bosanma

Boşanmaya cəza təklifi: Problemin həlli, yoxsa yeni problem?

Baxış sayı: 572

Müğənni Eldəniz Məmmədovun “Azərbaycanda boşanmalara görə cəza tətbiq olunmalıdır” təklifi yenidən köhnə bir müzakirəni gündəmə gətirdi. Ailəni necə qorumalıyıq? Statistik rəqəmlər artdıqca emosiyalar da yüksəlir. Boşanmaların çoxalması bir çoxlarını narahat edir və bəziləri çıxış yolunu sərt tədbirlərdə görür.

 

Ailə cəza ilə qoruna bilərmi?

Nikah könüllü qurulan birlikdir. İki insanın razılığı ilə başlayan münasibət, bəzən eyni razılıqla da bitir. Bu, xoş hal deyil. Heç kim ailə qurarkən ayrılığı planlaşdırmır. Amma həyatın reallıqları var. Maddi çətinliklər, xarakter uyğunsuzluğu, xəyanət, psixoloji və ya fiziki zorakılıq… Bəzən boşanma bir ailənin dağılması yox, bir insanın xilas olması deməkdir.

Boşanmanı cəzalandırmaq ideyası ilk baxışdan ailə institutunu müdafiə etmək kimi görünə bilər. Lakin məcburən saxlanılan nikah nə qədər sağlam ola bilər? Qapalı qapılar arxasında davam edən konfliktlər, uşaqların gözləri önündə yaşanan mübahisələr, zorakılıq halları bunlar ailəni qorumaqdırmı, yoxsa sadəcə statistikanı?

Unutmayaq ki, əvvəllər boşanma halları az idi deyə, ailələr daha xoşbəxt deyildi. Sadəcə qadınların iqtisadi asılılığı, sosial qınaq və “el nə deyər?” qorxusu insanları susmağa məcbur edirdi. Bu gün qadınlar daha savadlıdır, daha müstəqildir və zərərli münasibətə dözməyi taleyin hökmü kimi qəbul etmirlər. Bu dəyişimi yalnız mənfi tendensiya kimi təqdim etmək ədalətli olmaz.

Əgər problem boşanmaların artmasıdırsa, səbəbləri araşdırmaq lazımdır. Erkən nikahlar, tələsik qərarlar, psixoloji hazırlığın olmaması, ailə dəyərlərinin formal şəkildə təbliği…

BOSANMA

Bəlkə də nikahdan əvvəl məcburi maarifləndirmə, psixoloji konsultasiyalar, gənc ailələrə sosial dəstək proqramları daha effektiv olar?

Ailə institutunu qorumaq vacibdir. Amma ailə yalnız rəsmi kağız üzərində mövcud olan birlik deyil. Ailə qarşılıqlı hörmət, sevgi və təhlükəsizlik mühitidir. Bu yoxdursa, cəza mexanizmi həmin boşluğu doldura bilməz.

Cəmiyyət olaraq biz statistik rəqəmlərə fokuslanırıq, amma keyfiyyət məsələsini unuduruq. Sağlam olmayan münasibəti süni şəkildə saxlamaq ailəni gücləndirmir. Əksinə, gələcək nəsillərin ailə modelinə inamını sarsıda bilər.

Boşanmalar arzuolunan hal deyil. Amma bəzən zərurətdir.

 

Leyla Mirzə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir