idman

Təngnəfəslik hansı xəstəliklərin əlaməti ola bilər?

Baxış sayı: 1. 951

Böyüklər 1 dəqiqə ərzində orta hesabla 16-18 nəfəsalma hərəkəti edir (1 nəfəsalma hərəkəti = 1 nəfəs alma + 1 nəfəs vermə). İdmançılarda bu daha az, uşaqlarda daha çox olur.

Sağlam insan sakit vəziyyətdə nəfəsalmasına fikir vermir. Fiziki gərginlik (idman, fiziki iş və s.) və həmçinin stress zamanı orqanizmin oksigenə olan təlabatı artır, beyin bu haqda məlumat alır və nəfəsalmanın tempini artırmağa əmr verir. Bu vəziyyətdə insan nəfəsalmasını hiss etməyə başlayır. Buna “fizioloji təngnəfəslik” deyilir. Lakin bu sağlam insanda güclü diskomfort yaratmır və insan sakitləşdikdə və ya fiziki gərginlik azaldıqda nəfəsalma tez bir zamanda normaya düşür. Daim idman və ya bədən tərbiyəsi ilə məşğul olan, aktiv insanlarda idmanla məşğul olmayan, passiv insanlarla müqayisədə eyni fiziki gərginlik zamanı təngnəfəslik daha az olur və nəfəsalma daha tez sabitləşir.

Əgər təngnəfəslik yüngül fiziki gərginlik (adi tempdə yerimə, hər hansı adi ev işləri zamanı) və hətta sakit vəziyyətdə, gecə yuxu zamanı inkişaf edirsə, bu patoloji haldır və buna ciddi fikir vermək lazımdır. Belə patoloji təngnəfəslik bir çox ağır xəstəliklərinin və pozulmalarının simptomu ola bilər.

Patoloji təngnəfəsliyin səbəbləri:

– Anemiya (qanazlığı)

– Nəfəsalma sistemi xəstəlikləri (vərəm, bronxial astma, bronxit, ağ ciyər emfizeması, xroniki obstruktiv ağ ciyər xəstəliyi, ağ ciyər xərçəngi və s.)

– Ürək-damar sistemi xəstəlikləri (ürəyin işemik xəstəliyi, kardiopatiyalar, ürəyin qüsurları, xroniki ürək çatışmazlığı və s.)

– Piylənmə

– Tireotoksikoz (qalxanvari vəzinin fəaliyyətinin artması)

– Şəkərli diabet

– Skolioz, döş fəqərələrinin qüsurları, Bexterev xəstəliyi. Bu xəstəliklər zamanı döş qəfəsinin forması dəyişilir ki, bu da nəfəsalmanı çətinləşdirir.

– Nevroz

Əgər adi fiziki aktivlik sizdə təngnəfəsliyə səbəb olursa və ya təngnəfəslik sizdə “səbəbsiz” inkişaf edirsə, mütləq həkimə müraciət edin. İlk növbədə terapevtin müayinəsindən keçin. Nəticələrdən asılı olaraq terapevt sizi digər mütəxəssislərin (kardioloq, pulmonoloq, nevropatoloq və s.) müayinələrinə göndərə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir