1111

Masturbasiya: zərərli vərdiş, gənclik dostu, yoxsa ən doğma həzz? – ARAŞDIRMA

Baxış sayı: 5. 991

Masturbasiya cinsi davranışların xəyal edilərək, zehində yaşanması, əllə və ya hər hansı cisimlə orqazmın təmin edilməsidir.

Masturbasiya ilə daha çox gənclər, yeniyetmələr məşğul olurlar. Amerikalı seksopatoloq Alfred Kinseyin fikrincə, kişilərin hamısı, qadınların isə ¾-ü həyatlarının müəyyən dövründə masturbasiya ilə məşğul olub.

Orta əsrlərdə masturbasiya etmək pis və qanundan kənar hərəkət hesab edilirdi. Bəzi ölkələrdə masturbasiya edənlərə ölüm cəzası belə verilirdi. Bu vəziyyət uzun illər davam edib. Amma maraqlısı budur ki, o dövrlərdə Çin, Hindistan Kamasutra, Tao və Tantra kimi  cinsi fəlsəfələrlə cinsi əlaqəni pik həddinə kimi yaşayırdılar. O dövrdə hələ Avropada  sevişmə sənəti o qədər də inkişaf etməmişdi.

Masturbasiya bütün cəmiyyətlərdə qəbul edilməsə də, hamı ömrünün müəyyən dövründə onunla məşğul olur. Masturbasiya uşaqlar yeni doğulandan formalaşmağa başlayır. Yeni dünyaya gəlmiş körpələr əllərinin və ağızlarının funksiyalarını öyrəndikləri zaman eyni funksiyaları genital orqanları ilə də öyrənirlər. Ümumiyyətlə, yaşyarımlıq qız və oğlan uşaqları öz bədənlərini tanımağa başlayır və kiçik cinsi hisslər yaşayırlar.

Fikir vermisinizsə, uşaq böyüdükcə ata-ana, digər uşaqlar və heyvanların cinsi orqanlarına  maraq göstərirlər. Bu maraq uşaqlarda öz orqanlarını digər uşaqlara göstərmək və ya özünün və digər uşaqların cinsi orqanlarını oxşamağa qədər inkişaf edə bilər. Uşaqlarda 3-6 yaş arası cinsi fəallıq dövrü başlayır, yəni bu dövrdə uşaqların masturbasiya etməsi normaldır və valideynlər buna diqqətlə yanaşmalıdır.

Həkim-seksopatoloq Kamil Bəxşiyevin sözlərinə görə, valideynlərin bu dövrdə uşaqlara sərt təzyiqlər göstərməsi gələcək dövrlərdə oğlanlarda erkən boşalma, sərtləşmə problemi, qızlarda isə vaginizm, cinsi istəksizlik kimi problemlərə səbəb ola bilər.

Masturbasiya insanın bütün həyatı boyu davam edir. Yeniyetmələrdə “blu” çağında seks hormonlarının artması ilə cinsi xəbərdarlıqlar, cinsi maraqlar və masturbasiya da artır.

Həkim bildirir ki, uşaq və yeniyetmə masturbasiyası arasında böyük fərq var. Yəni uşaqlar özlərini zamanla tanımaları üçün (yəni bu, təbiidir), yeniyetmələr isə seksual fantaziyalara qapılaraq masturbasiya edirlər. Uşaqlar və yeniyetmələr yatan zaman da masturbasiya ilə məşğul ola bilərlər. Bu, onların orqanizminə zərərli deyil: “Masturbasiya qızlıq pərdəsinə zərər vermir. Yəni vaginaya hər hansı bir cisim daxil edilmirsə, masturbasiya qızlıq pərdəsinə zərər vermir. Amma görünür, bu təhlükəni nəzərə aldıqları üçün qızlar çox zaman klitoral masturbasiya ilə məşğul olur”.

Müsahibimiz deyir ki, bəzən normal cinsi həyatı olan insanlar da masturbasiya edirlər. Bu, real cinsi əlaqənin zəif olmasından irəli gəlir. Yəni kişi və ya qadın birlikdə olduqları halda tərəflərdən birinin seksual gücü zəif olursa, digər tərəf masturbasiya ilə məşğul olur. Çünki o, yaşadığı cinsi əlaqədən doyumsuz qalır və cinsi tələbatını masturbasiya ilə ödəyir.

