yuxu

Yuxusuzluqdan əziyyət çəkirsinizsə, mütləq oxuyun!

Baxış sayı: 1. 754
Yay fəslinin özü ilə bərabər gətirdiyi problemlərdən biri də yuxusuzluqdur. Bir tərəfdən havanın isti olması, digər tərəfdən ağcaqanad və sair həşəratların normal yuxunuza qənim kəsilməsi sizi günlərlə yuxusuz qoya bilər.
Əgər yuxusuzluqdan əziyyət çəkirsinizsə, aşağıdakı şərtlərə əməl etməklə bu problemi həll edə bilərsiniz. Çünki, narahat və fasilələrlə keçən yuxu səhər sizə istirahət deyil, əksinə, yorğunluq kimi qayıda bilər. Bu isə günlük iş rejiminizə mane olar.
Araşdırmalara görə, qış aylarında doqquz saata çatan orta yuxu müddəti yay aylarında yeddi saata qədər azalır. Bu baxımdan, fasiləsiz yuxu üçün bir neçə şərtə əməl etməlisiniz.

Yuxu saatlarına və müddətinə dəqiq riayət edin

Bioritminizə uyğun saatlarda yatmaq və qalxmaq, keyfiyyətli bir yuxunun ilk şərtidir. Bu səbəbdən də yuxunuz gəldiyində yatmağa və oyanmaq lazım olan saatda qalxmağa diqqət göstərin və mütəmadi olaraq, eyni yuxu rejiminə riayət edin. Bu, sizin asanlıqla yatmanıza və səhərlər gümrah şəkildə oyanmanıza səbəb olacaq.

Otaq temperaturunu müəyyənləşdirin

Keyfiyyətli bir yuxu üçün otaq temperaturu 18-22 dərəcə arasında olmalıdır. Səssiz işləyən bir kondisioner, otağınızı sərinlədərək, daha rahat yatmanızı təmin edə bilər. Həmçinin pəncərələr açılmadığı üçün otağınızda səs-küy, ağcaqanad, toz problemi də olmayacaq.

Yatağınız və yastığınız rahat olmalıdır

Yatağınızın yay-qış mövsümünə uyğun iki tərəfi varsa, yay üzünü istifadə edin. Yataq mələfələriniz təri hopduran, yəni pambıq materialdan olmalıdır. Köhnəlmiş yataqda yatmaq da yuxunun keyfiyyətinə mənfi təsir edir. Buna görə də yatağınızın ortası çuxurlaşıbsa və ya möhkəmliyini itiribsə, onu yeniləyin.

Yataq otağında televizor olmamalıdır

Gecə yuxunuza mane olduğu üçün yataq otağınızda televizor izləməyin və kompüterdən istifadə etməyin. Yatmazdan əvvəl zehininizi yormayan bir kitab oxumaq, yuxuya getməyinizi daha çox asanlaşdırar.

Otağı havalandırın

Yatmazdan öncə otağınızı havalandırın. Havanın təmiz olduğu otaqda yuxuya getmək daha asan olacaq.

Gün ərzində bol-bol su için

Yuxusuz gecələrə son vermək üçün yay fəslində gün ərzində üç litrə yaxın maye qəbul etmək lazımdır. Bu mayenin çox hissəsini yatmazdan 1-2 saat əvvəl qəbul etmək daha yaxşıdır ki, yatarkən su ehtiyacınız olmasın.

Ağır yemək yeməyin

Axşam saatlarında həddindən artıq yemək mədəni narahat edərək, keyfiyyətli yuxuya mane olur. Bu səbəbdən də yüngül, tez həzm olunan qidalardan istifadə edin. Yatmazdan 1-2 saat öncə yemək yeməyə son verin.

İlıq duş alın

Yatmadan əvvəl ilıq bir duş qəbul etmək rahat yuxu üçün çox faydalıdır. İlıq su beyni rahatlaşdırıb, bədən istiliyini azaldır ki, bu da rahat yatmanıza kömək edər. Suyun temperaturunun çox isti, ya da çox soyuq olmamasına diqqət edin. Çox isti və ya soyuq su beyni aktivləşdirdiyindən yuxuya getməyi çətinləşdirir.

Spirtli içki qəbul etməyin

Alkoqol qəbul etmək yuxusuzluq yaradır. Buna görə də spirtli içki içərkən normadan artığa qaçmayın və yatmazdan iki saat əvvəl içməyə son verin. Yuxu rejimini pozan, yuxuya getməyi çətinləşdirən kafein tərkibli çay, qəhvə və s. içkiləri axşam saatlarında həddindən artıq miqdarda qəbul etməyin.

Ağır məşq etməyin

Yüngül gəzinti və üzmək normal yuxu üçün faydalıdır. Lakin, əksinə ağır məşqlər sinir sistemini oyatdığı üçün yuxusuzluğa səbəb olur. Bu səbəbdən də yuxu vaxtınızdan ən azı 3 saat əvvəl ağır idman məşqlərini yekunlaşdırın.

Siqaret çəkməyin

Siqaret da yuxu keyfiyyətini pozan önəmli faktorlardandır.

Kökəlməyin

Şişman insanlarda daha çox rast gəlinən yuxuda nəfəs çatışmazlığı probleminiz varsa, o zaman çəkinizi qorumağa diqqət edin və kökəlməyin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir