9011bc263a95

Aramızda UNO-lar və yadplanetlilər varmı? (VİDEO)

Baxış sayı: 2. 631

Uçan Naməlum Obyektlər (UNO) və yadplanetlilər barədə məlumatlar hələ qədim şumer, hind və Misir yazılı abidələrində yer alıb. Bəzi alimlər Qədim Misirdə 5-6 min əvvəl piramidaların inşası zamanı yadplanetlilərin köməyindən istifadə olunduğunu iddia edirlər. Piramidaların inşasında istifadə edilən daşların hər birinin 2 ton ağırlığında olması, həbelə onların divarlarında astronavt şəkillərinin həkk edilməsi bu qənaətə gəlməyə zəmin yaradır.
Bəzən konus, üçbucaqlı, bumeranq və başqa formalarda da olmasına baxmayaraq, el arasında “uçan boşqab”lar adlandırılan UNO-ların müasir tarixi isə onların “ilk dəfə” 1896-cı ildə ABŞ-da müşahidə edilməsi ilə başlayır. Artıq elm və texnologiyanın yüksək səviyyədə inkişaf etdiyi 21-ci əsrdə yaşamağımıza baxmayaraq, UNO-larla bağlı sirlər hələ də açılmamış qalır. Bu sahəni tədqiq edən, öyrənən elm də mövcuddur-ufologiya.

Yadplanetlilərin son vaxtlar planetimizə, habelə Azərbaycana gəlişlərinin sayının artması insanlarda maraq, eyni zamanda, təşviş doğurduğunu nəzərə alıb ANS PRESS mövzu ilə bağlı Ruhi İntibah, Psixobioenergetika və Teosofiya Mərkəzinin rəhbəri, psixobioenerqoterapevt və sensitiv Fatihə xanımla müsahibə edib.

Fatihə xanım Azərbaycanda UNO-ları və yadplanetliləri tədqiq edən ufologiya elminin çox zəif inkişaf etdiyini qeyd edərək söhbətə başladı: “Vaxtilə bu sahəni bizdə də ciddi şəkildə tədqiq edən güclü ufoloq alimimiz – Fuad Qasımov var idi. Fuad müəllim rəhmətə gedəndən sonra bu sahə ölkəmizdə başsız qaldı. Amma bir çox xarici ölkələrdə ufologiya ilə məşğul olan və fəaliyyəti dövlət tərəfindən dəstəklənən Ufologiya Elmi-Tədqiqat İnstitutları var. Düzdür, orada aparılan araşdırmalar geniş kütlədən gizli saxlanılır. Buna görə də “uçan boşqab” və yadplanetlilərlə bağlı qaranlıq məqamlar hələ də çoxdur”.

Yadplanetlilərin foto və videoları yetərincədir

Psixobioenerqoterapevt Yerdən kənar sivilizasiyaların mövcudluğu haqda fikrin alimlər tərəfindən ilk dəfə 17-ci əsrdə səsləndiyini söylədi: “Məşhur astronom Qaliliey teleskopla Ayda dağ və vadilər görmüşdü. Bu səbəbdən bəziləri belə fərz etdilər ki, orada ay insanları yaşaya bilər. Ümumiyyətlə, qalaktikada milyardlarla ulduz var. Bu isə Yerdən başqa bir məkanda da həyatın mövcudluğunu istisna etmir.
1893-cü ildə isə məşhur ingilis yazıçısı Herbert Uels “Dünyaların müharibəsi” əsərində yazmışdı ki, min il sonra insan təkamülü nəticəsində bozdərili, yekə başlı məxluqa çevriləcək. Bu gün haqqında çox danışılan yadplanetlilər də daha çox bu görkəmdə təsvir edilir. Artıq UNO və yadplanetlilər barədə minlərlə faktlar var. İş adamı Santillinin üzə çıxardığı, 1947-ci ildə lentə alınmış “Superməxfi” filmi şübhə edənlərə ilk güclü zərbə endirdi. Həmin filmdə yadplanetlinin yarılması əks edilib. Artıq çoxsaylı şahid ifadələri var ki, müəmmalı obyektlər müxtəlif zamanlarda irimiqyaslı döyüşlər və ya yeni silah növlərinin sınağı zamanı göy üzündə peyda olublar. Hazırda UNO və yadplanetlərin lentə alındığı foto və videolar yetərincədir. Onların varlığını sübut edən digər dəlillər də var”.

“Şəkilçəkən şüanın” izləri

Sirli şəkildə Böyük Britaniya, ABŞ, Avstriya, Macarıstan və Ukrayna ərazisindəki tarlalarda yaranan həndəsi fiqurlar da böyük maraq doğurur. Müsahibimiz deyir ki, onların ölçüləri və konfiqurasiyaları öz müxtəlifliyi ilə hamını mat qoyur: “Naska səhrasında yadplanetlilərin köməyilə yarandığı deyilən məşhur rəsmləri 2002-ci ildə alman astronomu Rayxe tədqiq edərək bildirdi ki, bu fiqurlar “şəkilçəkən şüanın” izləridir, səhranın özü isə Kainatın riyazi modelinin nəhəng ölçülü coğrafi “rəsmxətt lövhəsi”dir. 2004-cü ildə rus alimi Sitçinin Yerin Nibiru adlı müəmmalı planetlə toqquşacağı və nəticədə faciə olacağı barədə fərziyyəsi alimləri bu qənaətə gətirdi ki, hələ min illər öncə Naskada yadplanetlilər tərəfindən bu təhlükəli situasiyada Yer sakinlərinin hərəkət alqoritmi şifrələnib”.

UNO-lar xəbərdarlıq işarələri qoyur

Fatihə xanım bunu da vurğuladı ki, bəşəriyyətin mövcud olduğu bütün tarix ərzində onun inkişafını müşahidə edən ali şüur Kainatın harmoniyasını pozan insanları düşünülməmiş hərəkətlərdən çəkindirməyə çalışıb: “UNO-lar ən çox ABŞ və Yaponiya ərazisində qeydə alınır. Ən dəhşətli qəzalar və təbii fəlakətlər də daha çox bu ölkələrdə olur. Çox zaman texnogen xarakterli qəzalardan öncə hadisə yerində UNO-lar görünür və onlar orada xəbərdarlıq işarələri qoyurlar. Alimlər müəyyən ediblər ki, hadisə yerində aşkarlanan bu geoqliflər coğrafi koordinatlardan ciddi riyazi asılılığa malikdir. Deməli, həmin işarələrdə insanlara yönəldilmiş gizli məlumat var”.

Yadplanetlilərin Yerə ilk müdaxiləsi

Parapsixoloq diqqətə çatdırdı ki, qədim hind “Veda” və “Pranax” yazılı abidələrində kosmosda insanın yaşaması üçün 14 planetin olduğu qeyd edilib: “Bu abidələrə görə, həmin planetlərdən 7-si yüksək səviyyədə inkişaf edib, Yer isə orta səviyyədə olan sivilizasiya sayılır.

Bəzi mənbələrdə isə yadplanetlilərin Yerə ilk ciddi müdaxiləsinin eraların toqquşmasında, yəni dinozavrların məhv olduğu 65 milyon il bundan əvvəl baş verdiyini göstərilir və bildirilir ki, o zaman onlar Günəş planetar sisteminin köklü şəkildə yenidənqurmasını həyata keçiriblər. Şumer tarixçəsində isə qeyd olunur ki, Sirius bürcündən gələn nefilimlər 7 qadınla əlaqəyə girərək, burada yeni irq yaratdılar”.

Yadplanetlilərin oğurluğu

Abduksiya, yəni yadplanetlilər tərəfindən oğurlanma hallarının artmasını müsahibimiz belə izah etdi: “Onlar öz planetlərinin məhvə doğru gedən sakinlərinin bərpası və həyat mühitinin qorunması üçün genetik material əldə etməyə cəhd edirlər. İngilis tədqiqatçısı Robert Stounun fikrincə də, Yerdəki canlıların bir qismindən hansısa planetin məskunlaşması üçün istifadə edirlər. Bəzən belə abduksiyaların və oğurlanmış insanların müayinəsinin faciəvi sonluqla bitməsi aqressiya ilə deyil, onların və bizim anatomiyamızın, fiziologiyamızın, yaşama mühitimizin köklü şəkildə fərqlənməsilə bağlıdır. Çox zaman abduktantlar, yəni oğurlanmaya məruz qalmış şahidlər reqressiv hipnoz halında başlarına gələnləri bir-birinə oxşar tərzdə nəql edirlər. Şahidlərin çoxu deyir ki, yadplanetlilər onları nəhəng laboratoriyaya bənzəyən şəhərə apararaq, orada bədənlərinə implantantlar yerləşdiriblər. Həmin şəhərdə həmişə gündüzdür, göy üzü boz və ya yaşıl-mavidir, evlər uzunsov, diqqətçəkməyəndir, sakinlər arasında isə idbar və mutantlar az deyil. Orada oğurlanmış və ölümsüzləşmiş Yer sakinləri də yaşayırlar. Onları seks maraqlandırmır. Əsas məşğuliyyətləri qeyri-cismani cilddə müxtəlif dünyalara səyahət etməkdir. Bu sakinlər arasında ruhani substansiyalar – kontakta girən ölü ruhları da var”.

UNO-nun strukturu

Yadplanetlilərin təkcə başqa qalaktikalardan deyil, həm də süni atmosfer və işıqlanmaya malik Yerin boş təkindən gəldiyini iddia edən parapsixoloqun sözlərinə görə, ABŞ alimi Corc Blomberq də Yer kürəsinin özündə bizə paralel sivilizasiyanın olduğunu deyib: “Onun sakinləri başqa zaman ölçüsündə yaşadıqlarından biz onları görə bilmirik. Deyilənə görə, UNO-ların Everestdə qərargahları da var.

ABŞ-ın indiyədək 120-dən çox UNO-nu ələ keçirdiyi deyilir. 2009-cu ildə Xəzərə düşən “boşqab” isə Rusiyaya verilib. Qəzaya uğramış UNO-ların tədqiqi müəyyən etmişdir ki, onların hazırlandığı material Mendeleyev cədvəlinə daxil olan bütün elementləri özündə birləşdirən mürəkkəb kimyəvi tərkibə malikdir. Korpusun materialı çox davamlıdır və ancaq almazın təsirilə cızılır. UNO-nun daxilindəki bir çox avadanlıqlardakı kremniy maqnitləşdirilib, bunu isə Yer şəraitində həyata keçirmək mümkün deyil. Onların bəzilərinin ölçüsü bir neçə santimetrdən onlarla metrə kimi olur. Bort kompüterinin işləmə mexanizmini aça bilməyiblər. UNO-lar bir neçə telepatik enmə konstruksiyasına malikdirlər, adətən, iki enən trap və 2-6 antiqravitasiya və reaktiv xarakterli mühərrik qurğusu – bu da onlara qeyri-adi manevretmə qabiliyyəti verir. UNO mühərrikləri işləmək üçün neytrino-şüalarından istifadə edir ki, bu da insan sağlamlığı üçün çox təhlükəlidir”.

UNO-lar Xəzərdən enerji götürür

Deyilənlərə görə, 20-ci əsrin ortalarında ABŞ prezidenti Eyzenhauer Orion bürcündən gələn məxluqlarla görüşərək müqavilə bağlayıb. Həmin müqaviləyə əsasən UNO müəyyən sayda insanları aparıb, onlar üzərində təcrübə keçirib yenidən geri qaytarmalı idi. ABŞ isə müasir texnologiyalar əldə etməliydi. Amma onlar bizim bu texnologiyalardan pis məqsədlərlə istifadə etməmizdən ehtiyatlanıblar.

Vaxtilə SSRİ-nin Dövlət Təhlükəsizliyi Komitəsi də yadplanetlilərin tədqiqi ilə məşğul olub. Fatihə xanım bu yaxınlarda Rusiya xüsusi xidmət orqanları DTK-nın UNO ilə bağlı bir sıra sənədlərin açıqladığını deyir: “Bu sənədlərə görə, UNO MDB ərazisində də tez-tez müşahidə edilib: “UNO bazalarının Azərbaycanda da mərkəzi var – Xəzər dənizinin dibində, dağda və meşə massivlərində. Xəzərin müxtəlif tektonik dərinliyində olan çox böyük enerji resurslarından mənbə kimi, yəni Yerə uçuşlar zamanı enerjidoldurma məntəqəsi kimi istifadə edirlər.

UNO-nun Yerə hücumu isə KİV nümayəndələrinin yalanıdır. Amma yadplanetlilər arasında da “yolunu azanlar” olur. Bu, özünü xüsusilə onların insanlarla zor gücünə seksual əlaqəyə girmələrində göstərir”.

Dinin UNO barədə mövqeyi

Psixobioenerqoterapevt dinin UNO barədə mövqeyinə belə aydınlıq gətirdi: “Xristianlar UNO-nu və yadplanetliləri iblisanə qüvvələrin müdaxiləsi hesab edirlər. Bəzi İslam alimləri isə onların cinlərlə bağlı olduğunu deyir. Amma UNO-nun və yadplanetlilərin şər qüvvələrə aidiyyatı yoxdur. Sadəcə, bəzi ekstrasenslər və insanlar yadplanetlilərlə onların cildinə girmiş cinləri səhv salırlar. Düzdür, onlar arasında da xoş niyyətli olmayanlar var. Amma belələri çox azdır. Əksər yadplanetlilərin bura gəlişinin məqsədi onların bizə kömək etməsi, inkişaf səviyyəmizlə maraqlanmaları ilə bağlıdır. Amma bizim inkişaf onların xoşlarına gəlmir. Son günlər KIV-də NASA-nın kosmik observatoriyasının fotolarında yadplanetlilərin kosmik gəmisinin Günəşə yaxın bir nöqtədə yerləşməsi görünür. Amma həqiqətdə bu, nadir təbiət hadisəsidir və günəş, maqnit tornadosu tunelinə girişdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir