hamilelik bandaj

Azərbaycanda yeniyetmə qızların abort etdirmə səbəbləri AÇIQLANDI

Baxış sayı: 1. 618

Hər bir qadın dünyaya sağlam körpə gətirməyi özünün müqəddəs missiyası hesab edir. Amma çox təəssüf ki, bir çox qadınlar birinci və ya ikinci uşağı dünyaya gətirdikdən sonra növbəti hamiləliyini arzuolunmaz hesab etdiyindən süni yolla (abort etdirməklə) pozdurur. Bunun üçün müxtəlif səbəb və bəhanələr gətirirlər. Maddi problemlər, evsizlik, işsizlik isə göstərilən səbəblər içərisində prioritet təşkil edir. Ailələrin bir çoxu illərlə övlad həsrəti çəkdiyi halda, digərləri yaşamağa bir damları belə, olmadan da hamiləlikdən qorunmaq barədə də düşünmürlər. Nəticədə analar öz övladlarının qatilinə çevrilirlər…

Azərbaycanda abort qadağan olunmasa da, müəyyən məhdudiyyətlər mövcuddur. Amma riayət edən varmı?

“Gencaile.az”-ın məlumatına görə, Modern.az saytının mövzu ilə bağlı suallarını Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, mama-ginekoloq Leyla Məmmədova cavablandırıb:

O, Azərbaycanda abort göstəricisinin digər ölkələrlə müqayisədə yüksək olmadığını bildirib. Postsovet məkanı ölkələrinin əksəriyyəti ilə müqayisədə hər 1000 reproduktiv yaşlı qadına abort göstəricisinin nisbətən aşağı olduğunu deyib:

“Azərbaycanda 2012-ci ildə abortların sayı 31 000, 2013-cü ildə 27 892, 2014-cü ildə isə 27 220 olub. Reproduktiv yaşlı hər 1000 qadına düşən abortların sayı 2012-ci ildə 11,5 , 2013-cü ildə 10,4 təşkil edib.

Rəsmi rəqəmlər son nəticə deyil 

Nəzərə almaq lazımdır ki, rəsmi statistikaya tibb müəssisələrində icra edilən abortlar daxil edilir. Qadınlar apteklərdə reseptsiz satılan dərman preparatlarını qəbul etməklə ev şəraitində də hamiləliklərini pozur və bu da ümumi abort saylarına daxil edilmir. Həmin qadınlar yalnız fəsadlar yarandıqda, qanaxma baş verdikdə tibb müəssisəsinə müraciət edirlər.

Azərbaycan qanunvericiliyinə əsasən, abort heç bir tibbi göstəriş olmadan qadının arzusu ilə hamiləliyin 12-ci həftəsinə qədər həyata keçirilə bilər. Hamiləliyini pozmaq istəyən qadınların böyük əksəriyyəti hamiləliyin 7-8 həftəsinə qədər tibb müəssisələrinə müraciət edirlər. Abort hamiləliyin daha gec dövrlərində müəyyən tibbi göstəriş olduqda həyata keçirilir”.

Mama-ginekoloqun sözlərinə görə, qadınlar hamiləliyin pozulması üçün daha çox 25-29 və 30-34 yaş aralığında tibb müəssisələrinə müraciət edirlər:

“Rəsmi statistikaya əsasən, 2013-cü ildə 27892 abort qeydə alınıb ki, onlardan 8958 halda qadının yaşı 25-29, 7849 halda isə 30-34 arasında olub. Bu yaş qruplarına daxil olan hər 1000 qadına abort göstəricisi müvafiq olaraq 19,4 və 20,0-dır. Ən aşağı göstərici isə yaşı 20-dən aşağı olan qadınlar arasında qeydə alınıb – hər 1000 qadına 3,1”.

18 yaşdan aşağı yeniyetmələr arasında da abort etdirənlər var…

O bildirib ki, rəsmi statistikada yaşı 18-dən aşağı olan yeniyetmələr arasında abort halları da qeydə alınıb: “Lakin vurğulamaq istəyirəm ki, bu göstərici yeniyetmə qızlarımızın hamiləliyi, əxlaqi problemi kimi qələmə verilməməlidir. Bu göstərici yetkinlik yaşına çatmadan ailə quran yeniyetmələr arasında abortların sayıdır. Yəni erkən nikahlardan irəli gələn bir göstəricidir. Yeniyetmə ailə qurur, hamilə qalır, lakin hamiləlik zamanı meydana çıxan fəsadlar hamiləliyi başa çatdırmağa imkan vermir. Bu halda hamiləlik abortla nəticələnir. Yeniyetmə hamiləliyi riskli hamiləlikdir. İnkişafdan qalmış hamiləlik, dölün bətndaxili inkişaf qüsuru, mamalıq ağırlaşmaları bu yaşda daha yüksək tezliklə rast gəlinir.

Əlbəttə, 40-49 yaşlı qadınlar arasında da abort halları qeydə alınır. İllərlə sonsuzluğun müalicəsində köməkçi reproduktiv texnologiyaların tətbiqi gec reproduktiv yaş dövründə olan qadınlara da ana olmaq sevincini yaşatmağa imkan verir. Lakin bu halda da hamiləliyin özbaşına və ya mamalıq ağırlaşmalarının meydana çıxması ilə əlaqəli abortla nəticələnməsi mümkündür”.

Abort etdirən qadınlarla bağlı qanunvericilik nə deyir?

Leyla Məmmədova Azərbaycanda abortlara dair mövcud qanunvericiliyin tələblərini belə izah edib:

“Əgər abort qadının arzusu ilə, yəni heç bir tibbi və ya sosial göstəriş olmadan həyata keçirilirsə, bu əsasən təkrar hamiləlik olur. Abort üçün müraciət edən qadınlar əsasən evdə uşağı olan qadınlardır.

Əgər abort qadının arzusu ilə qanunvericilikdə göstərildiyi kimi, hamiləliyin 12 həftəsinə qədər icra olunursa, bu halda dölün cinsi dəqiq bilinmir. Yəni hamiləliyin erkən dövrlərində həyata keçirilən abort dölün cinsə görə seçimi ilə əlaqəli deyil.

Hamiləliyin ikinci trimestrində aparılan abortlarda isə dölün cinsi mənsubiyyəti aborta göstəriş ola bilməz. Hamiləliyin 12 həftəsindən sonra hamiləliyin pozulması tibbi və ya sosial göstərişlər nəzərə alınmaqla konsiliumun qərarı ilə aparıla bilər”.

Ginekoloq abortların minimuma endirilməsi üçün ən yaxşı vasitə kimi düzgün həyata keçirilən ailə planlanması xidmətinin olduğunu qeyd edib:

“Bu xidmət bütün qadın məsləhətxanalarında mövcuddur. Mama-ginekoloqlar ailə planlanması kabinetlərində qadınlara ailə planlanması üsulları, hər bir üsulun göstərişləri, əks-göstərişləri barədə məlumat verirlər. Bu xidmət hər bir qadın üçün əlçatandır. Bu məsələdə əhalinin maarifləndirilməsi, həmçinin kütləvi informasiya vasitələrinin rolu əvəz edilməzdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir