Xəbər verildiyi kimi, bu il iyunun 1-dən Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər məcburi tibbi müayinədən keçməlidirlər. Səhiyyə Nazirliyi bildirir ki, ailə qurmağa hazırlaşan gənclər hemoqlobinopatiyalar (böyük betatalassemiya, aralıq betatalassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya), İİV-QİÇS, sifilis xəstəlikləri üzrə tibbi müayinədən keçməlidir.
Bununla bağlı tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçirilib. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılıb.
Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, həmin tarixdən indiyə qədər 33412 nəfər tibbi müayinədən keçib. Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov “azvision.az”a bildirib ki, tibbi müayinə nəticəsində nikaha daxil olmaq istəyən bəzi gənclərdə QİÇS və sifilis xəstəliyi aşkarlanıb. Tibbi müayinədən keçən 7 gəncdə isə talassemiya olduğundan onlara evlənməmək tövsiyə olunub. Lakin onlardan heç biri evlənməkdən imtina etməyiblər.
Baş hematoloq bildirib ki, evlənmək istəyən gənclərdə hər hansı xəstəlik çıxanda onlara məsləhət verilir: “Əgər cütlüyün birində talassemiya aşkar olunursa, heç bir problem olmur. Lakin hər iki nəfərdə talessemiya daşıyıcısı varsa, deməli, onların uşaqları da talassemiya daşıyıcısı ola bilər. Onlara məsləhət verilir ki, mütləq hamiləlik olan kimi Hemotologiya və Transfiziologiya İnstitutuna müraciət etsinlər və orada bütün məsələlər həll olunsun”.
Ç.Əsədovun dediyinə görə, evlənməyə hazırlaşan 135 nəfərdə müəyyən xəstəliklər aşkar olunub. “Çox az sayda gəncdə QİÇS və sifilis xəstəliyi aşkar olunub. Həmin gənclər haqqında məlumat SPİD Mərkəzinə gedir və onlar ora yönəldilirlər. İnanmıram ki, həmin cütlüklərdən kimsə evlənməkdə israr etsin. Çünki hamı indi başa düşür ki, evlənsələr, həmin xəstəliyi bir-birinə yoluxduracaqlar”.
QİÇS-ə yoluxmuş insanların nikaha daxil olmasının əleyhinə olduğunu deyən Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov “Ekspress”ə bildirib ki, bu xəstəlik aşkarlanan insanlara mərkəz olaraq xəbərdarlıq olunur: “Elə insanlar var ki, razı olmur, elələri də var ki, ailə qurmağa israr edirlər. Biz onları nikahdan imtina etməyə məcbur edə bilmərik. İnsan azaddır, istədiyini edə bilər. Lakin biz QİÇS-ə yoluxmuş insana xəbərdarlıq imzalatdırıq ki, bu xəstəliyə kimisə yoluxdurarsa, cinayət məsuliyyətinə cəlb olunacaq və həbs olunacaq. Əgər kimsə şikayət etsə ki, “məni filankəs QİÇS-ə yoluxdurub” və bu, təsdiq olunsa, yoluxduran insan həbs olunur. Bu, artıq cinayət məsuliyyətidir və QİÇS-ə yoluxmuş insan 1 nəfəri bu infeksiyaya yoluxdurubsa, 2 ildən 3 ilə qədər, iki və daha artıq insanı yoluxdurubsa, 8 ilə qədər həbs oluna bilər”.
Zülfüqarov onu da bildirib ki, əgər yoluxmuş şəxs dərmanlarını vaxtında qəbul edərsə, digərinə infeksiyanı yoluxdurmaya bilər: “Və ya QİÇS infeksiyası olan şəxslər hamiləlik vaxtı gəlib bizə müraciət etsələr, müalicələr nəticəsində sağlam uşaq dünyaya gətirə bilərlər”.
Müsahibimizin sözlərinə görə, QİÇS elə bir infeksiyadır ki, heç bir klinik əlaməti olmadan illərlə orqanizmdə ola bilər: “Bu infeksiyanın vaxtında aşkarlanması müsbət haldır. Ən azından infeksiyanın digərinə keçməsinin qarşısını alırıq. Yoluxmuş insanın həyatına davam etməyə kömək edir, xəstəliyin ağır mərhələyə keçməyinin qarşısını alırıq”.
O qeyd edib ki, QİÇS-lə Mübarizə Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərindən biri əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir: “Çünki bu infeksiya birbaşa davranışlarla əlaqəli olan xəstəlikdir. Bu infeksiyanın əsas üç yayılma yolu var: Cinsi yolla, qan vasitəsilə və anadan uşağa”.
Zülfüqarovun dediyinə görə, Avropa ölklərinə nisbətən bizdə qoruyuculardan az istifadə edirlər: “Cinsi əlaqə zamanı qoruyuculardan istifadə vacibdir. Bununla bağlı da gənclər arasında maarifləndirmə işləri aparılır. Bu infeksiya narkomanlar arasında eyni şprisdən istifadə vasitəsilə də yayılır”.
Qeyd edək ki, “Nikah haqqında” qanunun qəbulu ölkədə yayılmaqda olan QİÇS, hemofiliya və talassemiya kimi təhlükəli, genetik xəstəliklərin qarşısını almağa yönəlsə də, bu xəstəlik daşıyıcılarının nikaha daxil olması qanunla qadağan deyil. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də “modern.az”a bildirib ki, qanun xəstəlik səbəbindən insanların nikaha daxil olmasını qadağan etmir, bu, şəxslərin ixtiyarına verilir: “Bu tədbirin üstün cəhəti xəstəlikləri barədə tərəflərin məlumatlı olmasıdır”.
Onun fikrincə, əslində xəstəlik aşkarlanan şəxslər müalicə üçün bir müddət nikahlarını təxirə salsalar, daha yaxşı olar: “Gələcəkdə belə hallar olarsa, nikahı bir müddət ertələmək və ya müəyyən qoruyucu tədbirlər həyata keçirməklə yarana biləcək problemin qarşısını ala bilərlər”.
M.Quliyev “QİÇS kimi təhlükəli xəstəlik daşıyıcısının nikaha daxil olması doğrudurmu” sualına cavab olaraq deyib ki, bu, onların seçimidir: “Şəxs bunu gizlətmirsə və qarşı tərəf də bunu qəbul edirsə, bu, normaldır. Qanunda qeyd edilir ki, xəstəlik daşıyıcısı tərəf müqabilini məlumatlandırmadığı təqdirdə cinayət məsuliyyəti daşıyır. Bu insanların seçimidir. Heç kimin xəstəliyə görə insanları diskriminasiyaya qoymağa haqqı yoxdur”.
Qeyd edək ki, bu gün İİV problemi bir nömrəli problemə çevrilib. Çox qısa bir zamanda QİÇS xəstəliyi xərçəng və ürək-damar xəstəliyini ikinci plana keçirib.
QİÇS-li xəstələrdə və eləcə də virusdaşıyıcılarda bu xəstəliyin virusları ən çox qanda, spermada, beyindaxili likvorda olur. Orqanizmdə olan digər maye və ifrazatlarda, o cümlədən də ağız suyunda, göz yaşlarında, vaginal sekret mayesində HlV-viruslar çox az rast gəlinir. İmmun sistemin virus mənşəli infeksion xəstəliyi olan QİÇS immun sistemin tam depressiyasına, şərti-patogen (məsələn, pnevmosist pnevmoniya) infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da ölümlə nəticələnirlər. QİÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində var və böyük sürətlə də artmaqda davam edir.
Aynurə Məmmədova