Pervin bagirova

Telefonun əsirinə çevrilən valideynlər

Baxış sayı: 579

Müasir dövrdə telefonlar həyatınızın ayrılmaz hissəsinə çevrilib. Gündəlik həyatımızı asanlaşdırsa da, bəzən ən dəyərli anlarımızı bizdən alır. Bu gün bir çox ailədə eyni mənzərə təkrarlanır. Uşaq valideynlərinə nəsə demək istəyir, amma valideyn diqqətini telefon ekranından ayıra bilmir. Fiziki olaraq yanında olsa da, zehni olaraq uzaqda olan valideyn anlayışı getdikcə daha çox yayılır. Telefonla məşğul olub uşağını görməzdən gəlmək, əslində tərk edilmənin başa bir formasıdır. Dövrümüzün ən kədərli mənzərəsi oyuncağı olmayan uşaq deyil. Əslində üzücü olan, valideynlərin gözlərini bir ekrana kilitlənmişkən diqqət diləyən uşağın görüntüsüdür. Bu vəziyyət uşaqlara emosional cəhətdən çox ciddi təsir edir.

 

Bu təsir nədən ibarətdir?

Uşaq valideyninin diqqətini qazana bilməyəndə belə düşünür.

” Deməli, mən kifayət qədər önəmli deyiləm.”. Bu düşüncə uşağın özünə hörmətinin aşağı düşməsinə səbəb olur. Valideynlər daim telefona baxanda uşaq emosional olaraq tək hiss edir. Baxmayaraq ki, fiziki olaraq yanında kimsə var. Diqqət görməyən uşaq bunu müxtəlif yollarla tələb etməyə başlayır.

telefon-valideyn

1) Şıltaqlıq edir

2) Ağlayır

3) Aqressiyasını göstərir

4) Sözə baxmır 

Bütün bu davranışlarla uşaq “mənə bax “mesajını ötürür. Uşağın ehtiyac duyduğu şey ən yeni telefon, ən sürətli planşet və ya ekran qarşısında daha çox vaxt keçirmək deyil. Onun həqiqətən ehtiyac duyduğu şey, görüldüyünü və dəyərli olduğunu hiss etməkdir. Onun ehtiyac duyduğu sənin zamanından kiçik bir an, səmimi bir baxışın və həqiqi bir söhbətdir .

Ehtiyatlı olmalısan, çünki bir gün gələcək o, səndən ona baxmağı istəməyəcək. Amma bu müstəqil olduğu üçün baş verməyəcək. Sadəcə o, eşidilməməyə, görünməyə öyrəşib. Çox valideyn bunu qəbul etmək istəməsə də, həqiqət budur. Bu gün uşaqlar artıq valideynlərinin sevgisi uğrunda həmyaşıdları ilə rəqabət aparmırlar .Onlar mobil telefona qarşı qeyri -bərabər bir mübarizə aparırlar .Yeniyetmələrdə isə bu proses daha ciddi şəkildə özünü göstərir. Onlar diqqət görməyəndə reaksiya vermir.

telefon-valideyn-1

1) Daha az danışır 

2) Hisslərini paylaşmır 

3) Tək qalmağa üstünlük verir 

Valideynlərindən laqeyid münasibət görən uşaqlar, yeniyetmələr cəmiyyətdə insanlar arasında, böyüdükdə isə iş həyatında ünsiyyət çətinliyi yaşayırlar. Özlərinə qapanır, fikirlərini ifadə edə bilmirlər. Buna görə də bəzən övladlarınıza  verə biləcəyiniz ən böyük hədiyyə bahalı paltar, böyük  ev, bahalı  oyuncaq deyil. Ona verdiyiniz diqqət və ayırdığınız zamandır. Unutmamalıyıq ki, uşaqlıq qısa, xatirələr isə uzunömürlüdür. Böyüdükdə övladlarımız bizim nə qədər məşğul olduğumuzu yox, onlara nə qədər vaxt ayırdığımızı xatırlayacaqlar. Bəlkə də indi  telfonu bir kənara qoyub sadəcə “səni dinləyirəm ” deməyin vaxtıdır .

 

Psixoloq Pərvin Bağırova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir