oyun

ROBLOX uşaqları hansı təhlükələrlə üz-üzə qoyur? - XƏBƏRDARLIQ

Baxış sayı: 526

Son illərdə uşaqlar və yeniyetmələr arasın. da geniş yayılan onlayn oyun platformaları valideynlərin diqqət mərkəzindədir. Bu platformalar əyləncə və sosial ünsiyyət imkanı yaratmaqla yanaşı, kibertəhlükəsizlik və psixoloji baxımdan müəyyən risklər də daşıyır. Xüsusilə Roblox kimi istifadəçilərin bir-biri ilə ünsiyyət qurduğu və virtual iqtisadiyyatın mövcud olduğu platformalarda uşaqlar müxtəlif dələduzluq üsullarının hədəfinə çevrilə bilirlər.

Mütəxəssislər bildirirlər ki, uşaqların rəqəmsal savadlılığının aşağı olması bu riskləri daha da artırır. Bəs Roblox uşaqlar üçün hansı təhlükələri yaradır və valideynlər nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı danışan İT mütəxəssisi Elvin Abbasov bildirir ki, Roblox-da uşaqlar üçün əsas təhlükələr hesabların ələ keçirilməsi, virtual əşyaların oğurlanması və uyğun olmayan məzmunlarla qarşılaşmaqdır.

Onun sözlərinə görə, dələduzlar uşaqların etibarından istifadə edərək müxtəlif üsullara əl atırlar:

“Dələduzlar adətən oyun daxilində özlərini inzibatçı, məşhur yutuber və ya təcrübəli oyunçu kimi təqdim edərək uşaqların inamını qazanırlar. Nadir oyun əşyalarının mübadiləsi, saxta yarışmalar və oyunda üstünlük verən xüsusi proqramların təklif edilməsi ən çox istifadə olunan üsullardandır”.

Ekspert qeyd edib ki, uşaqların tanımadığı şəxslərlə yazışması da ciddi təhlükə yarada bilər. Belə şəxslər sosial mühəndislik üsullarından istifadə etməklə uşaqlardan ad, soyad, yaş, məktəb, ünvan və valideynlərin telefon nömrəsi kimi məlumatları əldə etməyə çalışa bilərlər.

Elvin Abbasovun sözlərinə görə, bəzi hallarda uşaqlar Roblox-dan kənar platformalara, məsələn, Discord və Telegram kimi tətbiqlərə keçməyə təşviq edilir. Bu isə dələduzların platformanın daxili təhlükəsizlik mexanizmlərindən kənarda uşaqlarla əlaqə saxlamasına imkan yaradır.

“Pulsuz Robux” və hədiyyə vədləri ilə göndərilən linklərə də xüsusi diqqət yetirilməlidir. Ekspert bildirir ki, belə keçidlər istifadəçini Roblox-un rəsmi giriş səhifəsinə bənzəyən saxta saytlara yönləndirə bilər. Uşaq həmin səhifədə istifadəçi adı və şifrəsini daxil etdikdə isə hesab məlumatları dələduzların əlinə keçə bilər.

Elvin Abbasov valideynlərə uşaqların hesablarında təhlükəsizlik və məxfilik parametrlərindən istifadə etməyi tövsiyə edib. Onun sözlərinə görə, valideyn nəzarəti funksiyalarından istifadə, çat və mesajlaşmanın məhdudlaşdırılması, iki mərhələli doğrulamanın aktivləşdirilməsi və ödənişlərə limit qoyulması mümkün risklərin azaldılmasına kömək edə bilər.

Psixoloq Fərqanə Mehmanqızı isə məsələnin yalnız kibertəhlükəsizliklə məhdudlaşmadığını, uşağın oyuna həddindən artıq bağlanmasının psixoloji səbəblərinin də araşdırılmalı olduğunu deyib.

Psixoloqun sözlərinə görə, uşaqların təhlükəli onlayn məzmunlara yönəlməsinin səbəblərindən biri valideyn nəzarətinin zəif olmasıdır. Digər mühüm amil isə uşağın ailədə kifayət qədər diqqət və özünü təsdiq imkanı əldə edə bilməməsidir.

“Əgər uşaq ailə daxilində bir şəxsiyyət kimi qəbul olunmursa, hərəkətləri təqdir edilmirsə, o, özünü başqa platformalarda təsdiqləməyə çalışır. Oyunlarda qələbə hissinin yaşanması uşağın həmin mühitə daha çox bağlanmasına səbəb ola bilər”.

Fərqanə Mehmanqızı bildirir ki, oyun zamanı uğursuzluqlar və məğlubiyyətlər artdıqda, artıq asılılıq formalaşıbsa, bu, uşağın xarakterinə, həyat tərzinə, təhsilinə və ailə ilə münasibətlərinə mənfi təsir göstərə bilər.

Psixoloq hesab edir ki, valideynlər uşağa münasibətdə balansı qorumalıdırlar. Həddindən artıq təzyiq və tənqid qədər, uşağın tamamilə nəzarətsiz buraxılması da arzuolunmazdır.
Onun fikrincə, uşaqların enerjisini sağlam istiqamətə yönəltmək də vacibdir. İdman, şahmat, müxtəlif dərnəklər və yarışlar uşağın həm sosial, həm də psixoloji inkişafına müsbət təsir göstərə bilər.

Psixoloq valideynlərə uşağın istifadə etdiyi telefon, planşet və kompüterə də nəzarət etməyi tövsiyə edir:

“Valideynlər hansı proqramların yükləndiyini, uşağın sosial şəbəkələrdə və oyun platformalarında kimlərlə əlaqədə olduğunu bilməlidirlər. ‘Bu, sadəcə oyundur’ deyib məsələyə laqeyd yanaşmaq olmaz”.

Mütəxəssislərin fikrincə, əsas məsələ uşağın internetdən və oyunlardan tamamilə uzaqlaşdırılması deyil, onun rəqəmsal təhlükələr barədə maarifləndirilməsi və valideyn nəzarətinin düzgün qurulmasıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir