Yuxu insan orqanizminin normal fəaliyyəti üçün olduqca vacibdir.
İnsan həyatının 1/3 hissəsini yuxuda keçirir. Uşaqlar üçün normal yuxu xüsusilə vacibdir. El arasında deyirlər ki, “uşağın boyu yuxuda uzanır”. Bu həqiqətdir. Məhz yuxu zamanı uşaqlarda xüsusi boyatma hormonu istehsal olunur.
Yuxu zamanı biz gün ərzində istifadə etdiyimiz psixiki və fiziki ehtiyatlarımızı bərpa edirik. Bu səbəbdən insan nə qədər çox işləyirsə, bir o qədər də çox yatmalıdır. Yaşlı insanlarda yuxuya olan təlabat azalır. Bu səbəbdən onlar cavan insanlarla müqayisədə daha az yatırlar.
Normal tamdəyərli yuxudan sonra insan özünü gümrah, dincəlmiş hiss edir. Lakin bəzən insan yuxudan oyandıqda əksinə özünü yorğun, halsız hiss edir. Bunun səbəbi yuxunun normal, sağlam olmamasıdır. Bu hal uzun müddət ərzində davam etdikdə insanın həm fiziki, həm psixiki sağlamlığına ciddi zərbə vurur.
Əgər insan yuxudan tez-tez oyanırsa, yuxuya çətinliklə gedirsə, yuxusuzluqdan əziyyət çəkirsə, bu onun orqanizminin bərpasına mane olur. Belə pozulmaların səbəbi insanda olan hər hansı xəstəlik və ya pozulma ola bilər.
– Pis yuxunun əsas səbəblərindən biri sinir sistemi pozulmaları və xəstəlikləridir – depressiya, nevroz, psixiki pozulmalar, beyinin silkələnməsi, beyin infeksiyaları. Belə insanlar çətinliklə yuxuya gedir, gecə tez-tez oyanır, bəzən gecənin ortasında oyanır və sonra yuxuya gedə bilmir. Belə pozulmalar zamanı mütləq həkimə müraciət etmək lazımdır.
– Yuxu pozulmasının digər yayılmış səbəbi – yuxuda xoruldamaqdır. Yuxuda güclü xoruldayan insanda yuxu zamanı nəfəsalmanın müvəqqəti dayanması baş verir. Bu zaman beyin impuls göndərir və insan dərhal oyanır və sonra yenə yuxuya gedir. İnsan bunu hətta hiss etməyə bilər. Nəfəsalamın dayanması gecə ərzində dəfələrlə baş verir. Nəticədə insan pis yatır, özünü daim yorğun hiss edir, tez-tez baş ağrılarından əziyyət çəkir, əsəbi olur, onun yaddaşı və diqqəti zəifləyir.
Tibdə bu pozulma “yuxunun obstruktiv apnoe sindromu” adlandırılır.
Nəfəsalmanın müvəqqəti dayanması insanın orqanizmi üçün izsiz keçmir. Bu zaman insan orqanizmi oksigenin çatışmazlığından (hipoksiya) əziyyət çəkməyə başlayır. Oksigenin çatışmazlığı ilk növbədə ürəyə və beyinə çox mənfi təsir edir. Bu orqanların fəaliyyəti üçün xüsusilə çox oksigen tələb olunur. Məhz bu səbəbdən belə insanları gecə saatlarında ürək tutmaları narahat edir. Həmçinin bu insanlarda gecə saatlarında insult və infarkt kimi ağır pozulmalar inkişaf edə bilər.
Kişilərdə apnoe potensiyanın və cinsi meylin zəiflənməsinə səbəb olur, hətta impotensiyanın inkişafına gətirib çıxarda bilər.
Bəzi ağır hallarda yuxunun obstruktiv apnoe sindromu hətta insanın yuxuda ani ölümünə səbəb ola bilər. Yuxunun obstruktiv apnoe sindromu mütləq müalicə olunmalıdır.
– Ürək xəstəlikləri olan insanlar adətən pis yatır, gecə saatlarında tez-tez oyanır, sonra yuxuya gedə bilmir. Ürək tutmaları, infarkt və insult kimi ağır pozulmalar bir çox hallarda məhz gecə saatlarında baş verir.
– Yuxu zamanı mədə şirəsinin ifrazı dəyişilir ki, bunun nəticəsində xora xəstəliyi olan insanlarda ağrılar başlaya bilər. Bu ağrılar güclü olur və, təbii ki, insanı yuxudan oyadır, yuxuya getməyə imkan vermir. Bu çox ciddi xəstəlikdir. Müalicəsiz buraxılmış xora mədə xərçənginin inkiaşfına təkan verə bilər.
– Prostat vəzi xəstəlikləri zamanı kişilər gecə saatlarında tez-tez sidik ifraz etmək üçün oyanır. Bu çox ciddi simptomdur, mütləq uroloqa müraciət etmək lazımdır.
– Qalvanvari vəzi xəstəliyi olan tireotoksikoz zamanı insanlarda yuxu pozulmaları, yuxusuzluq olur.
– Şəkərli diabet xəstəliyi zamanı insanlar gecə saatlarında tez-tez sidik ifraz etmək üçün oyanır və həmçinin onları gecə güclü susuzluq narahat edir.