdır, ananın tükənmədiyi bir ailə mühiti yaratmaqdır.
Cəmiyyət olaraq bunu qəbul etməliyik ki, ata uşağa baxanda anaya kömək etmir. Öz məsuliyyətini yerinə yetirir. Atalıq məzuniyyəti də bu məsuliyyətin kağız üzərində yox, real həyatda tanınmasıdır.
Leyla Mirzə









































































































































































