Tunzale Feyziyeva

Estetik prosedurlarda gizli təhlükə: Sertifikatsız məhsullar ciddi fəsad yarada bilər

Baxış sayı: 530

Ölkədə botoks etdirən xanımların sağlamlığı ilə bağlı sosial mediada müxtəlif paylaşımlar edilir. Adlarının açıqlanmasını istəməyən bəzi şəxslər botoks prosedurundan sonra özlərində mənfi dəyişikliklər müşahidə etdiklərini bildirirlər.

Onlar ayaqlarda tutulma, udqunma və çeynəmə zamanı çətinlik çəkdiklərini bildiriblər. Bəs bu qədər sağlamlıq riski ilə üz-üzə qalan insanlar niyə belə prosedurlara müraciət edirlər?

Botoks prosedurundan sonra əzələ zəifliyi, udma çətinliyi və görmə problemləri kimi ciddi fəsadların yaranması mümkündürmü və belə hallarda pasiyent nə etməlidir?

Bu barədə danışan dermotoloq Tünzalə Feyziyeva bildirir ki, maliyyə cəhətdən aşağı olan məhsullardan şübhələnmək lazımdır: “Botoks proseduru mütəxəssis tərəfindən düzgün texnologiya ilə düzgün seçilmiş preparatdan istifadə olunanda təbii ki, həm müalicəvi, həm də estetik cəhətdən normal prosedur sayılır.

Ancaq sertifikasiyası alınmayan, tərkibi bəlli olmayan və ölkədə təsdiq olunmamış preparatlardan istifadə olunduqda, qeyri-mütəxəssislər tərəfindən düzgün olmayan texnika ilə vurulanda təbii ki, ciddi fəsadlar baş verə bilər.

Bəzən insanlarımız bu cür estetik prosedurlara “ucuzdur” deyə qaçırlar. Ancaq maliyyə cəhətdən aşağı olan məhsullardan şübhələnmək lazımdır. Eyni zamanda ölkədə sertifikatlaşdırılmış məhsullardan, Səhiyyə Nazirliyi tərəfindən təsdiqini tapmış məhsullardan istifadə olunması çox önəmlidir.

Təbii ki, bu tipli ziyanlı məhsullardan istifadə olunan zaman bu cür yan təsirlərin olması da mümkündür. Qarşımıza çıxan eşitdiyimiz, gördüyümüz hadisələrdən bilirik ki, pasiyentlər çox narazılıq edirlər. Hətta ağır hallarda reanimasiyalıq olurlar. Udma aktının pozulması, görmə zəifliyi, əzələ zəifliyi, eyni zamanda sinir sistemində ciddi fəsadların qalması da baş verə bilər”.

Tünzalə Feyziyevanın sözlərinə görə, dermatoloqlar eyni zamanda estetik prosedurlarla da məşğul olmalıdırlar: “Birinci növbədə əgər pasiyent belə bir halla qarşılaşıbsa, mütləq proseduru edən həkimlə əlaqə saxlamalıdır. Həkim olmayan insan bu cür prosedurları edərkən müxtəlif səhvlərə yol verə bilər. Qeydiyyatdan keçməmiş preparatlardan istifadə edə bilərlər.

Belə hallarda da bu cür fəsadların olması gözlənilə biləcək haldır. Əgər bu hallar baş veribsə, mütləq xəstəxana şəraitində professional tərəfindən müalicə almalıdırlar. Ya nevroloq, ya da ağır hallarda reanimasiya şəraitində pasiyentin müalicəsi davam etdirilməlidir. Zərurət yarandıqda isə sonrakı mərhələlərdə fizioterapevtik prosedurlar vasitəsilə əzələ zəifliyi və digər pozuntuları aradan qaldırmaq mümkündür. Lakin bu proses, təbii ki, müəyyən zaman alır. Bu hallarla qarşılaşmamaq üçün ən vacib məqam insanlarımızın qəbul etməli olduğu prosedurların dermatoloqlar tərəfindən icra olunmasıdır.

İnsanlar birdəfəlik qəbul etməlidirlər ki, bu tip prosedurları məhz dermatoloq həkimlər icra etməlidirlər. Dermatoloqlar eyni zamanda estetik prosedurlarla da məşğul olmalıdırlar”.

Tünzalə Feyziyeva əlavə edib: “istifadə olunan preparatların düzgün seçilməsi vacibdir. Ölkədə Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş və sertifikatlaşdırılmış prosedurlar həyata keçirilməlidir. Bu zaman istifadə olunan məhsulun tərkibi və keyfiyyəti barədə məlumat əldə etmək mümkündür.

İnsanların getdikləri həkimdən və ya mütəxəssisdən istifadə olunan məhsulla bağlı sənədləri tələb etmək hüququ var. Onlar preparatın sertifikatını, adını, qablaşdırmasını və sair məlumatları araşdıraraq, kifayət qədər məlumat əldə etdikdən sonra proseduru icra etdirə bilərlər”.

 

Günel Həsənova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir