MASIN

Avtomobil nəhənglərini iflasa sürükləyən 5 model

Baxış sayı: 540

Avtomobil sənayesində bəzi modellər istehsalçılarını zirvəyə yüksəltsə də, digərləri böyük investisiyaların itirilməsinə və hətta məşhur markaların fəaliyyətini dayandırmasına səbəb olub. Yüksək istehsal xərcləri, uğursuz dizayn, bazara yanlış zamanda çıxış və digər amillər bəzi avtomobilləri sənaye tarixinin ən uğursuz layihələrinə çevirib.

Siyahıya daxil edilən beş model təkcə satış uğursuzluğu ilə deyil, həm də aid olduqları şirkətlərin maliyyə vəziyyətinə ciddi zərbə vurması ilə yadda qalıb.

 

“Edsel Ranger” və “Edsel Corsair”

“Ford” 1950-ci illərin sonunda “General Motors” ilə rəqabət aparmaq məqsədilə “Edsel” markasını yaratdı və “Ranger” və “Corsair” modellərini bazara çıxardı. Layihəyə bugünkü məzənnə ilə 3 milyard dollardan çox vəsait xərcləndi.

Lakin avtomobillərin ABŞ iqtisadiyyatındakı durğunluq dövründə satışa çıxarılması, yüksək qiymətləri və dizaynının istehlakçılar tərəfindən bəyənilməməsi layihənin uğursuzluqla nəticələnməsinə səbəb oldu. “Edsel” markası istehsala başladıqdan cəmi üç il sonra – 1960-cı ildə fəaliyyətini dayandırdı.

 

“DeLorean DMC-12”

“Gələcəyə dönüş” filmi sayəsində məşhurlaşan “DeLorean DMC-12” istehsalçı şirkəti maliyyə böhranından xilas edə bilmədi.

1981-ci ildə bazara çıxarılan model istehsal keyfiyyətindəki problemlər və qiymətinin nəzərdə tutulan 12 min dollardan 25 min dollardan yuxarı qalxması səbəbindən gözlənilən satış göstəricilərinə çata bilmədi. Şirkətin təsisçisi Con Deloreanın narkotik ittihamı ilə həbs olunması da, sonradan bəraət almasına baxmayaraq, markanın nüfuzuna ciddi zərbə vurdu.

 

“Tucker 48”

1948-ci ildə “Tucker Corporation” tərəfindən istehsal edilən “Tucker 48” aerodinamik quruluşu, 166 at gücündə mühərriki və üçüncü ön fənəri ilə dövrü üçün innovativ avtomobil hesab olunurdu.

Buna baxmayaraq, şirkətin təsisçisi Preston Taker barəsində başladılan maliyyə fırıldağı istintaqı markanın nüfuzunu sarsıtdı. O, sonradan bəraət qazansa da, şirkət fəaliyyətini davam etdirə bilmədi. Modeldən cəmi 51 ədəd istehsal olunub və bu avtomobillər hazırda hərraclarda milyonlarla dollara satılır.

 

“Studebaker Avanti”

Əvvəlcə at arabaları, daha sonra isə hərbi yük avtomobilləri istehsal edən “Studebaker” 1960-cı illərdə ciddi maliyyə çətinlikləri ilə üzləşdi.

Şirkəti xilas etmək məqsədilə gənclərə yönəlmiş fiberglas kuzovlu “Avanti” modeli təqdim olundu. Lakin material tədarükündə yaranan gecikmələr sifarişlərin ləğvinə və şirkətin maliyyə ehtiyatlarının tükənməsinə səbəb oldu. “Ford Mustang” və “Chevrolet Camaro” modellərinin bazara çıxması ilə rəqabət daha da gücləndi və “Studebaker” 1966-cı ildə avtomobil istehsalını dayandırdı.

 

“Pontiac Aztek”

“Pontiac” markası gənc və aktiv sürücüləri hədəfləyərək “Aztek” modelini təqdim etsə də, qeyri-adi ön hissə dizaynı və görünüşü həm mütəxəssislər, həm də alıcılar tərəfindən kəskin tənqid olundu.

3,4 litrlik V6 mühərrikinin performansı da gözləntiləri doğrultmadı. Model sonradan “Breaking Bad” serialındakı görünüşü ilə populyarlıq qazansa da, bu, markanın taleyini dəyişmədi. “Pontiac” 2010-cu ildə “General Motors”un restrukturizasiya proqramı çərçivəsində tamamilə bağlandı.

 

Paşa Məmmədli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir