Ailə həyatı qurmazdan əvvəl hər bir fərd psixoloji cəhətdən buna hazır olmalıdır. Ailənin hər bir fərdi-kişi və qadın bir-birinə uyğunlaşmağa, fikirlərinə hörmətlə yanaşmağa çalışırlar. Ən azından bu məsuliyyəti özlərində dərk edirlər.
Təəssüf ki, hər bir ailədə bu, belə deyil. Ailədə müəyyən səbəblərdən dolayı-diqqət və qayğının göstərilməməsi, sevgi, hörmət hissinin aşılanmaması, uşaqların düzgün tərbiyə olunmaması, maddi və mənəvi tələbatların ödənilməməsi fərdlər arasında anlaşılmazlıq yaradır. Bu saydıqlarım azmış kimi, ailəyə kənar amillərin də rolu öz tesirini göstərir. Məsələn: qayınata-qayınananın( bu, hər kəsə şamil olunmur), qohum-əqrabaların ailənin hər xırda probleminə müdaxilə etmələri, kişi və qadının iş şəraitində rastlaşdıqları çətinlikləri bir-birilərinə yansıtması onlar arasında qəlbən uzaq məsafələrə, soyuqluq yaranmasına səbəb olur.. Ve boşanmalara kimi getirib çıxarır.
Müasir dövrdə gənc ailələr yeni həyata başlamazdan əvvəl bir-birlərinə qulağa xoş səslənən vədlər verirlər, sanki bu dövrdə insan ömrünün ən xoş günlərini yaşayır. Hər iki tərəfin gözlədiyi anlayış, hörmət, sevgi, sədaqət hisləri bu dövrdə asanlıqla verilir. Lakin ailə həyatı qurduqdan sonra vəziyyət bir qədər mürəkkəbləşir. Maddiyat problemi, müəyyən anlaşılmazlıqlar, xəyanət, sağlamlıq problemi bu kimi hallar özünü göstərir. Ailədə rast gəlinən problemlərdən biri də qısqanclıqdır. Və bunun ailəyə böyük təsiri var. İlk növbədə qısqanclığın həddən artığı bir-birinə güvənsizlik deməkdir və qarşı tərəf bunu qəbul etməyə bilər. Bir sözlə, ailə həyatı qurmamışdan öncə gözlədiklərinlə ailə həyatı qurduqdan sonrakı reallıqlar bir-birinin əksi olur. Bu zaman ailənin bütövlüyünü qorumaq üçün kişi və qadının özünəməxsus vəzifələri olur. İlk növbədə qadın həyat yoldaşı çətin vəziyyətdə olduğu zaman ona özünü yalnız hiss elətdirməməli, hər dəfə ona dəstək olacaq ifadələr işlətməli, ruhən onu motivasiya etməlidir.. Kişi isə öz növbəsində qadının hislərini anlamalı, fikirlərinə hörmətlə yanaşmalı, onların emosional bir varlıq olduğunu nəzərə almalıdır. Hər iki tərəfdə empatiya hissi güclü olmalıdır.
Ümumiyyətlə, ailədə bu kimi halların baş verməməsi üçün hər iki tərəf müəyyən müddət ərzində bir-birini düzgün tanımalı, münasibətdə yalan olmamalı, onu olduğu kimi qəbul etməlidir.. Və ən əsası da ailə sevgi üzərində qurulmalıdır. O səbəbdən ki, hər hansı bir çətinliklə rastlaşan zaman məhz o sevgi həmin çətinliyi aradan qaldırmağa kömək edir, qarşı tərəfin qüsurlarını bağışlayır.. və getdikcə bu sevgi qarşılıqlı hörmətə çevrilir..
Sevginin olması vacibdir.. Yuxarıda da qeyd elədiyim kimi. Bu fikrimlə də yəqin ki, çoxları mənimlə razılaşar. Amma ailə başçısı ailəsinin maddi tələbatlarını ödəyə bilmirsə, bir müddət sonra bu sevgi öz əhəmiyyətini itirəcək, ailədə müəyyən konfliktlər yaradacaq, onların psixologiyasında dərin izlər qoyacaq. Dediyim odur ki, sevgi və maddiyyat qarşılıqlı şəkildə olsa o ailədə problemlər də, söz-söhbət də az olar.. Və həmin ailə ideal ailə kimi hesab olunar. Burada böyüyən uşaqlar da düzgün tərbiyə olunacaq, sağlam fikirli, gələcəyi parlaq, cəmiyyət içərisində öz mövqeyini bilən biri kimi formalaşacaq.
Ailə elə bir mühitdir ki, burada tək heç nəyə nail olmaq mümkün deyil. Hər iki
tərəf bu məsuliyyəti öz çiyinlərinə götürübsə əgər, bunu sona kimi davam etdirmək onların borcudur, kiçik problemdə belə ailəni dağıtmaq, bu ağır işi bir nəfərin çiyinlərinə yükləmək, onu yalnız qoymaq gələcək nəsillərin də düzgün formalaşmamasına təsir edir.. Necə deyərlər, AİLƏ BİRLİKDİR, AİLƏ KİÇİK CƏMİYYƏTDİR..
Bahar Primova