Yəni qadınlar və kişilər öz cinsi tələblərini ödəmək üçün masturbasiya edə bilərlər və bunun sağlamlığa heç bir zərəri yoxdur.

Bəzən insanlar düşünür ki, masturbasiya ruhi çatışmazlığa, cinsi gücün azalmasına, sonsuzluğa, iqtidarsızlığa gətirib çıxarır. Bəzi insanlar isə masturbasiyanı əxlaqsızlıq kimi qiymətləndirirlər. Bütün bu fikirlərin tibbi və elmi heç bir əhəmiyyəti yoxdur: “Çoxları düşünür ki, masturbasiya əl və ya yad cisimlərlə həyata keçirilən cinsi əlaqədir. Amma adi sürtünmə də masturbasiya sayılır və qeyd edim ki, bununla da hamilə qalmaq mümkündür.  Masturbasiya edən qadın bakirə olsa belə, kişidən xarici genital bölgəyə boşalan sperma daxilə gedib, döllənə bilər. Təbii ki, burada cüzi riskdən söhbət gedir”.

Mütəxəssislərin fikrincə, masturbasiya depressiyanı aradan qaldırır, insanın özünə olan inamını artırır. Həmçinin masturbasiya kişilərdə prostat xərçənginin yaranmasının qarşısını alır.

Qeyd edək ki, 2003-cü ildə avstraliyalı seksopatoloq Giles müəyyən etmişdir ki, 20  yaşından həftədə 5 dəfə masturbasiya edən kişilərdə prostat xərçəngi riski çox cüzi olur. Çünki uzun müddət cinsi əlaqədən uzaq qalmaq xərçəng yaradan virusların xaric edilməməsinə səbəb olur. Mütəxəssislər gündə bir dəfə orqazm yaşamağın insanı sağlamlaşdırdığı qənaətindədir.

Masturbasiya haqqında fikirlər müxtəlifdir. Bəziləri bunun əqli zəifliyə səbəb olmasına,  insanın normal cinsi hisslərinin zəifləməsinə, cinsi əlaqədən uzaq qalmağa çalışmasına səbəb olduğunu düşünür.

Psixoloq Aydın Əfəndiyev hesab edir ki, masturbasiya cinsi hisslərin çoxluğundan irəli gəlir və bu, insanın sağlamlığına zərər verəcək həddə çatmırsa, məşğul olmaq olar: “Bəzi insanlar var ki, normal cinsi partnyorları olduğu halda masturbasiya ilə məşğul olurlar və cinsi əlaqədən çox masturbasiyadan həzz alırlar. Bax, bu insanın müalicə almasına ehtiyac var. Amma bununla seksoloqlar məşğul olur. Masturbasiya edən insanların cüzi hissəsinin psixoloji problemi olur. Yəni masturbasiyanın ruhi çatışmazlıqla əlaqəsi yoxdur. Belə insanlarda ancaq bioloji problem ola bilər və o problemi də həkimlər müəyyən dərman vasitələri ilə müalicə edərək aradan qaldıra bilərlər”.

Psixoloq masturbasiya edən insanların daha çox erotik yuxular gördüyünü də qeyd etdi.   Belə ki, cinsi doyumsuzluq yaşayan, masturbasiya ilə bu doyumsuzluğu ödəyən şəxslər yuxularında da masturbasiya edir və ya erotik yuxular görürlər. Erotik yuxuları daha çox ehtiraslı insanlar görür. Bunun da ruhi problemlə heç bir əlaqəsi yoxdur.

Seksual ehtiyac insanın suya, yeməyə, havaya duyduğu ehtiyac qədər önəmlidir. İnsan yemək yemədən, su içmədən az yaşadığı kimi seksual ehtiyaclarını da təmin etmədən sağlam yaşaya bilməz. Seksual hisslərin ödənməməsi əsəb, stress, depressiya, halsızlıq, yuxusuzluq və s. bu kimi problemlərin yaranmasına səbəb olur. Seksual həyatı qaydasında olan insanlar daha çox və sağlam yaşayırlar. Odur ki, bu hisslərin masturbasiya və ya  normal cinsi əlaqə ilə ödənilməsi fərq etmir. Hər kəs həyatını istədiyi kimi yaşamalıdır…   (lent.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir